Beynəlxalq Bankın daha bir reytinqi endirilib

Bu, bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqidir

Source:


Bu, bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqidir

“Moody’s” Azərbaycan Beynəlxalq Bankının daha bir reytinqini endirib.

Azərbaycan Beynəlxalq Bankının xarici valyutada yüksək təminatsız kredit reytinqi “Caa3” səviyyəsindədir.

Bu barədə “Moody’s” reytinq agentliyi məlumat yayıb.

Bildirilir ki, “Moody’s” bankın xarici və yerli valyutada uzunmüddətli depozit reytinqini “B1” səviyyəsindən “Caa2” səviyyəsinə endirib.

Depozit reytinqinin aşağı salınmasını agentlik bu cür izah edib:

“Bundan öncə hökumətin banka maliyyə yardımının mümkünlüyü “çox yüksək” səviyyədə qiymətləndirirdiksə, hal-hazırda bunu “yüksək” kimi qiymətləndiririk. Hökumət və bankın birgə açıqlamasında restrukturizasiya prosesinin fiziki şəxslərin əmanətlərinə və korporativ depozitlərə təsir etməyəcəyi bəyan olunub”.

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Xalid Əhədov mayın 23-də Londonda bankın xarici kreditorları ilə keçirilmiş görüşdən dərhal sonra əvvəlcə “Fitch”, ardınca bu gün “Moody’s” beynəlxalq reytinq agentliyinin ABB-nin reytinqlərini aşağı salmasına bir daha münasibət bildirib.

Bankın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, X.Əhədov deyib ki, bank rəhbərliyi tərəfindən əvvəlcədən də bəyan edildiyi kimi bu addım gözlənilən idi:

“Restrukturizasiya prosesi keçən bank üçün bu, normal bir qərardır. Beynəlxalq reytinq agentlikləri öz ənənəvi standartlarına və praktikalarına əsaslanaraq ABB-nin reytinqlərini müvəqqəti aşağı saldılar. Bu hal qısamüddətlidir. Bankın maliyyə mövqeləri gücləndikcə beynəlxalq agentliklər öz qərarlarına yenidən baxaraq bankın reytinqlərini yenidən yüksəldəcəklər”.

Sədr vurğulayıb ki, bu qərarların bankın fəaliyyətinə hər hansı təsiri yoxdur. ABB bütün bank əməliyyatlarını, müştərilərə xidməti normal qaydada davam etdirir.

Onun sözlərinə görə, bankın xarici öhdəliklərinin restrukturizasiyası ABB-nin müştərilərinin və tərəfdaşlarının maraqlarına uyğundur. Bu proses bankın Azərbaycanda və xaricdə yenidən güclənməsini, maliyyə mövqelərinin möhkəmlənməsini təmin edəcək.

Ana səhifəXəbərlərBeynəlxalq Bankın daha bir reytinqi endirilib