Beynəlxalq Bank və şabalıdı it…

Və birdən anlayıram, bizim bir-birimizi çəkməyə gücümüz qalmayıbmış

Source: Meydan TV


Və birdən anlayıram, bizim bir-birimizi çəkməyə gücümüz qalmayıbmış

Fikir vermişəm, havaxt özündən Amerika açmadan dilinin ucundakıları birbaşa yazırsan, hər kəs maraqla oxuyur, hətta hərdən özün də hayıl-mayıl olursan. Elə ki, həmin hisslərdən yazı düzəltməyə başlayırsan, onda şirəsi çəkilmiş məhsula dönür. İntəhası standart ölçüdə göz oxşayacaq qədər səliqəli. Üslüb, məntiq, hətta məna da var. Sadəcə azadlıq yoxdur. O azadlığı özün çərçivəyə salmısan ki, guya hər şey qaydasında olsun.

Ötən həftə küçədə yaşadığım nəmli duyğuları evə çatar-çatmaz birbaşa “Facebook” səhifəmə tökdüm. Yuxarıda sadalanan qaydaları vecimə almadan. Gözlərimi yumruğumla silərəkbaşladım və sonda o yumruğun açılıb saçlarımda gəzdiyini gördüm, eynən anamın düyünlü barmaqları kimi. Nə gizlədim, yazının necə həssaslıq və sevgi ilə qarşılandığını görüb, birtəhər oldum. Kaş özümə gələndən sonra məqalə edəydim deyə. Dərhal da etsəydim, bunun artıq o yazı olmayacağını anladım.


***

Yolumun üstündəki Beynəlxalq Bankla üzbəüz səkidə oturub xəyala dalmış böyük bir itdən xırda bir hekayət idi. Mən marketdən sosiska alana qədər ordan uzaqlaşan, heç cür çağıra bilmədiyim heyvana çatmaq üçün göstərdiyim çabaları təsvir etmişdim. Acından sınıxmış heyvanın son qəpiklərə alınmış o sosiskanı tamarzı olduğu üçün deyil, sanki ona çatmaq üçün haldan-hala düşən mənim xətrimə götürdüyünü çatdırmaq istəmişdim. Və deyəsən bacarmışdım. Çünki onun yerində bir az əvvəlki özümü görürdüm…

“O itin yerində özümü görmək” kifayət qədər ağır ifadədir. Amma olanı budursa, gerçəklərdən niyə qaçaq? Ona görəmi ki, qohumlar bizə görə xəcalət çəkərlər, qonşular salamımızı gec alarlar, bir sözlə cəmiyyətin gözündən düşərik? Az şey deyil əlbəttə, daha keçilməz dəyərlər olmasaydı. O dəyərləri qazanmaq və yaşatmaq üçün içimizdə adidən aliyə qədər çox istəklər öldürmüşük. Ki, bu gün, məsələn, belə azad sətirlər yaza bilək:

…“Bu arada bir maşın saxlayır, qırx qəpiyi unudub otururam, itə çatmağa başqa yolum da qalmayıb. Sürücü uşaq bizim köhnə nəsildən Nərgizin oğlu imiş. Güclə tanıdım. Polis şöbəsinin yanında itə çatıram. Uşağın hədəfdən xəbəri yoxdu. Qəfil saxladıb düşürəm. Sosiskanı iki bölüb itə verirəm. Dərhal yemir, hündür boyunu əyib bir az baxandan sonra ağzına götürür. Baxışlar adamın ürəyinə işləyir. Arıqlamış böyük gövdəsi, özünü tox tutması sıradan biri olmadığından soraq verir. Əlimi şabalıdı kürəyinə çəkirəm. Sızıldayan ayaqlarımı uzadıb yanındaca, xəzəllərin üstündə oturmaq keçir ürəyimdən. Amma getməliyəm. Nərgizin oğlunu da yolladım getdi. Əlimi uzatsam neçə maşın saxlamaz ki… Amma hər kəsin büdcəsi var. O xalturşiklərin də.

İti polisin yanında qoyub gedirəm. Çörək verən olmasa da, incitməzlər yəqin. Arxaya baxmamağa çalışsam da, hiss eləyirəm gəlişini. Evə apara bilmərəm, çünki heç özümün o “JEK” köşələrində nə qədər qalacağımı bilmirəm. Bəs neyləyim? Qapıda qoya da bilmərəm. Həyəcandan əllərim tərləyir. Birdən, gəlsin, deyirəm, bərabər gedək. Onsuz da bu ölkədə nə onun it kimi it olmağı var, nə mənim adam kimi adam… Çatmasını gözləmək üçün qətiyyətlə dönəndə görürəm oralardan ağır-ağır uzaqlaşır.

Və birdən anlayıram, bizim bir-birimizi çəkməyə gücümüz qalmayıbmış. Bu gerçəyi öz heyvan fəhmi ilə o məndən əvvəl duyub yəqin… ”

(Mətnə düzəliş edilməyib)


P.s.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədrinin xalqdan və dövlətdən oğurladığı milli gəlirlər hesabına Londonda həyat sürən xanımının əcnəbi itinin yalnız aylıq yemək və aksesuar xərcləri 3200 manat imiş! İt kim ki, sıradan azərbaycanlı ailəsinin xəyal belə edə bilmədiyi bir məbləğ… Özüm ən sadə rəqəm götürdüm. Ölkəni çalıb-talayan oliqarx-məmur zümrə üçün sayəmizdə çoxdan adiləşmiş həyat tərzidir. Bayaq mən deyəndə ki, “o itin yerində özümü görürəm”, (Londondakının yox əlbəttə) bunun nəyi ağır olsun ki? Əksinə, çox normaldır. “İt ol, bəxtin olsun” demirdimi atalarımız? Amma boynunun bahalı zənciri əlilin-zəlilin haqqından hörülmüş o dustaq it bəlkə heç bəxtəvər deyil. Bizim əzabkeş qəhrəmanımız isə bütün ehtiyac və acılarına rəğmən “beş manatlıq killerə” tuş gələnəcən heç olmasa azad gəzib dolanacaq.

Bu ölkədə hər canlının özünə görə “killeri” var. Tanınmış yazar Elnur Astanbəyli demişkən, “ədalət olmayan yerdə bütün ölümlər qətldir”…

Ana səhifəMənim FikrimcəBeynəlxalq Bank və şabalıdı it…