Nazirlər Kabineti

Source: Meydan TV

Caption: Nazirlər Kabineti

“Baş nazir işinin öhdəsindən gələ bilirsə, yeni Şuraya nə ehtiyac var?”

Article was updated on :  11 September 2020

İqtisadçı: “Şura o zaman effektiv olar ki, orda fəqli fikir söyləyənlər də olsun"

İqtisadi Şuranın ilk iclası keçirilib. İclasa Baş nazir Əli Əsədov sədrlik edib. O bildirib ki, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməlidir:

"İnvestisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır".

Baş nazir bildirib ki, hazırda qarşıda bir neçə əsas vəzifələr durur. Bunlar:

  • makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
  • iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
  • daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
  • xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
  • qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
  • investisiya mühitinin radikal yaxşılaşdırılması;
  • ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
  • sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir.

Baş nazir deyib ki, iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün işə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilərlər.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanın idarəedici sistemi çalışmır, iqtisadi, siyasi idarəetmə istiqamətləri tükənib. Bunun yolu hər gün bir “şuranın” yaradılmasından keçmir. Həmin yol yeni ictimai saziş, yeni Konstitusiya, yeni iradəetmə modelidir:

"Köhnə model ancaq baha neftə arxalanırdı, ancaq neftin 100 dollar olduğu vəziyyətə uyğun idi. Bütün problemlərin pulla basdırılmasına, loyallığın pulla alınmasına hesablanmışdı".

İqtisadçı deyir ki, artıq o dövr bitib, köhnə sistem dağılıb. Yenisi isə yarana bilmir, çünki yeni münasibətlər köhnə qaydalar üzərinə inşa edilə bilməz:

"Prezident 2016-ci ildə “Maliyyə Şurası” yaratmışdı, növbəti mənasız qurum cəmi 4 il yaşadı. Heç bir sənəd, proqram, vizion ortalığa qoya bilmədi. İlham Əliyev dünən “Maliyyə Şurasını” ləğv etdi, yerinə “İqtisadi Şura” yaratdı – növbəti qeyri-rasional addımdı. Həmin şuranın tərkibi Nazirlər Kabinetinin üzvlərindən və Prezident Administrasiyasının işçilərindən ibarətdir - əslində bu qərar həm də onun etirafıdır ki, ölkədə ikili idarəetmə modeli iflasa uğrayib. Sərt vertikala söykənən Prezident üsul-idarəsində Nazirlər Kabineti lazımsız və mənasız quruma çevrilib".

Natiq Cəfərli deyir ki, belə olan halda iki yol var: Ya Nazirlər Kabineti ləğv edilir, əsl Prezident Respublikasına keçid olur, ya da tam tərsi, Prezident Administrasiyası dəftərxanaya çevrilir, gündəlik rutin dəftərxana işini görür, Nazirlər Kabineti isə güclənir Parlamentdən çıxır, ölkədə sosial-iqtisadi məsələlər Nazirlər Kabinetinin, xarici siyasət, təhlükəsizlik isə Prezidentin səlahiyyətlərində qalır:

Natiq Cəfərli

Natiq Cəfərli

Source: Meydan TV

"Prezident Nazirlər Kabinetinin qərarlarından narazı qalsa, qərara veto qoyub Parlamentə göndərə bilər. Əgər ard-ardına eyni məsələ ilə bağlı 3 dəfə belə hadisə baş verirsə, parlament buraxılır və yeni seçkilər keçirilir".

Natiq Cəfərli deyir ki, əks halda eyni adamlarla müxtəlif “şurada” təmsil olunmaqla ölkənin qarşısında duran ağır iqtisadi problemlər həll olunmayacaq. Çünki yeni İqtisadi Şuranın rəhbəri elə Baş nazirdir:

"Yaxşı, o, öz işinin öhdəsindən Baş nazir kimi gələ bilirsə, yeni şuraya nə ehtiyac var?! Bu “pararlel” strukturlar idarəetməni çətinləşdirir, hətta problemləri daha da dərinləşdirir. Qısası, yeni ictimai saziş, yeni konstitusiya artıq şərtdir. Şuralarla bu iş olmayacaq, onsuz da 100 ildir ki, Şura Hökumətinin qalıqlarından, o məntiqdən qurtula bilmirik. 100 ildir adında “şura” olan hansısa qurumdan məmləkətə xeyir gəlməyib".

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu isə deyir ki, Prezident daha öncə iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması ilə bağlı Maliyyə Sabitliyi Şurasını yaratmışdı. İndi yeni fərman imzalayıb və həmin fərmanla bundan sonra Maliyyə Sabitliyi Şurası İqtisadi Şura adlanacaq:

"Sadəcə əvvəlkindən fərqli olaraq indiki şuranın təkibinə Əmək və əhalinin sosial müdafiəsi naziri də daxil edilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılmış Maliyyə Sabitliyi Şurasının Əsasnaməsi 1 ildən sonra 31 iyul 2017-ci ildə təsdiq olunub. Bundan sonra Maliyyə Sabitliyi Şurasının bir neçə dəfə iclası keçirilib. Prezident fərmanında göstərilirdi ki, şura tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yaradıla bilər. Amma bu istiqamətdə heç bir addım atılmadı".

Qubad İbadoğlu

Qubad İbadoğlu

Source: Meydan TV

İqtisadçı deyir ki, əslində belə şura yalnız hökumət üzvlərindən ibarət olmalı deyil. Bu şura o zaman effektiv olar ki, orda fəqli fikir söyləyənlər də olsun:

"Odur ki, şuranın adı deyil, tərkibi zənginləşməli və alternativ mövqelərə malik olan müstəqil mütəxəssislər oraya cəlb edilməlidir".

İqtisadi Şura Prezident İlham Əliyevin fərmanı ilə yaradılıb. Şuranın üzvləri prezidentin köməkçiləri - Şahmar Mövsümov və Natiq Əmirov, Birinci vitse-prezidentinin köməkçiləri - Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədovdur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  11 September 2020
Featured in:  
Shortlink:   http://mtv.re/qsq0k1

Most Viewed