Bakıda qanunsuz parkinqlər: Vergidən yayınma yoxsa, prezident səviyyəsində qohumbazlıq?

Sürücülərə qiymətsiz qəbz verilir

Source:

Şakir Bayramov 5 ildir ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində maşınlara nəzarət edir. Hər səhər saat 8-də işə gəlib, axşam 9-da evinə yollanır. Qışın sazağında, yayın istisində küçədə dayanmağın müqabilində ayda cəmi 325 manat maaş alır. Deyir ki, bu, işsiz qalmaqdan yaxşıdır:

“Bir də görürsən, sürücü pul vermək istəmir, deyir ki, pul istəyirsənsə, əvəzində qəbz ver. Aparatlar aylardır işləmir deyə mən də elə adamlardan pul ala bilmirəm. 325 manat maaşla ailə saxlamaq olmur. Amma bu yaşda başqa nə işləyə bilərəm ki? O gün biri də hansısa jurnalistə müsahibə vermişdi, səhəri işdən çıxartdılar. Ondan sonra bizə tapşırıldı ki, sizdən maaşla, ya da ödənişlə bağlı nəsə soruşsalar, heç nə deməyin”.

Bakıdakı parkinqlərdə bəzi hallarda sürücülərə verilən qəbzlər
Bakıdakı parkinqlərdə bəzi hallarda sürücülərə verilən qəbzlər

Şakir Bayramov rəsmi olaraq “İsgəndər ASA Parkinq” MMC-nin nəzarətçisidir. Amma aylıq maaşını Bakı Şəhər İcra Hakimiyyətinin ona təqdim etdiyi kartla alır.

Şirkətdən ona bildiriblər ki, yaxın vaxtlarda maaşı, iş formasını da İsgəndər ASA Holdinqdən alacaq.

O, işlərinin tezlikdə qaydaya düşəcəyinə inanır. Aylardır park edən maşınların ödəniş etməsi üçün qurulmuş aparatlar işləməsə də, Şakir Bayramov sürücülərdən pul almağa davam edir.

Bura birbaşa prezidentin özünə tabe olan obyektdir

Səbail rayonundakı Lev Tolstoy və Rəsul Rza küçələrinin kəsişməsində yerləşən avtodayanacaqda işləyən, adını söyləmək istəməyən şəxs isə, ümumiyyətlə, heç bir quruma tabe olmadığını deyir:

“Bura birbaşa prezidentin özünə tabe olan obyektdir. Təkcə bura deyil, bunun kimi bir neçə obyekt var, hansı ki, problemli, yəni tikintisi yarımçıq qalmış boş sahələrdir. Biz də parkinq kimi işlədib, çörəkpulu qazanırıq. Elə-belə heç kim işləyə bilməz, Vergilər Nazirliyi, Sosial Müdafiə Fondu var. Buranı illərdir mən işlədirəm, VÖEN-im də var, vergimi vaxtı vaxtında ödəyirəm”.

Təkcə Səbail rayonunda iki belə parkinq xidməti göstərən obyekt var. Tərlan Əliyarbəyov küçəsində yerləşən hasarlanmış boş ərazi parkinq kimi xidmət göstərir. Müşahidə zamanı məlum olub ki, sözügedən ərazidə fəaliyyət göstərən şəxslər, sürücülərə əksər halda qəbz verilmir. Sürücü qəbz tələb etdikdə isə ona, sadəcə olaraq, ödənişlə bağlı heç bir rəsmiliyi olmayan kağız təqdim olunur.

Mən vergimi lazımi qurumlara ödəyirəm

Parkinq kimi istifadə olunan ərazini sahibindən kirayə götürdüyünü bildirən Xalid Cəbrayılov hər ay Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin hər birinə 100 manat “vergi” ödədiyini deyir:

“Ayda 1000 və ya 500 maşının saxlamasından asılı olmayaraq, hər ay 200 manat vergimi ödəyirəm. Buranın digər parkinqlərdən əsas fərqi standart qiymətin olmasıdır. 10 dəqiqəlik, yaxud 10 saatlıq dayanma haqqı sadəcə bir manatdır”.

”İsgəndər Asa Holdinq”in rəhbəri, İlham Əliyevin kürəkəni Səməd qurbanovun əmisi Asəf Qurbanov
”İsgəndər Asa Holdinq”in rəhbəri, İlham Əliyevin kürəkəni Səməd qurbanovun əmisi Asəf Qurbanov

Bu parkinqlər “İsgəndər ASA Holdinq” Şirkətlər Qrupu Asəf Qurbanova məxsusdur.

Bu holdinqin tərkibinə 6 digər alt şirkətlər də daxildir. Onlardan biri də “İsgərdər ASA Parkinq” MMC-dir ki, Bakıdakı bəzi parkinqlər onlara məxsusdur.

Asəf Səməd oğlu Qurbanov ölkə başçısı İlham Əliyevin kürəkəni Səməd Qurbanovun əmisidir.

Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası
Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası

Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası
Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları bazası

Bu pulları yığıb kimə verirlər, hara gedir?

Sürücü Hafiz Mirzəyev isə qanuni hesab olunan, hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tərkibinə daxil olan parkinq xidmətindən narazıdır. Sürücü hesab edir ki, ödədiyi pullar lazımi yerə gedib çatmır:

“Mənə maraqlıdır ki, burada pul yığan adamlara niyə heç kim nəzarət eləmir. O da gəlib deyir ki, burada saxlama, orada saxla. Köməklik, düzəliş eləyir, adamın da üzü gəlmir pul verməməyə. Şəxsən televiziyada qulaq asmışam ki, bu adamlar burada qeyri-qanuni fəaliyyət göstərir. Niyə bu adamlara müdaxilə etmirlər? Bu pulları yığıb kimə verirlər, hara gedir? Ödənişli olmasına qarşı deyiləm. Ancaq bu pulların hesabına heç olmasa bizə şərait yaradılsın ki, biz bu zülmü hər dəfə çəkməyək. Hər gün əsəb keçiririk. Ya yer olmur, ya yolları bağlayırlar, ya da, ümumiyyətlə, maşını yerindən tərpətmək olmur”.

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov
Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov

Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bildirib ki, 2018-ci ilin aprelindən etibarən Bakıda olan parkinqlər bu qurumun nəzarətindən çıxarılaraq, Bakı Nəqliyyat Agentliyinə verilib.

Bakı şəhərində fəaliyyət göstərən yerüstü parkinqlər qanunsuzdur

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə İcra Hakimiyyəti nümayəndəsinin dediklərini təkzib edib:

“2018-ci ilin aprelin 2-də prezidentin fərmanı ilə parkinq yerlərinə nəzarət BNA-ya həvalə edilməli idi. Ancaq bir ilə yaxındır ki, sözügedən parkinqlər bizə təhvil verilməyib. Hazırda BNA-nın nəzarətində olan iki yeraltı parkinq var. Bunlardan biri Hökumət Evinin qarşısında, digəri isə Mirzağa Əliyev küçəsində – Qış Parkı adlanan ərazidə yerləşir. Bakı şəhərində fəaliyyət göstərən yerüstü parkinqlər qanunsuzdur və BNA-ya heç bir aidiyyatı yoxdur. Həmin parkinqlərdən yığılan pullar da qeyri-qanunidir. Bu pulların kimlər tərəfindən yığılması və hara xərclənməsi barədə məlumatımız yoxdur. İcra Hakimiyyətinin parkinqlərə nəzarətin BNA-ya məxsus olması barədə iddiasını qəbul etmirik. Çünki həmin parkinqlərə nəzarət bizə verilməyib”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev

Bu xidmət haqqı leqallaşdırılmalıdır

Hüquqşünas Ələsgər Məmmədli vurğulayıb ki, Azərbaycan qanunvericiliyinə görə, hər hansı bir formada parkinq xidməti qəbz vermədən fəaliyyət göstərə bilməz:

”Ərazinin mülkiyyəti istər icra hakimiyyətində, istər özəl şəxsdə, istərsə də icarədə olsun, strukturun mahiyyətindən asılı olmayaraq qanunvericiliyə görə bu xidmət haqqı leqallaşdırılmalıdır- qəbz qarşılığı olmalıdır. Əgər bu, qəbz verilmədən baş verirsə, deməli, birmənalı olaraq burada vergidən yayınma və ciddi şəkildə qanunsuz sahibkarlıq fəaliyyəti baş verir. Bununla bağlı hökmən ölçü götürülməlidir. İstər Vergilər Nazirliyinin müvafiq strukturları, istərsə də, bu sahəyə nəzarət edən İcra Hakimiyyəti strukturları tərəfindən nəzarət olunmalıdır. Çünki “Yerli icra hakimiyyəti haqqında

Əsasnamə

”-yə görə, bununla bağlı yerli icra hakimiyyətlərinin müəyyən tənzimləmə və nəzarət funksiyaları var. Eyni zamanda, 2018-ci ildən etibarən Bakı Nəqliyyat Agentliyinin nəzarət hüququ var və bu qurum qanunsuz parkinqləri və bununla bağlı cəza mexanizmini geniş tətbiq edir. Belə ki, BNA-nın birbaşa protokollar tətbiq etmə və cərimə yazma hüququ var”.

Hüquqşünas Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli

Parkinqlə bağlı ödənişin hər hansı bir qəbz qarşılığı yoxdursa, qanunsuzdur

Hüquqşünas hesab edir ki, həmin şəxslər qanunsuz fəaliyyət, o cümlədən, vergidən yayınmaqla qanunsuz kommersiya fəaliyyəti ilə məşğul olurlar:

“Bu məsələnin hüquqi müstəvidə həlli üçün media və ya sürücülər tərəfindən şikayətlər olmalıdır, ictimailəşməlidir. Beləliklə, vergidənyayınma ilə bağlı konkret olaraq hüquq-mühafizə orqanlarına faktlar təqdim etməlidirlər. Hüquq-mühafizə orqanları da tez bir zamanda  baş verən qanunsuzluqların qarşısını almalıdırlar. BNA-ya bütün parkinqlərin təhvil-təslim edilməməsi onların nəzarət funksiyasını əllərindən alır. Qanun qüvvəyə minib, nəzarət funksiyası qüvvədədir, müvafiq sərəncamla bağlı səlahiyyətlər BNA-ya keçdiyi üçün atrıq bu qurum nəzarət funksiyasını həyata keçirməlidir. Parkinq ərazisinin hansısa MMC-yə və ya digər quruma aid olması onun qanunsuz fəaliyyət göstərməsini leqitimləşdirmir. Bu baxımdan baş verənlər ciddi hüquq pozuntusudur”.

Meydan TV dəfələrlə “İsgəndər ASA Parkinq” MMC  ilə əlaqə saxlamağa cəhd etsə də, münasibət öyrənə bilməyib. Şirkətdən bu barədə danışmaq istəməyiblər.

Ana səhifəAraşdırmaBakıda qanunsuz parkinqlər: Vergidən yayınma yoxsa, prezident səviyyəsində qohumbazlıq?