Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

Yerli və xarici filmlər “Qızıl Nar” uğrunda yarışacaqlar

Noyabrın 11-dən 15-dək Bakıda ənənəvi Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Artıq on üçüncü dəfədir ki, keçirilən festivala 79 ölkədən 814 film qatılıb. Bunlardan 91 film “Yerli müsabiqə”yə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən, 32 film festivalın beynəlxalq, 40 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.Bu filmlər festivalın əsas mükafatı “Qızıl Nar” uğrunda yarışacaqlar.

Beynəlxalq müsabiqədə yarışan filmləri – rejissor Georgi Ovaşvili, fərqli mövzularda kino mühazirələri ilə tanınan Adilə Xaybullina, prodüser Emrah Kılıç qiymətləndirəcək.Yerli müsabiqənin münsiflər heyətində rejissor Mirsadıq Ağazadə, yazıçı-publisist Günel Rzayeva, rejissor Əli İsa Cabbarov, şair-tərcüməçi Qismət Rüstəmov olacaq.

Bu ildən festivala yeni – “Asiya istedadları” müsabiqə proqramı əlavə edilib.Bu bölmədə on film yarışacaq. Qalibləri teatrşünas Aliyə Dadaşova və Əməkdar rəssam Rəşad Ələkbərzadə seçəçək.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə 4 film yarışacaq. Onlayn keçiriləcək müsabiqənin qalibini tamaşaçılar seçəcək.Bildirilir ki, festivalın müsabiqədənkənar bölmələri də var.

“British Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı – “Bafta” namizədlərinin xüsusi təqdimatı olacaq.

Həmçinin “Dili bizim” müsabiqə proqramı Bakı Beynəlxalq Qısa Filmlər Festivalının nümayiş xarakterli proqramıdır. Burada dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur.Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində “Nizami” Kino Mərkəzində nümayiş olunacaq.

Eyni zamanda, festival çərçivəsində noyabrın 13-də türkiyəli prodüser Əmrah Kılıçla ustad dərsi keçiriləcək.

Qaliblərin mükafatlandırılması mərasimi noyabrın 15-də eyni məkanda təşkil olunacaq.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin 2004-cü ildə təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

Ana səhifəMədəniyyətBakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır