Bağırovun vəkil repressiyası

Vəkillər sıravi vətəndaşlardan fərqli olaraq birləşə, bu repressiyaya son qoya bilərlər

Source: Meydan TV

İllah da, məcbur deyil ki, xalqa qarşı haqsızlıqları ancaq məmurlar etsin. Vəkillərin də bunu etmək kimi bir "haqqı” olmalıdır:

  1. Onlar da rüşvətlə iş həll edə bilərlər və ya rüşvətin verilməsinə vasitəçi (makler) ola bilərlər.
  2. Rüşvət daşıya bilərlər. (inkassatorluq)
  3. Müdafiə etdiyi şəxslərin şəxsinə aid və sirr təşkil edən məlumatları paylaşa bilərlər.
  4. Onlar da saxta seçimlərin qurbanıdırlar.
  5. Onlar da siyasi mövqe göstərib hakim partiyanın bir struktur bölməsi və ya hökumətin bir qurumu kimi yarına bilərlər.

Yəni, deməyim o ki, vəkillərdən çox şey gözləməyin. Onların da bu hala düşmələrinin səbəbi siyasi sistemin zay və çürük, o cümlədən korrupsiyalaşmış olmasıdır. Amma rəhbərliyini tənqid eləmək lazımdır. Üzv vəkillər isə nə qədər ki, dillərini dinməz qoyub, ağızlarına su alıb, mağmınlıq edəcəklər, bir o qədər onlar da hədəfə alınacaqlar. Bu, heç bir dostumda qıcıq yaratmasın. Çünki vəziyyətin bu hala gəlməsində həm də onların günahı var. Çünki onlar həmkarları haqsız yerə cəzalandırılanda, kollegiyadan xaric ediləndə heç bir söz demədilər. Susdular. Haqsızlığa qarşı bir kəlmə belə dillənmədilər. Rəyasət heyətinin üzvləri özlərini zorla dövlət qurumu kimi “facebook” hesablarına soxuşduranda "like” qoydular və rəhbərliyin xoşuna gəlməyə çalışdılar. Onlar nümunəni mübariz vəkil həmkarlarından deyil, "sədrim, sədrim" deyib, rəhbərliyin dalınca düşüb yaltaqlıq edənlərdən götürdülər və "palaza bürün, ellə sürün" prinsipi ilə hərəkət edib özlərini "şirin satmağa" çalışdılar. Burada belə yenə onları qınamamağım gəlir. Çünki o yazıqları da kollegiyadan çıxara bilərlər. Bu kollegiyanın rəhbərliyinin əlində “2×2” qədər asan və sadədir. Ondan sonra nümayəndəlik də yoxdur ki, gedib bir şəkildə ailəsinə çörək qazansınlar. Bəli, indiki kollegiya rəhbərliyi mövcud sistemin siyasi xəttinin davamı olaraq insanları iqtisadi cəhətdən sınağa çəkir. Məhz bu səbəbdəndir ki, yaşlı-başlı adamlar kollegiya rəhbərliyinin bir paylaşımı olan kimi mədhiyyələr yazmaq üçün növbəyə dayanırlar. Hələ bəziləri fərqli gözünmək, gözə girmək üçün bütün hərfləri böyük və bir qəzet səhifəsi boyda şərh yazmaqla yaltaqlıq – bəlkə də qorxaqlıq – şəhvətini bu şəkildə öldürməyə çalışırlar. İndi əminəm ki, bu yazını oxuyan və içində hələ də ləyaqət hissi ölməyən dostlarımız utanc təbəssümü edərək, başlarını bulayacaqlar. Dostlar, siz nə qədər sussanız, bir o qədər acı çəkəcəksiniz. Həm daxili vicdanınızın acısını, həm də, mənim kimi susmağı bacarmayan, sözünü çəkinmədən deyə bilən adamların sözlərindən acı çəkəcəksiniz. Çünki özünü bilən biri kimi əminliklə deyə bilərəm ki, mənim dostluq etdiklərim vicdansız və şərəfsiz ola bilməz. O cümlədən siz…

Cəmiyyətin hər şeydən xəbəri var. Yuxarıda qeyd etdiyim kimi, vəkilliyin bu hala salınmasında birbaşa siyasi sistem günahkardır. O siyasi sistem ki, onu tənqid edənləri “erməni dəyirmanına su tökən kimi” qələmə verir və tanıtdırır. Xalqımın və ali peşə olan vəkilliyin (mənə görə bu peşələrin ən alisidir) məhv olması üçün meydana “bağırov” markalı biçici represiya maşını salanlar məhz muxtaryanların rahat top oynaması üçün şərait yaratmalı idi. Ona görə də digər vəkillərin məhz onları haqlı olaraq mağmın, fağır adlandıranlara diş qıcamağa gücü çatır. Özlərinin başbilənlərinə isə söz deyə bilməzlər. Çünki dərhal kənarlaşdırılmaq qorxusu var, təhdid oluna, yeganə çörək yeri əlindən alına bilər! Çünki kollegiyanın Rəyasət Heyəti buna qadirdir. Çünki onlar bir prinsiplə çalışırlar : “Ya bizdəndir, ya da düşmən”. İndiki halda isə hakimiyyət kimdədirsə, o da güclüdür.

Amma vəkillər sıravi vətəndaşlardan fərqli olaraq birləşə, ciddi şəkildə təşkilatlana və indiki rəhbərliyin bütün iyrəncliklərini hər bir həmkara təbliğ edib, bu repressiyaya son qoya bilərlər. Bunun üçün iradə, sözü bir yerə qoymaq və qorxmamaq lazımdır. Əks təqdirdə əmin olun, bu repressiv rəhbərliyin muxtaryanları zamanı gələndə sizin də qapınıza qol vuracaq. Onda gec olacaq. Həm də çox gec!

Ana səhifəMənim FikrimcəBağırovun vəkil repressiyası