Azərbaycanlı jurnalist Almaniyadan deportasiya edildi

“Bizim əlimizdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi vardı, baxmadılar”

Foto: Röya Rəfiyevanın şəxsi arxivi


Almaniyadakı yaxınları Röya Rəfiyevanın Düsseldorf şəhərindən Bakıya uçduğunu bildirirlər

Azərbaycanlı jurnalist Röya Rəfiyeva və 3 övladı Almaniyadan deportasiya olunub. Səbəb onlara Almaniyada yaşamaq izninin verilməməsidir.

Bu barədə jurnalist özü “Facebook” səhifəsində yazır. O bildirir ki, sentyabrın 13-də gecə saatlarında deportasiya üçün evinə gəliblər:

“Bizim əlimizdə deportu saxlatmaq üçün güclü, ciddi həkim rəyi vardı, baxmadılar. Hətta kiçik uşağın atası Əfqanıstan vətəndaşıdır, o, qanunla heç bir ölkəyə deport oluna bilməz. Həmçinin, uşağın uçuş etməsi üçün mütləq atanın icazəsi olmalıdır, bunu da sayan yoxdur”.

Almaniyadakı yaxınları Röya Rəfiyevanın sentyabrın 14-də Düsseldorf şəhərindən Bakıya uçduğunu bildirirlər.

Röya Rəfiyeva 2017-ci il fevralın sonunda Azərbaycanı tərk edib. Daha öncə verdiyi müsahibələrində

bildirir

ki, səbəb Azərbaycandakı repressiyalardır:

“Artıq “Facebook”-da belə nəsə tənqidi bir paylaşım etmək mümkün deyildi. Bir çox dostumun ölkədən çıxışına qadağa qoyulmuşdu. Həbs haqqında düşünmürdüm, çünki çox nadir hallarda qadınları həbs edirlər. Ancaq bilirdim ki, ölkədən çıxışıma qadağa qoyula, yaxud işimi itirə bilərəm”.

Röya Rəfiyeva Azərbaycanda yaşayarkən “Yeni Müsavat”, ANS və “Kanal 13”-də çalışıb. O, Azərbaycandan gedəndən bir neçə ay sonra, 2017-ci ilin mayında “Kanal-13”-ün redaktoru həbs edilib. Eyni zamanda, kanala qarşı cinayət işi açılıb və kanal qapadılıb.

Ana səhifəSiyasətAzərbaycanlı jurnalist Almaniyadan deportasiya edildi