Source: Azərtac

Azərbaycanda insan hüquqları günü: şikayətlər, etirazlar, məhkəmələr...

Paytaxt və bölgələrdə hansı hadisələr baş verib?

18 iyun Azərbaycanda insan hüquqları günü kimi qeyd edilir.

Bəs Azərbaycanda insan haqlarının durumu nə yerdədir?

Son bir ayda - mayın 18-dən bu günədək Meydan TV-də insan haqları pozuntusu ilə bağlı dərc edilən materiallara nəzər saldıq. Burada həm paytaxtda, həm də ölkənin bir sıra bölgələrində müxtəlif formada insan hüquqlarının pozuntusu ilə bağlı şikayətlər əskini tapıb.

Bölgələrdən gələn səslər...

Ağdam sakini Maya Quliyevanın uşaqlığı, gəncliyi və indiki həyatı müharibə ilə iç-içə keçib.

O deyir ki, müharibə onun üçün 1992-ci il fevralın 25-dən başlayıb, bu günədək bitməyib.

Bu illər ərzində evini, kəndini, rayonunu, gəncliyini, axırda da - İkinci Qarabağ müharibəsində oğlunu itirib.

Masallı rayonunda 15 yaşlı qız özündən 20 yaş böyük kişi ilə nişanlandığı deyilir.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağayeva bildirib ki, rayonun Bədəlan kənd sakini, 8-ci sinif şagirdi 14 yaşlı Zeynəb İsmayılova (ad və soyad şərtidir) 35 yaşlı Seymur adlı şəxslə nişanlanıb: "14 yaşlı məktəbli qızın atası vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Qızcığazın özündən 24 yaş böyük olan Seymur adlı nişanlısı Rusiya Fedrasiyasının vətəndaşıdır".

58 yaşlı Ella Qəhrəmanova Ağstafa rayon sakinidir. O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasından şikayətçidir. Dediyinə görə, 15 ildir ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır.

Şəkəri yüksək olduğuna görə ona verilən pulsuz dərmanların həcmi ikiqat dozada olur. Ancaq bu dəfə ona dərmanlar verilərkən məlum olub ki, doza azaldılıb: “Şəkərim yüksək olduğuna görə daim hərəsindən iki flakon olmaqla “İnsulatard”, “Actrapid” adlı pulsuz insulinlərlə təmin olunmuşam. Ancaq 3 gün əvvəl növbəti dəfə pulsuz dərman üçün gedəndə həkim mənə hər dərmandan bir flakon verdi. Dedi ki, Bakıdan göstəriş var, pulsuz dərmanları azaltmışıq”.

Gədəbəyin Söyüdlü kənd sakini, 28 yaşlı Şakir Xudaverdiyev isə Meydan TV-yə danışır ki, 7 il əvvəl hərbi xidmətdə olarkən onun anadangəlmə ürək qüsurlu olduğu aşkar edilib.

Hərbi xidmətin 1 il 2 ayının tamamında üzə çıxan bu xəstəliyə görə ordudan tərxis olunub, 6600 manat kompensasiyası da ödənilib. Evə döndükdən sonra ürək əməliyyatı keçirib. Həmin vaxtdan ona 2-ci qrup əlillik təyin olunub. Ancaq bu ilin martında əlilliyi ləğv edilib.

Ona əlilliyini təsdiq edən tibbi sənədləri yenidən toplamağı və Tibbi-Sosial Ekspert Komissiyasına yenidən müraciət etməyi məsləhət görüblər: “Getdim, poliklinikanın həkimi dedi: “Sənin sənədlərini VTEK-ə qaydasında göndərmək üçün bir az bizə “görüm-baxım” etməlisən”. Bildirdim ki, nənə-baba himayəsində yaşayan xəstə adamam, üstəlik də, sizdən mənimçün qanunsuz iş görməyinizi xahiş etmirəm ki... Xəstəliyim nədir, yazın ora, göndərin. Həkim sənədləri natamam doldurdu, ona görə də pensiyasız qalmışam”.

İki Göyçay sakini “Gilan Holding”in “Gilan Orchard” şirkətindən məzuniyyət pulunu ala bilmədiklərindən şikayətçidir.

Rayonun Qarabaqqal kənd sakini Namiq Eyvazov deyir ki, onu həm işdən çıxarıblar, həm də son aylarının əmək haqqını və təzminatını ödəməyiblər. Üstəlik, şirkətlə bağladıqları sonuncu müqavilənin sürətini də ala bilməyib.

COVİD-19-a yoluxmuş 55 yaşlı Şəki sakininin yaxınları onun həkim məsuliyyətsizliyindən öldüyünü iddia edirlər.

Şəki sakini Rəfail Kazımov Meydan TV-yə danışır ki, yaxın qohumu, Şəkinin Sarıca kənd sakini, 55 yaşlı Alxas İsmayılov aprelin 26-da COVID-19 diaqnozuyla Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusuna götürülüb.

Dediyinə görə, mayın 7-də baxımsızlıq və məsuliyyətsizlik üzündən orada həyatını itirib: “Alxasla hər gün danışırdıq. Deyirdi, həkimlər ona baxmır, deyirdi, burda (xəstəxanada) hər şey puldur, pul... Pulun yoxdursa, əl-ayağını uzat, öl... Adam aprelin 26-da öz ayağıyla getdi xəstəxanaya, orda vəziyyəti daha da ağırlaşdı. Qərara gəldik ki, onu xəstəxanadan çıxaraq, başqa yerə aparaq, mayın 7-də getdik, gördük nəşini morqa aparmaq üçün maşına qoyurlar”.

Göyçayın Nizami küçəsinin sakinləri “Azərsu” ASC-nin 8 il əvvəl aralarında pul toplayıb çəkdikləri yolu qazıb kanalizasiya xətti çəkdiyini, daha sonra yolu yenidən bərpa etmədiyini bildiriblər.

Sakinlər 7 ildir ki, qazılmış yolun yayda tozundan, qışda palçığından bezdiklərini söyləyir, haqlarının pozulduğunu bildirirlər: “Əvvəl traktor gətirdilər, vaxtilə stadionun ətrafına basdırdığımız dirəkləri sökdülər. Biz mane olduq, dirəkləri təkrar öz yerlərinə bərkitdik. İndi də az qala hər gün bizi polislə hədələyirlər. İstədikləri də onlara mane olmayaq, stadionu yerlə-yeksan etmələridir. Bu stadionda uşaqlar istirahət edir, idmanla məşğul olur, futbol oynayırlar. Putada uşaqların, gənclərin asudə vaxtlarını keçirdikləri yeganə yerdir, bunu da əlimizdən almaq istəyirlər”.

Meydan TV-yə Qaradağ rayonu, Puta qəsəbəsinin sakinləri belə deyib.

Onların sözlərinə görə, yaşadıqları ərazidə - Yuxarı Puta küçəsində (184 saylı orta məktəblə üzbəüz) yerləşən idman meydançası ləğv oluna bilər. Sakinlərsə meydançanın ləğv olunmasını istəmirlər.

Şəmkirdə pomidor yetişdirilməsi ilə məşğul olan kəndlilər ciddi problemlə üzləşdiklərini deyirlər.

Onların sözlərinə görə, məhsullarını sata bilmirlər, çünki kəndlərdən məhsulları toplayıb Rusiyaya göndərən sahibkarlara gömrükdə əngəllər yaradılır.

Şəmkirin Keçili kəndində yaşayan Alı İslamzadə deyir ki, pomidor ixracında inhisar müşahidə olunur. Sahibkarlar böyük çətinliklərlə qarşılaşır. Onlar keçən illə müqayisədə dəfələrlə çox pul ödəməli olur.

Respublika Qida Təhlükəsizliyi Agentliyi Xaçmaz və Siyəzən rayon xəstəxanalarında xəstələrə keyfiyyətsiz qida verilməsi faktını aşkarlayıb.

“Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə keyfiyyətsiz qida məhsullarının verilməsi, həmin qida məhsullarının çəkisinin şişirdilmiş şəkildə göstərilərək mənimsənilməsi və digər qanun pozunutuları aşkar edilib”, - prokurorluq bildirib.

Respublika Qida Təhlükəsizliyi Agentliyi

Respublika Qida Təhlükəsizliyi Agentliyi

Source: Azərtac

Etiraz edənlər

Masazırın “Yeni Bakı” Yaşayış Kompleksinin sakinləri kopleksin fəaliyyətindən narazıdırlar.

Onlar kompleksin komendantlığının onlarla razılaşmadan müəyyən etdiyi kommunal pulunu ödəmədiklərinə görə işıqlarının kəsildiyini bildirirlər: “Nədir bu kommunal xidmət haqqı? Blokların təmizlənməsi, həyətdəki işıqlandırma, parkdakı ağacların suvarılması, lift təmiri və s. üçün toplanır. Evin hər kvadratına 40 qəpik məbləğində bir vəsaitdir. Kompleksdə yayaşayanların bəziləri bu vəsaiti ödəməkdən imtina edib. Səbəblər isə müxtəlifdir. Kimi pul müqabilində normal xidmətin olmadığını, kimi də komendantı özlərinin seçmədiyini və həmin vəsaitin vətəndaşlarla razılaşdırmadan müəyyən edildiyini söyləyir”.

Sakinlər bildiriblər ki, nəticədə həmin kommunal haqqını ödəməyənlərə “Azərişıq” ASC-nin verdiyi elektrik enerjisi kəsilir.

“Toyların, şou-proqramların keçirilməsinə icazə veriləndən sonra qonorarımı artırmayacağam”, - müğənni Nura Suri Meydan TV-yə açıqlamasında belə deyib.

İfaçı pandemiya dövründə iş yerlərinin bağlı, insanların maddi durumunun qənaətbəxş olmadığını bildirib: “Restoranlar pul qazanmalıdır. Toy etmək istəyən insanların da vəziyyəti fərqli deyil. Camaat neçə aydır ki, işləmir. Pandemiyanın zərəri hamımıza dəyib. Bir-birimizə qarşı anlayışlı olmalıyıq”.

İyunun 14-də xarici ölkələrdə təhsil almış, ixtisasartırmadan keçmiş, hətta orada həkim işləmiş şəxslər Azərbaycan Səhiyyə Nazirliyi önündə toplaşıblar.

Onlar Azərbaycanda işə götürülmədiklərindən şikayətləniblər. Bildiriblər ki, illərdir xaricdə oxuyub, orada imtahanlardan keçib gəliblər, indi Azərbaycanda onlardan rezidenturadan keçmək tələb olunur.

İyunun 9-da bir qrup qazi Nərimanov rayonundakı “ASAN Xidmət”in qarşısında etiraz edib.

Toplananların problemləri müxtəlif olub: maddi durumun pis olması, onlarla maraqlanmamaları və problemlərinin həll edilməməsi kimi...

Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri LGBTIQ+lərə qarşı artan zorakılıq hallarına dair bəyanat yayıblar.

Vətəndaş cəmiyyəti nümayəndələri bildirirlər ki, son bir ay ərzində Azərbaycanda LGBTIQ+ vətəndaşlara qarşı zorakılığın və ayrı-seçkiliyin artması müşahidə edilir.

Sənəddə bildirilir ki, internet xəbər portalları və sosial şəbəkələrdə yayılan məlumatlara görə, mayın 30-dan bu günə kimi 6 Azərbaycan vətəndaşı müxtəlif şəxs və qrupların fiziki hücumuna məruz qalıb, onlara müxtəlif xəsarətlər yetirilib.

“Minaaxtaranların hüquqları ANAMA tərəfindən kobud şəkildə pozulur”

Meydan TV-yə yazan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları çalışdıqları ağır iş şərtlərindən narazı olduqlarını bildiriblər.

Onların narazı olduqları ən birinci məsələ əməkhaqqıdır. Onlar bildirirlər ki, eyni işi görüb, eyni əmək sərf etdikləri halda, azərbaycanlı və əcnəbi vətəndaşların əməkhaqları arasında böyük fərq var. Bu fərq bir neçə qatdan ibarətdir: “Məsələn, yerli minaaxtaranların maaşı cəmi 630 manat təşkil etdiyi halda, əcnəbi minaaxtaranların əməkhaqları bir ay üçün 1500 dollardır. Bu, haqsızlıqdır. Onlar bizdən fərqli nə iş görürlər ki? Hamımız həyatımızı təhlükəyə atıb, canımızı dişimizə taxıb işləyirik”.

Suriyada qanunsuz silahlı dəstələrin tərkibində fəaliyyət göstərməkdə ittiham olunan bir qrup məhkumun ailə üzvləri İçərişəhər metrostansiyası yaxınlığındakı Filarmoniya bağı yaxınlığında etiraz aksiyası keçirməyə cəhd göstərib.

Valideynlər bağın önündə övladlarına qarşı irəli sürülən ittihama etiraz ediblər. Övladlarının üzərindən Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələrinin götürülməsini istəyirlər.

Respublika Əlillərin Bərpa Mərkəzinə qəbula gəlmiş vətəndaşlar problemlərindən danışıblar.

Onlardan çoxu illərdir aldıqları əlillik pensiyalarının kəsildiyindən narazılıq ediblər.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı Almaniyanın Nürnberq şəhərində BMT-nin ofisinin önündə “Siyasi məhbuslara azadlıq” şüarı ilə aksiya keçirib.

DAS

DAS

Source: Meydan TV

BMT-nin və “Nürnberger Nachrichten” qəzetinin ofisinin önündə baş tutan aksiyada iştirakçılar “siyasi məhbuslara azadlıq”, “repressiyalara son” tələbləri səsləndiriblər.

Son günlər sosial şəbəkələrdə Xaçmaz, Göyçay, Quba, Goranboy və Cəlilabaddan olan fermerlərin etirazlarını görürük.

Onlar məhsullarını Rusiya bazarına çıxarmaqda çətinlik çəkdiklərindən, məhsullarının çürüyüb, əllərində qalmasından gileylənirlər, hətta bir neçə gün öncə Göyçaydan olan fermerlər buna görə etiraz aksiyası da keçirmişdi.

Fermerlər deyirlər ki, içi məhsulla dolu yük maşınları Azərbaycan-Rusiya sərhəddində gözlədilir, nəticədə içindəki məhsul mənzil başına çatmadan çürüyüb xarab olur.

“İndiyə qədər Bayram Məmmədovun ölümü ilə bağlı ictimaiyyətə ətraflı məlumatın verilməməsi, istintaq tədbirlərinin nəticələri və kamera görüntülərinin təqdim edilməməsi, Azərbaycan hakimiyyətinin və aidiyyatı orqanların susqunluğu haqlı şübhələrə səbəbiyyət verir”, - bu fikirlər N!DA Vətəndaş Hərəkatı, D18 Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsi, Haqq Ədalət Partiyası Gənclər Təşkilatı, Oyan Hərəkatı, Müsavat Partiyası Gənclər Təşkilatı və Tələbə Güc Mərkəzinin iyunun 1-də birgə yaydıqları bəyanatda yer alıb.

Bəyanat müəllifləri Bayram Məmmədovun ölümü ilə bağlı aparılan istintaqın ilkin nəticələri barədə ictimaiyyətə məlumat verilməsini tələb ediblər.

Bir qrup Qarabağ qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya keçirib.

Müxtəlif bölgələrdən gəlib etiraz edən qazilər diqqətsizlikdən şikayət ediblər.

Əsas şikayətləri işsizlik olan qazilər, müharibə bitəndən bəri işlə bağlı müraciət etdikləri yerlərdən “yox” cavabı aldıqlarını bildiriblər.

Mingəçevir şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronaviruslu xəstələrlə işləyən həkimləri 1 ildir ki, maaşa əlavələri ala bilmədiklərini deyirlər.

Bu barədə Meydan TV-yə stansiyanın adlarının açıqlanmasını istəməyən həkimləri bildiriblər. Onların sözlərinə görə, il ərzində şikayət etmədikləri qurum qalmayıb, lakin reaksiya verən olmayıb.

Bakıda yüzlərlə tibb işçisi sertifikasiya imtahanlarının keçirilməsinə etiraz edərək imza toplayır.

Bu barədə Meydan TV-yə tibb üzrə fəlsəfə doktoru Sevinc Məmmədova məlumat verib.

Onun sözlərinə görə, heç bir ölkə həkimləri bu cür imtahana cəlb etmir: “Əslində biz həkimlər sertifikasiya imtahanlarının keçirilməsindən deyil, formasından narazıyıq. Sertifikasiya ilə guya həkimlərin biliklərini, təcrübəsini yoxlayırlar. Halbuki qoyulan suallarla bunu yoxlamaq mümkün deyil. Xarici ölkələrin təcrübəsindən misal çəkirlər, ancaq xaricdə həkimlər treninqlərə, kurslara göndərilir. Hazırda həkimlər bilmirlər pandemiya ilə mübarizə aparsınlar, yoxsa oturub sualları əzbərləsinlər. Halbuki o suallar həkimlik təcrübəmizdə heç bir rol oynamayıb”.

Həkimlər deyirlər ki, sualların çoxu səriştəsiz hazırlanıb, bir çoxu 1985-ci ilin kitablarındakı mövzulardandır.

Mayın 24-də Daşkəsənin Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib.

Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər.

Polis aksiyaya müdaxilə edib, sakinləri Prezident Administrasiyasının binasının qarşısından uzaqlaşdırıb. Kənd sakinləri Daşkəsən rayon İcra Hakimiyyəti başçısını günahlandırıblar.

Həbsdə olanların durumu necədir?

16 saylı cəzaçəkmə müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədin vəziyyətinin pisləşdiyi deyilir.

Anası Rəhilə Məmmədli bildirir ki, oğlu müalicə edilmədiyi üçün iyunun 6-da günün ikinci yarısı huşunu itirib. O, oğlunun hepatit C xəstəsi olduğunu söyləyib: "Həbsindən sonra isə sağlamlığı tamamilə korlanıb. Elçin Məmməd Şüvəlan İstintaq Təcridxanasında antisanitar şəraitdə saxlanılıb. Həbsdə onun vena varikozu və prostat problemi yaranıb. Amma o, həbsxananın müalicə müəssisəsinə köçürülməyib”.

Həbsdəki bloger Aslan Qurbanovun ailə üzvləri onun həyatının təhlükə altında olduğunu iddia edir.

Yaxınları deyir ki, onun separatçı kimi təqdim olunub, məhv edilməsindən ehtiyatlanırlar. Üstəlik, Aslan Qurbanov epilepsiya xəstəliyindən əziyyət çəkir: “Uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir. Həbsdə də işgəncələrə məruz qalıb. Hökm qüvvəyə minməmiş cəzaçəkmə müəssisəsinə köçürüblər. Köçürən kimi də “karsa” salıblar. Orada vəziyyəti pisləşib, ondan sonra çıxarıblar. Biz onun həyatına görə narahatıq”.

Firudin Zeynalov məhkəmə istintaqının yenilənməsindən sonra qərarını dəyişib.

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Firudin Zeynalov 45 gündür davam etdirdiyi aclıq aksiyasını mayın 26-da dayandırıb.

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verərək bildirib ki, Firudin Zeynalov Gəncə işi üzrə məhkəmə istintaqının təzələnməsi qərarından sonra bu addımı atıb: “Firudin məhz məhkəmənin ədalətsiz keçirilməsinə, prokurorun onun özü də daxil olmaqla, bu işdə ittiham olunan şəxslərə heç bir dəlil-sübut olmadan ağır cəzalar istəməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı”.

“Ötən gecə Eldar Həsənovun vəziyyəti daha da kəskinləşib. Ağır dərmanların qəbulundan sonra onun durumu nisbətən stabilləşib”, - bunu Meydan TV-yə həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun vəkili Cavad Cavadov deyib.

Mayın 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında Eldar Həsənovla görüşən vəkil bildirib ki, ötən gecə baş verənləri də müvəkkilindən öyrənib.

DTX

DTX

Source: DTX

Müdafiəçi deyir ki, Eldar Həsənovun durumunun ağırlığını nəzərə alan Avropa Məhkəməsi hələ mayın 7-də Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq, Eldar Həsənovun stasionar qaydada DTX-nın Tibb Hospitalına yerləşdirilməsi, zəruri müayinə, cərrahiyyə əməliyyatı aparılması barədə qərar qəbul edib: “Biz Avropa Məhkəməsinə bu müraciəti etməmişdən əvvəl bütün mümkün daxili hüquqi-müdafiə tədbirlərindən istifadə etdik, lakin müsbət heç nə olmadı.Təəssüf ki, Avropa Məhkəməsinin bu qərarı bizə məlum olmayan səbəbdən icra edilmir”.

“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanov mayın 18-dən aclıq aksiyası edib. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova bildirib. Deyib ki, həyat yoldaşı aclıq aksiyası ilə saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənovun təzyiqlərinə və qanunsuz addımlarına etiraz edir: “Qanuna zidd olaraq, onun telefon danışıqlarına qadağa qoyulub. Həmçinin, ona hamam qadağası tətbiq olunur. Polad Aslanov da etiraz olaraq, aclıq etmək qərarına gəlib. Bu barədə yazılı ərizəsini də təqdim edib”.

Qarabağda nə var, nə yox?

“Müharibədə can qoydum, yaralandım. Hospitallarda çox yaxşı qayğı gördüm, amma yaşadığım rayon üçün eynisini deyə bilmərəm. Aldığım travmalara görə işləyə bilmirəm və müalicə üçün pulum olmur. Bir neçə dəfə rayon icra hakimiyyətinə müraciət etdim, bir-iki dərman alıb, yola saldılar. Ondan sonra bir də mənimlə maraqlanmadılar. Problemim isə 1-2 dərmanlar düzələn şey deyil”, - İkinci Qarabağ Müharibəsi iştirakçısı, Göyçay rayon Səyyaf Xəlilov küçəsinin sakini 26 yaşlı Mehman Əsgərov belə deyir.

O, müharibəyə könüllü qatılanlardandır. Deyir ki, yaşadığı Göyçay rayonunda buna qiymət verən yoxdur. Belə ki, icra başçısı Mehdi Səlimzadə bir dəfə də onunla maraqlanmayıb, qəbul etməyib.

Sabirabadın Qalağayın kəndinin sakini Elvin Cəfərov deyir ki, İkinci Qarabağ müharibəsi iştirakçısıdır, 39 gün döyüşdüyünü söyləyir: “Vətənimə canım da qurban. Travmalarım, problemlərim var, amma sabah yenidən döyüş olsa, bir də gedərəm. Şükür iki əlim, iki ayağım yerindədir. Amma indiki dövrdə də ailəmi dolandırmalıyam axı. Onu necə edim, bilmirəm. Anamın 78 yaşı var, onun ümidinə qalmışıq, bizə baxa bilmək üçün alağa gedir. Çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.

İkinci Qarabağ döyüşlərində iki dəfə yaralanmış Rəşad Şahverdiyev müharibədən sonra ona qarşı diqqətsizlikdən gileylənir. Salyan sakini heç bir orden və medalla təltif olunmadığını, hətta veteran vəsiqəsini belə, əldə edə bilmədiyini deyir.

Rəşad Şahverdiyev hələ Tovuz hadisələri zamanı orduya könüllü yazılıb. 2020-ci il sentyabrın 21-də onu təlimə çağırıblar. Müharibənin ilk günlərində yaralanıb.

Müharibə iştirakçısına veteran vəsiqəsi ala bilməməsi də çox təsir edir. Rəşad Şahverdiyev deyir ki, böyük yol keçib, təltif olunmaması da haqsızlıqdır.

Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Təkcə may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyi qeydə alınıb.

Azərbaycanda 2021-ci ildə minalardan və partlamamış hərbi sursatlardan zərər çəkənlərin sayı açıqlanıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası bildirib ki, ümumilikdə il ərzində 59 vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib.

Təşkilat bildirib ki, təkcə may ayında 2 hadisə nəticəsində 5 nəfərin minalardan zərər çəkdiyi qeydə alınıb: "Nəticədə bir hərbçi həlak olub, iki mülki şəxs və iki hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Gədəbəy və Kəlbəcər rayonlarının ərazisində baş verib. Ümumilikdə 2021-ci ildə 59 vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib".

Mayın 1-dən 31-dək 369 piyada əleyhinə, 74 tank əleyhinə mina, 1090 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Qarabağ müharibəsində yaralanmış Turan İsgəndərov diqqətdən kənarda qaldığını deyir. Gədəbəy rayonunun Söyüdlü kənd sakini dövlət orqanlarının onun ən kiçik problemlərini belə, həll etmədiyini bildirir.

Turan İsgəndərov müharibəyə 2020-ci il sentyabrın 29-da ehtiyatda olan hərbi qulluqçu kimi yollanıb. Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olub. Noyabrda yaralanıb: “Gözümün sağ bayır kənarından qəlpə yarası aldım. Yanımda çavuş minaya düşdü. Aramızda təxminən iki metr məsafə vardı. Qəlpə gözümlə gicgahımın arasındakı sümükdə qaldı. Sonradan əməliyyatla çıxardılar. Gözümdə yaşarma olur, yaddaş zəifliyi yaranıb, psixoloji problemlər yaşayıram. Heç bir müalicə görmürəm. Adi yoxlanma da olmayıb”.

Turan İsgəndərov müharibəyə qədər günəmuzd fəhlə işləyirmiş. Döyüşlərdən qayıdandan sonra tamamilə işsiz qalıb. Bununla bağlı Prezident Administrasiyasına xeyli şikayət ərizəsi göndərdiyini deyir.

mina

mina

Source: Bizim Yol

Elton Hüseynli Meydan TV-yə danışır ki, İkinci Qarabağ müharibəsi başlayanadək Tərtər rayonunun Nicat İskəndərov küçəsində yaşayıblar.

Müharibə zamanı top yaşadıqları evi dağıdıb. Evləri dağılmış digər ailələr kimi bu ailə də rayonun Seydimli kəndindəki məktəbə yerləşdirilib: “Sentyabrın 27-dən evdən çıxanıq. 8 aya yaxındır ki, Seydimli kənd orta məktəbinə sığınmışıq. Hökumət bizimlə maraqlanmır, zülm içində yaşayırıq. Bunun nəticəsidir ki, dəfələrlə əməliyyat olunmuş xəstə anam hətta intihara da cəhd edib”.

Elton Hüseynlinin sözlərinə görə, o gün – bu gün, hökumət onlarla maraqlanmayıb.

Mayın 27-dən 28-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.

Nəticədə hərbi qulluqçu əsgər Elxan Muradov çiynindən yaralanıb.

Bu barədə məlumat yayan Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Elxan Muradova dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib: “Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur”.

Ermənistan tərəf atəş açılması xəbərini təkzib edib.

Azərbaycan ordusunun Ermənistanın 6 hərbi qulluqçusunu əsir götürüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, mayın 27-də saat 3 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətindən Azərbaycan tərəfə keçməyə cəhd göstərib. Bu zaman Ermənistanın 6 hərbi qulluqçusu “mühasirəyə alınıb və əsir götürülüb".

Nazirlik bildirib ki, Azərbaycan Ordusu sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən erməni hərbçilərini mühasirəyə alıb.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Ancaq nazirlik hərbçilərin təxribat etmələri barədə informasiyanı təkzib edərək bildirib ki, onlar ərazidə mühəndis işləri görürmüş.

Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestində 28 ildir ixtisaslı motorçu vəzifəsində çalışan Birinci Qarabağ Müharibəsi veteranı, 55 yaşlı Tale İsmayılov ixtisara salınıb.

İşlədiyi müddətdə işdə nöqsanlara yol verməyib, heç bir xəbərdarlıq almayıb.

Bunu MeydanTV-yə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, 6 nəfərlik ailə İsmayılovun qazancı ilə yaşayır: “İxtisar zamanı onun keçid balından yarım xal az bal topladığı bəhanə gətirilib. Tale İsmayılov qiymətləndirmədən 55 bal toplayıb. Bölüm rəisi Fazil Bayramov ondan SOCAR-n məşhur Neftçilər Klubuna qoşulmağı tələb edir. Xatırladır ki, bu ayın sonunadək ərizə yazıb işdən çıxmalısan, yoxsa proqram bağlanır”.

Barələrində hökm oxunanlar

Ağcabədi Rayon Məhkəməsi Müsəlman Birliyi Hərəkatının üzvü Vüqar Hacıyev barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Bu barədə Meydan TV-yə danışan hüquqşünas Samirə Ağayeva Vüqar Hacıyevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığını deyib: “Vüqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 234. 4.3-cü (külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanma, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə cinayət işi açılıb. O ictimai işlər, o cümlədən ikinci Qarabağ savaşı zamanı fəallığı ilə seçilib. Ailəsi və dostları bu işin qurama olduğu, Vüqar Hacıyevin dini inancından doğan düşüncə və dünyagörüşünə görə həbs olunduğu fikirindədirlər”.

Şikayət edib, təzyiq görənlər...

ReAl Partiyasının sədri İlqar Məmmədov həbsdə olarkən onun hüquqlarını müdafiə etmiş, məhkəmə hakimlərə etiraz etdiyinə görə cərimələnmiş vəkil Fuad Ağayev indi bu üzdən axtarışa verilmək təhlükəsilə üzləşib.

Bu barədə Meydan TV-yə məlumat verən vəkil Fuad Ağayev bildirib ki, Xətai rayon İcra və Probasiya Şöbəsindən belə bir xəbərdarlıq məktubu alıb.

Siyasi fəal İlkin Rüstəmzadə özünün və yaxınlarının təzyiqlərə məruz qaldığını deyir.

Bu barədə Meydan TV-yə danışan İlkin Rüstəmzadə bildirib ki, mayın 31-də bacısı Türkan Rüstəmzadəni Əhmədli qəsəbəsində evə gələndə hədələyiblər: "Tanımadığı bir nəfər bacımın ağzından tutub deyib ki, qardaşın ağıllı olsun, gələn dəfə xəbərdarlıq etməyəcəyik".

Deputat Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəyə, həmçinin atası, keçmiş deputat Qalib Salahzadəyə qarşı məhkəmədə iddia qaldıraraq, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edən paytaxt sakini Seymur Quliyev təzyiqlərə məruz qaldığını deyir.

O, iddia ərizəsində cavabdeh deputatın qayınatası Allahşükür Paşazadəni üçüncü şəxs, Prezident İlham Əliyevi isə maraqlı şəxs qismində göstərib.

Seymur Quliyev Meydan TV-yə bildirib ki, mayın 18-də onu Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsindən çağırıblar: “Mən narkotik, silahla şərlənmək ehtimalımı da istisna etmirəm. Bu barədə mənə xəbərdarlıq da olunub. Mülkiyyət hüququmun müdafiəsinə qalxanda hər şeyi gözə almışam. Əlimdə çıxarışım ola-ola, ailə üzvlərimin yaşadığı evdən çıxarılıb, uşaqlarımın oyuncaqlarının oğurlanıb, evlərimin sökülməsi mənim ləyaqət məsələmdir”.

Zorakılığa məruz qalanlar, öldürülənlər

“Bu ay LGBTIQ+ vətəndaşlara qarşı 9 təzyiq hadisəsi törədilib”, - LGBTIQ+ vətəndaşların hüquqlarını müdafiə edən hüquqşünas Jalə Bayramova Meydan TV-yə belə deyib.

Təzyiqlərə gəlincə, hüquqşünas deyir ki, bunlar müxtəlif növdə olub.

Küçədə, yolda gedərkən hücum edib, döyməkdən tutmuş, yaşadıqları evlərdən zorla, sürüyə-sürüyə çıxarılmaya qədər...

Gədəbəydə yaşlı qadına qarşı zorakılıq göstərərək tövlədə bağlı vəziyyətdə saxlamaqda şübhəli bilinən şəxsin həbs edildiyi bildirilir.

zorakılıq

zorakılıq

Source: Meydan TV

Gədəbəyin İvanovka kəndində yaşayan, 1934-cü il təvəllüdlü Səkinə Həsənova qohumu Qəzənfər Hacıyev tərəfindən tövlədə bağlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumatı Meydan TV-yə təsdiqləyib. Deyib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Paytaxtın Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədov həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, Fəqan Əhmədov artıq şübhəli şəxs qismində istintaqa cəlb olunub: “Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq, Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

22 yaşlı Banu (ad şərtidir) özünü məişət zorakılığının qurbanlarından hesab edir.

O, ailəsində atası, anası və qardaşı tərəfindən psixiloji və fiziki təzyiqə məruz qaldığını deyir.

Banunun sözlərinə görə, ibtidai sinif müəllimliyi ixtisasını bitirib. Ailəsi onu müəllim olmağa məcbur etdiyi üçün bu ixtisası seçib.

İndi isə məhşur restoranların birində inzibatçı işləyir: “Uşaq olanda atam mənimlə çox mehriban idi, ən sevimli uşağı idim. Böyüdükcə mənə qarşı rəfdarı dəyişməyə başladı. Öz ayaqlarımın üstündə durmağım onu narahat edirdi. Atam düşünürdü ki, qız uşağı işləməz, axşam 9-dan sonra evə gəlməz. Mən isə yaxşı maaş təklif etdikləri üçün restoranda işləməyə başlamışdım. Bəzən işdən gec çıxmalı olurdum. Atam isə bu vəziyyəti qəbul etmirdi. Nə vaxt ki ona pul verirdim, yaxşı övlad olurdum. Elə oldu ki, kreditə telefon aldım və atama artıq əvvəlki kimi pul verə bilmədim. O zaman mənim şiddət hekayəm başladı”.

Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanovun tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı öldürüb.

Hadisə ilə bağlı məlumat yayan Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, Həsən Osmanov daha sonra intihara cəhd edib. Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünür: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.

Sosial şəbəkələrdə Tahir Zəngilanlı kimi tanınan Tahir Heydərov deyir ki, törətmədiyi cinayəti boynuna qoymaq üçün gecədən səhərədək işgəncəyə məruz qalıb, ailəsilə təhdid olunub. O, mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

1986-cı il təvəllüdlü Tahir Heydərov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma və ya saxlama) maddəsilə ittiham olunur. Lakin o, bu ittihamın saxta olduğunu bildirir.

Haqqını Avropa İnsan Hüquqları Məhkəməsində axtaranlar

Mayın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı daha 4 qərarını elan edib.

Məhkəmə şikayətçilərin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb və Azərbaycan dövlətinin üzərinə ərizəçilərə ümumilikdə 118 min avrodan artıq təzminat ödəmək vəzifəsi qoyub.

“Aleksandr Lapşin Azərbaycana qarşı” işdə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib.

Qərara əsasən, Azərbaycan hökuməti ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Azərbaycan beynəlxalq aləmin gözündə

“Azərbaycanda qadınlara qarşı məişət zorakılığı var. Bu, qadınlara qarşı zorakılıqla mübarizənin təməl prinsipinə ciddi zərbədir”, - Norveç Helsinki Komitəsinin bu yaxınlarda açıqladığı hesabatda belə deyilir.

Komitə bildirir ki, məişət zorakılığı ilə üzləşən qadınların müdafiə və dəstəyə ehtiyacı var: “Ancaq bu baxımdan Azərbaycan qanunvericiliyində boşluqlar var. Eyni zamanda, hüquqi qoruma qeyri-adekvatdır və məişət zorakılığı kimi hallarda qadınlar müdafiəsizdir”, - hesabatda qeyd edilir.

Məhkəmələrdə çəkişənlər

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, bu şirkətin zorla əlindən alındığını iddia edən iş adamı İlqar İsmayılovun vəkilləri məhkəmədə bildirib ki, o, heç bir cinayət törətmədiyi halda, həbs edilib.

Mayın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində iş adamının vəkilləri onun təqsirsiz olduğunu vurğulayaraq, barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər. Hakimlər kollegiyası bu vəsatətlərin hər ikisinə “yox” deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə iyunun 8-də yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Apelyasiya Məhkəməsində onun 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılıb.

Hakim Faiq Qasımovun sədrliyilə keçirilən məhkəmə iclasına prosesi izləməyə gələnlərin heç biri buraxılmayıb. Bu da Səid Məmmədzadənin etirazına səbəb olub. O, məhkəmə prosesini izləməyə gələn hər kəsin, o cümlədən jurnalistlərin zala buraxılmasını istəyib.

Səid Məmmədzadənin vəkilinin verdiyi heç bir vəsatət təmin edilməyib.

Tovuz istiqamətindəki döyüşlərdən sonra - 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşüylə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunanlardan 12 nəfərə hökm oxunub.

Onların arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim, Bəxtiyar İmanov da var. Hökmü Səbail Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov çıxarıb. Lakin hökm Bakı Apelyasiya Məhkəməsinin binasında elan edilib.

Hökmə əsasən, adları çəkilən AXCP funksionerləri də daxil olmaqla, 12 nəfər yürüş zamanı Milli Məclisin binasına qanunsuz daxil olma, binaya və oradakı əşyalara ziyan vurma, ərazidə polis avtomobilinin aşırılması və s. əməllərdə təqsirli bilinib.

İyunun 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi, partiya üzvü Ruslan Əmirova hökm oxunub.

O, 2020-ci ilin iyulunda Qarabağa və Azərbaycan Ordusuna dəstək yürüşünə görə məhkum edilib.

Hökmə əsasən, Ruslan Əmirov Cinayət Məcəlləsinin 186 (özgə əmlakına ziyan vurma), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və başqa maddələrilə təqsirli bilinib.

AXCP fəalı yürüş zamanı bir qrup şəxsin Milli Məclisin binasına daxil olması, maşınların aşırılması kimi olaylarda təqsirli bilinib.

AXCP

AXCP

Source: Meydan TV

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/rkrqld

Most Viewed