Azərbaycan hakimiyyətinin Gürcüstandakı seçkilərə müdaxiləsi iddia olunur

Fuad Muradov da çıxışı zamanı seçkilərə namizədliyini vermiş Zaur Dağallını dəstəkləyən fikirlər səsləndirib

Source: Reuters

Mayın 19-da Gürcüstanda beş bələdiyyə başçısı və parlamentdəki boş qalmış yerlər üçün növbədənkənar seçkilər keçiriləcək. Boş qalmış bələdiyyə başçısı postlarından biri də etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Kvemo-Kartli bölgəsinin Mareuli rayonudur. Marneuli rayonunda qeydiyyatdan keçmiş 99,456 seçici 15 namizəd arasında seçim edəcək. Namizədlərdən 14-ü partiya mənsubiyyətlidir, 1-i isə müstəqil olaraq seçkilərə qatılacaq. Əsas rəqabətin isə azərbaycanlı 4 namizəd – Gürcü Arzusu Partiyasından Zaur Darğallı, “Avropalı Gürcüstan”dan Əhməd İmamquliyev , “Vahid Milli Hərəkat”dan Aqil Mustafayev və müstəqil namizəd Əli Bədirov arasında olacağı gözlənilir.

Lakin seçkilərin şəffah keçiriləcəyi ilə bağlı şübhələr mövcuddur. Buna son prezident seçkilərində beynəlxaq təşkilatların Gürcüstanda seçki institutunun zəifləməsi ilə bağlı verdiyi hesabatlar səbəb olub. “Economist Intelligence Unit” təşkilatı seçki mərhələsindəki problemləri göstərərək Gürcüstanın Şərqi Avropa ölkələri arasında Demokratiya İndeksində ən çox geriləyən ölkə olaraq göstərmişdi.

Həmçinin Azərbaycanın seçki prosesinə müdaxilə etdiyini düşünənlər də az deyil. Cari ilin aprel ayında Marneulidə Azərbaycanlıların İnteqrasiya Mərkəzinin açılışında Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı seçkilərə namizədliyini vermiş Zaur Dağallını dəstəkləyən fikirlər səsləndirmişdi. O çıxışı zamanı Zaur Darğallının olduğu istiqamətə dönərək “Mən hər zaman inteqrasiya məsələlərində millət vəkillərinin dəstəyini hiss etmişəm. Ümid edirəm ki, onlar bütün seçkilərdə layiqli qələbə çalacaqlar,”- deyərək dəstəyini ifadə etmişdi.

Bu hadisədən daha əvvəl, son prezident seçkilərindən öncə, oktyabrın 23-də SOCAR prezidenti Rövnəq Abdullayev və Azərbaycan səfirliyinin nümayəndələri Marneuliyə gələrək Gürcü Arzusundan olan bir qrup siyasətçi ilə görüşmüşdülər. Bu görüş müxalifət tərəfindən etirazlarla qarşılanmışdı.

Gürcüstan azərbaycanlısı olan yerli fəal Samirə Bayramova da azərbaycanlıların yaşadığı yerlərdə seçkiöncəsi proseslərin şəffaf aparılmadığını bildirir. Onun sözlərinə görə dövlətə məxsus inzibati orqanlar, həmçinin Marneuli Resurs Mərkəzi hakim partiya olan Gürcü Arzusunun namizədinin təbliğatı üçün cəlb edilib:

“2018-ci ildə biz seçkilərin qeyri-şəffaf keçirildiyini gördük. Hazırkı seçki təbliğatında da problemlər çoxdur. Buna görə də əhali arasında inamsızlıq var. Çünki onlar başa düşürlər ki, səsləri həlledici deyil, yuxarıda verilən qərarlar önəmlidir. Dövlət orqanlarında işləyənlər təbliğata cəlb olunur. Daha pis olan budur ki, bu saxtakarlıqlar haqda yerli əhalinin məlumatı olmur. Onlara çatımlılıq çox aşağı dərəcədədir. Məktəblilər bu proseslərdə iştirak edir. Əvvəllər bu prosesə yalnız direktorlar və müəllimlər qatılırdısa, hazırda şagirdlər də proseslərə cəlb edilir”.

Meydan TV əməkdaşı Marneulinin şəhər mərkəzi və kəndlərində apardığı müşahidələr zamanı da oxşar hallarla rastlaşıb. İki fərqli kənddə işləyən müəllimlərin bildirdiyinə görə onlara olduqları məktəbin direktorları tərəfindən göstəriş verilib ki, gündəlik olaraq öz “Facebook” hesablarında hakim partiya Gürcü Arzusunun namizədi Zaur Darğallıya aid paylaşımlar etsinlər. 2 şikayətçinin, həmçinin müşahidə etdiyimiz digər oxşar 8 “Facebook” hesabında həqiqətən də eyni şəkil və statusların paylaşılması halı var.

Məsələ ilə bağlı Meydan TV-yə açıqlama verən Zaur Darğallı məlumatların yanlış olduğunu deyib. O bildirib ki, təbliğatında yalnız könüllü şəxslər və tanıdığı insanlar iştirak edir.

“Ümumiyyətlə, biz 18 yaşından aşağı heç kimi öz işlərimizə cəlb etmirik. Bizimlə bağlı səsləndirələn fikirlər də həqiqətdən uzaqdır,” – deyə Darğallı bildirib.

Darğallı aprel ayında Fuad Muradovla görüşünü onun keçmiş vəzifəsi çərçivəsində olduğunu və qanundankənar iş görmədiyini deyib.

Vahid Milli Hərəkatın namizədi Aqil Mustafayev də seçkiöncəki proseslərdən şikayətlənib:

“Seçicilərin pulla alınması ilə bağlı xəbərlər var. Həmçinin digər ciddi qanun pozuntularını müşahidə edirik. Ən böyük saxtakarlıq isə daşınan seçki qutuları ilə bağlıdır. Əlilliyi olan şəxsləri üçün nəzərdə tutulan qutuların qeydiyyatına düşmüş insanların çoxu sağlam, əlil olmayan insanlardır”.

Mustafayev Azərbaycan tərəfinin seçkilərə müdaxiləsi barədə tez-tez eşitdiklərini, lakin bu barədə faktların olmadığını deyir:

“Bu haqda fikirlər səslənir. Əgər həqiqətən də bu fikirlər doğrudursa, bir ölkənin digər ölkənin seçkilərinə müdaxiləsi qəbuledilməzdir. Amma istənilən halda bütün bu problemlərə baxmayaraq, inanırıq ki, xalq sabah seçkilərə gələcək və öz səslərini qoruya biləcək”.

Ana səhifəReportajAzərbaycan hakimiyyətinin Gürcüstandakı seçkilərə müdaxiləsi iddia olunur