“Azərbaycan əməliyyatlarda üstünlük qazanmalıdır ki, beynəlxalq aləm dəyişikliyi anlasın”

Rauf Mirqədirov ehtimal edir ki, hərbi əməliyyatlar maksimum 15 gün davam edəcək

Source: Report


Siyasi icmalçı: “Məğlubiyyət olarsa, ölkədə xaos başlayar”

Sentyabrın 28-də həmsədr dövlətlər olan ABŞ, Fransa və Rusiya rəsmiləri Ermənistan və Azərbaycandan hərbi əməliyyatları dərhal dayandırmağa çağırış ediblər. Buna rəğmən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə əmina-amanlığın yalnız Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal tərk etməsi ilə başlana biləcəyini deyib.

Regional və dünya güclərinin hadisələrə yanaşmasını Meydan TV-yə şərh edən siyasi icmalçı Rauf Mirqədirov bildirib ki, 2016-cı ilin aprel və bu ilin iyul hərbi əməliyyatlarından fərqli olaraq dünəndən başlanan əməliyyatlar miqyasına görə çox genişdir:

“Ona görə indiki hərbi əməliyyatları bir anın içində dayandırmaq mümkün deyil. Hazırda hərbi əməliyyatlara böyük qüvvələr cəlb olunub və hər iki tərəfdən ciddi itkilər var”.

Rauf Mirqədirov deyir ki, xaricdən səslənən çağırış bəyanatlarının çoxluğuna baxmayaraq, birmənalı kəskinlik yoxdur:

“Tələblər olsa da, bunların arxasında əməli addımların olacağı barədə bəyanat yoxdur. Hələlik BMT Təhlükəsizlik Şurasının çağrılması haqqında bəyanat yoxdur, yaxud hərbi əməliyyatlara bu və ya digər dərəcədə müdaxilə ediləcəyinə işarə də görünmür. Yeganə Türkiyə açıq şəkildə deyir ki, bütün imkanlarıyla Azərbaycanı dəstəkləyirlər. Digər dövlətlərdən çağırış eşidilir ki, hərbi əmıliyyatlar dayandırılsın, məsələ hərb yoluyla həll olunsun. Bu baxımdan nə qədər ki, zor diliylə danışıqlar yoxdur, hərbi əməliyyatlar davam edə bilər. Əgər aparıcı dövlətlər münaqişə tərəflərilə zor dilində danışacağına işarə vuracaqlarsa, bu halda proseslərdə dəyişikliklər olacaq”.

Rauf Mirqədirov ehtimal edir ki, hərbi əməliyyatlar maksimum 15 gün davam edəcək:

“Əməliyyatların necə bitəcəyini proqnoz verə bilmərəm. Amma Azərbaycan bu müddətdə hiss olunacaq qədər ciddi üstünlüklər qazanmalıdır ki, növbəti danışıqlar mərhələsinə yeni gerçəkliklə daxil olaq. Azərbaycan cəmiyyəti də, Ermənistan cəmiyyəti də, beynəlxalq aləm də sanki 26 illik atəşkəs gerçəkliyinə öyrəşmişdi. Təəssüf ki, Azərbaycan 4 il əvvəlki aprel və iyuldakı Tovuz döyüşlərində istifadə edib beynəlxaq ictimaiyyətin diqqətini problemə yönəldə bilmədi. Ancaq indiki vəziyyətdə Dağlıq Qarabağı tam şəkildə işğalçılardan təmizləyə bilməsək də, kifayət qədər üstünlük əldə olunmalıdır ki, danışıqlar başlayanda beynəlxaq ictimaiyyət mənzərənin dəyişdiyini anlasın. Yəni bilsinlər ki, mövcud gerçəkliyi sülh yoluyla dəyişdirmək də olar. Ona görə də məğlubiyyət olarsa, ölkədə xaos başlayar və bundan Azərbaycan itirər”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev dünən xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü

bildirilir.

Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan

edilib

.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Ana səhifəSiyasət“Azərbaycan əməliyyatlarda üstünlük qazanmalıdır ki, beynəlxalq aləm dəyişikliyi anlasın”