“Az qala otuz ildir yatmırıq”

Valideynləri Turalın xəstəliyinin müalicəsi olduğuna inanır

Source: Specify Source


Ağdaş sakini: “Heydər Əliyev Fonduna yazandan sonra dərmanları pulsuz verdilər”

Ağdaşın Mürsəl kəndinin 28 yaşlı sakini Tural Atakişiyev nə gəzə, nə də danışa bilir. Hidrosefal xəstəliyi (beyinə həddən artıq maye yığılması) onu yaxınlarına möhtac qoyub.

Tural bu xəstəliyə üç yaşı olanda tutulub. Xəstəlik orqanizmini yavaş-yavaş sıradan çıxarıb. Əvvəlcə məlum olub ki, məktəbə gedə bilməyəcək. 10 yaşından sonra nitq qabiliyyətini itirib. Ardınca tamamilə yatağa məhkum olub. 19 il sərbəst hərəkət etməmək onu çox ağırlaşdırıb, çəkisi 120 kiloqramı keçib. Evdə valideynləri, bacısı onu həyatda saxlamaq üçün mübarizə aparır.

“Normal doğulmuşdu. Əvvəlcə özünü çox yaxşı idarə eləyirdi. Hətta çox inkişaf etmiş uşaq saymaq olardı. Xəstəlik onu zamanla məhv elədi. Azərbaycanda heç bir həkim tam müalicə etməyə boyun olmadı. Heç kim məsuliyyəti üzərinə götürmədi. Hələ o vaxt məsləhət gördülər ki, Sankt-Peterburqa aparaq. İmkan olmadı, apara bilmədik. İndi onu yalnız sakitləşdirməyə çalışırıq. Əlimizdən başqa heç nə gəlmir”, – Turalın atası Boris Atakişiyev danışır.

Sakitləşdirmək həmişə mümkün olmur. Boris deyir ki, oğlunun günlərlə sakitləşmədiyi, hər şeyi vurub dağıtdığı vaxtlar olub: “İllərdi bu əziyyəti çəkirik. Bütün əsəblərimiz korlanıb. Az qala otuz ildir yatmırıq”.


“Təqaüdünü pampersə və dərmanlara xərcləyirik”

Boris Atakişiyev deyir ki, bir neçə il əvvələ qədər dərmanlara böyük pullar xərcləyiblər. Sonra Heydər Əliyev Fonduna yazıblar. Məktubun xeyri o olub ki, Ucar Rayon Mərkəzi Xəstəxanasında bir çox dərmanı pulsuz verməyə başlayıblar. Amma yenə yetmir, ailə xərcləri ödəmək gücündə deyil.

“Birinci qrup əlil kimi 250 manat alır. Təqaüdünü pampersə və dərmanlara xərcləyirik. Pampersin biri 1 manatdı. Sağ olsun hökumət, bir söz demirəm. Heç verməsə, neyləyərik?! Amma ona verilən pul özünə çatmır”, – Turalın anası Nübar Atakişiyeva bunları deyir.

image_from_ios (10).jpg
Nübar Atakişiyeva və Boris Atakişiyev

Boris danışır ki, oğlunun vəziyyəti ağırlaşandan sonra uzun illər işləməyib. İndi də daim işləyə bilmir. Çünki Turalın həmişə qayğıya ehtiyacı var. Boris həyat yoldaşı və qızı ilə birlikdə oğlunu çox çətinlikdə qaldıra bilir. Bu yerdə Nübar deyir ki, qızının öz qardaşına gömək etməkdən əlinin sümükləri yerindən oynayıb: “Çox ağırlaşıb. Heç qaldıra bilmirik. Bizim də gücümüz qalmayıb. İkimiz də xəstəyik. Ağzında dişi yoxdu, düz əməlli yemir. Amma hərəkətsizlikdən dayanmadan kökəlir. Bir dəfə saxlaya bilmədim, üstümə düşdü, ayağım sındı”.


“Yanımda kimsə başqa xəstəyə güləndə çox sarsılıram”

Valideynləri Turalın xəstəliyinin müalicəsi olduğuna inanır. Nübar deyir ki, oğlu anadangəlmə bu vəziyyətdə olmayıb deyə, sağala biləcəyinə şübhəsi yoxdur. Amma ailə böyük əməliyyat xərclərinin öhdəsindən gəlmək gücündə deyil. Ana əlavə edir ki, həmişə oğluna baxmağa hazırdır: “Heç olmasa, ayağa qalxsın, özünü idarə eləsin”.

Boris kədərli halda deyir ki, uşağın dişləri çürüyüb. Amma çəkdirmək mümkün deyil. Çünki Tural həkimləri yaxına buraxmır: “Əvvəllər o qədər vurub dağıdırdı ki, çarpayıya bağlamalı olurduq. Televizorda baxıram ki, xəstə uşağını çarpayıya bağlayan ananı məsuliyyətə cəlb eləyirlər. Bəs neyləsin?! Tək aqressiv uşaqla bacarmaq olmur”.

Boris düşünür ki, bəlkə də, oğluna bu vəziyyətinə görə lağ edənlər var: “Yanımda kimsə başqa xəstəyə güləndə mən çox sarsılıram. Saxlaya bilmirəm özümü, deyirəm, o özü Allaha müraciət eləməyib ki, mənə bu dərdi ver”.

Nübar ana-bala arasındakı mənəvi bağdan danışır. Düşünür ki, oğlunun ona ayrı münasibəti var: “Hərdən sanki “ana” deyir. Elə bil köməyə çağırır”.

Boris oğlunun bəzən gülümsədiyini fikirləşir. Bəlkə də, heç kim görmür, amma ata hiss eləyir…

Ana səhifəBölgə“Az qala otuz ildir yatmırıq”