Source: Meydan TV

“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub

Vüqar Babayev həmçinin kirayə qaldığı mənzilin əşyalarını oğurlayıb satmaqda ittiham edilir

Azərbaycanda doğulub böyümüş işadamı, “AST” Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumu, 1986-cı il təvəllüdlü Vüqar Babayev həbs olunub. Cinayət Məcəlləsinin 177.1 (oğurluq) və 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham olunan V.Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə baxılır.

V.Babayevin qonşusunu - alternativ enerji təminatçısı “Alten Group”un direktoru Elmar Qeybətovu aldatdığı iddia edilir. Prokuror məhkəmədə ittiham aktını səsləndirərkən məlum olub ki, “AST Telman”ın qohumuyla şirkət rəhbəri arasında “Ferrari” söhbəti olub. V.Babayev ona 230 min dollara “Ferrari” almağa söz verib, lakin vədinə əməl etməyib. Pulu alsa da, avtomobili verməyib

V.Babayev həmçinin evlərini satandan sonra kirayə qaldığı mənzilin əşyalarını oğurlayıb satmaqda ittiham olunur.

V.Babayev ittihama münasibət bildirərkən əşyaları oğurlaması barədə yazılanların həqiqətəuyğun olmadığını söyləyib. Dələduzluq ittihamıyla isə özünü qismən təqsirli bilir. O bildirib ki, E.Qeybətov üçün “Ferrari”ni tapıb, lakin maşının sənədlərində problem yaranıb. Bu üzdən həmin işi başa çatdırmaq mümkün olmayıb: “Məndən asılı səbəblər deyildi”.

Özünün də lüks avtomobillərə həmişə böyük maraq göstərdiyini söyləyib. Dediyinə görə, ayrı-ayrı vaxtlarda “Maseratti”, “Ferrari”, “Mercedes”, BMW kimi bahalı avtomobillər sürüb. “Ferrari” almaq istəyən keçmiş qonşusu E.Qeybətov da bunu bildiyinə görə ona müraciət edib.

V.Babayev qiyməti bir neçə yüz min olan maşınlar sürdüyünü deyəndən sonra hakimlər onun gəlir yeri ilə maraqlanıb. O bildirib ki, heç yerdə işləmir, amma “AST Telman”ın qohumudur. V.Babayevin sözlərinə görə, T.İsmayılovun qardaşı Çingiz İsmayılovun qızı onun anasıdır.

V.Babayevin məhkəməsinə qohumlarından kimsə gəlməyib. Bu məsələ ilə əlaqədar o bildirib ki, anası və digər yaxınları Moskvada yaşayır.

V.Babayev oğurluq ittihamını qəbul etməyib. Maşınlarını, evini satdıqdan sonra kirayə qaldığı mənzildən mikrodalğalı soba, televizor və qabyuyan maşını oğurlamadığını, onlar xarab olduğuna görə tulladığını bildirib. Ondan soruşulub ki, xarab olmuş əşyaları niyə ev sahibindən xəbərsiz tullayıb? Bu haqda sahibini niyə məlumatlandırmayıb? O, cavabında deyib ki, buna ehtiyac duymayıb.

Məhkəmədə məlum olub ki, V.Babayevin həyat yoldaşı da istintaqa ifadəsində onun evdən əşyalar oğurladığını söyləyib.

Həm Elmar Qeybətov, həm də evin sahibi Fərəh Qurbanova bu iş üzrə zərərçəkmiş qismində tanınıb. Onlar növbəti məhkəmə iclasında dindiriləcək.

Fərəh Qurbanova Milli Məclisin üzvü olmuş, mərhum akademik, dilçi alim Afad Qurbanovun qızıdır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/1ug08e

Most Viewed