AŞPA-dan utancverici qərar: Münhen kabusu geri dönür?

Bizim bu gün yaşadığımız dövr bir çox aspektdən iki dünya müharibəsi arasındakı dönəmə çox bənzəyir

Foto: Meydan TV

Bu gün Fransa, Almaniya və İtaliyanın təşəbbüsü ilə Rusiyanın Krımı işğala görə AŞPA-da dondurulan səs hüququ bərpa edilib. Bu, müasir Avropa tarixinin ən utancverici qərarlarından biridir və Avropa Şurasının Millətlər Liqasına çevrildiyini göstərir.

Millətlər Liqasının iflasını İkinci Dünya Müharibəsi müşayiət etmişdi. Bu dəfə NATO-nun və nüvə silahlarının mövcudluğu total müharibəni böyük ölçüdə istisna etsə də, bu qərar Şərqi Avropanın, həmçinin Qafqazın hərbi ittifaqlarla dəstəklənən möhkəm buferə sahib olmayan ölkələrinin Rusiya qarşısında daha da zəifləməsi, Rusiyanın bu ölkələrdəki mövcudluğunun tanınması anlamına gəlir.

Bu gün tarixçi Altay Göyüşov sosial şəbəkədə yazdığı paylaşımında bu prosesi Münhenə bənzədib. Məncə, tamamilə eyni situasiya və eyni qərar olmasa da, oxşarlıqlar çoxdur. Ən əsası ruh eynidir.

Bizim bu gün yaşadığımız dövr bir çox aspektdən iki dünya müharibəsi arasındakı dönəmə çox bənzəyir. Avropa böhranı artıq qapıdadır və yüksələn milliyyətçilik dalğası fonunda vahid Avropa evi çatırdamaqdadır. Böyük Britaniya və ABŞ izolyasiyonizm meyillərini nümayiş etdirir, demokratik dəyərlərin tapdalanması artıq, daha az reaksiyaya səbəb olur, Avropanın birliyini qoruyub saxlamalı olan Fransa və Almaniya iqtisadi sferaya daha çox yönəlib.

Yuxarıda bəhs edilən dövrün tarixini oxumayanlar üçün burada tarixə yüngülcə nəzər salmaq yerinə düşər. Birinci Dünya Müharibəsindən sonra imzalanan Versal müqaviləsi yarımçıq idi və çox qısa bir müddətdən sonra sülh, azadlıq və demokratiya kimi dəyərlər üzərində qurulan bu nizam dağıldı. Avopada demokratiyalar bir-birinin ardınca çökdü. Faşizm dalğası bütün Avropanı bürüdü. Bu dövrdə ABŞ izolyasionizmə qayıtmış, İngiltərə 1-ci Dünya Müharibəsindəki düşməni, məğlub Almaniya ilə yaxınlaşma yolunu seçmişdi. Versal müqaviləsinin bütün ağırlığının üzərinə çökdüyü Fransa isə ümidsizlik və çarəsizlik dolu addımlarıyla Almaniyanın başladacağı yeni müharibədə dayana bilmək üçün formullar axtarırdı.

Və belə bir qarmaqarışıq dönəmdə, Almaniyada hakimiyyətə gələn və tarixin ən qəddar rejimlərindən birini quran Hitler mövcud Avropa sisteminin çox yumşaq olduğunu dərhal anlamış və cəmi 5 il ərzində Versalın Almaniyanın üzərinə qoyduğu bütün qadağaların və ərazi sanksiyalarının ləğvinə nail olmuşdu. Və Hitlerin ard-arda atdığı riskli addımlar zamanı Avropada ona müqavimət göstərə biləcək iki dövlətin-Fransa və Britaniyanın- tərəddüd göstərməsindən şirniklənən Hitler, Çexoslovakiyanın almanlar yaşayan Südet bölgəsinə iddia etməyə başladı. Hitlerin ard-arda ultimatumlarından və Britaniyanın Baş naziri Çemberlaynın iki səfərindən sonra Mussolininin təklifi ilə 4 ölkənin lideri Münhendə görüşdü. Konfransa dəvət olunan Çexoslovakiya nümayəndələrini razı salan Çemberlayn Hitlerdən Çexoslovakiyanın qalan ərazisini işğal etməməyə zəmanət aldı və Münhen müqaviləsi imzalandı. Sudet almanlara verildi. Qayıdarkən, aeroportda jurnalistlərə “piece in our time-bizim dövrümüz üçün sülh” bəyənatını verən Çemberlayn, eləcə də müqavilənin digər tərəfi, Fransanın Baş naziri Daladye Göbbels radio çıxışında müqavilə tərəflərini ələ salanda, ardınca isə vermaxt müqaviləni pozub Çexoslovakiyanı tam işğal edəndə susdular. Və bütün bu proseslər zamanı “sülhün və azadlığın təminatçısı” Millətlər Liqası tam yararsız olduğunu nümayiş etdirdi və ömrünü tapşırdı.

Ardınca isə Hitler eyni şeyi Polşa ilə etdi və II Dünya Müharibəsi başlandı. Və 1938-ci ildə imzalanan Münhen müqaviləsi tarixə təslimiyyətçiliyin və alçalmanın simvolu kimi düşdü.

Gələk bizim dövrümüzə. Soyuq müharibədəki həddən artıq gərilmə kommunist bayraqlı Böyük Rusiyanı-SSRİ-ni dağıtdı və 15 müstəqil respublika yarandı. Həmin respublikaların müstəqilliyi həmin vaxt gücsüz və qərbin maliyyə dəstəyindən asılı olan Rusiya tərəfindən tanınsa da, rusların çoxu və istisnasız olaraq bütün liderləri qəlblərinin dərinliklərində bu əraziləri Rusiyanın əyalətləri hesab edirlər. Sonra Putin gəldi və qəlblərin dərinliklərində gizlənənləri açıqca deməyə başladı. İlk qurban 2008-də Gürcüstan oldu. Avropalıların diplomatiyası soyuq müharibədən sonra böyüdüb bəslədiyi Rusiya tərəfindən ilk dəfə belə bir addımla qarşılaşdı və qeyri-adi acizlik nümayiş etdirdi. Rus tankları Tbilisinin 30 kilometrliyində dayandı və bununla da keçmiş SSRİ-nin bütün müstəqil dövlətlərinə eyni mesajı vermiş oldu: Ağıllı olun.

İkinci qurban Ukrayna oldu. Qədim rus dövlətinin məskəni və rusların müstəqilliyini heç vaxt qəbul etmədiyi bu ölkə, qərbə inteqrasiya şüarıyla küçəyə çıxan insanların həyata keçirdiyi inqilabi prosesin bahasını Krımın və şərqi Ukraynanın ruslar tərəfindən işğalıyla ödədi. Krımın işğalına beynəlxalq reaksiya çox sərt oldu və Rusiya bir çox beynəlxalq platformadan qovuldu, hüquqları məhdudlaşdırıldı. Sanksiyalar tətbiq olundu.

Lakin onda dünya az-çox prinsiplər dünyası idi. Demokratiya ab-havası indikindən xeyli güclü idi. ABŞ-ı hüquq professoru idarə edirdi, Britaniyada brexit yox idi. Avropa İttifaqı indiki qədər zəif deyildi, Suriyalı qaçqınlar və faşizm dalğası yeni-yeni boy göstərirdi. Və indi 5 il sonra dünya tamam dəyişib. Və bu şəraitdə ən möhkəm dayanıb hamıya nümunə göstərməli olanlar zorakılıq qarşısında təslim bayrağını hamıdan tez çəkirlər. Avropa qurumlarının son dövrlərdə göstərdiyi davranış çox utancvericidir və bu proses belə getsə, Rusiyaya qarşı bütün sanksiyaların ləğvi, Krımın Rusiya ərazisi kimi tanınmasıyla yekunlaşacaq. Bu prosesdə ən hüznlü və ağrıdıcı odur ki, tərəzinin bir gözünə qoyulan demokratiya, ərazi bütövlüyü kimi prinsiplər, tərəzinin digər gözündəki holland pendirinə, italyan geyimlərinə, alman avtomobillərinə, fransız şərablarına uduzur. İqtisadi maraqlar, yavaş-yavaş dəyərləri udur və bu prosesin sonu heç də yaxşı görünmür…

Ana səhifəXəbərlərAŞPA-dan utancverici qərar: Münhen kabusu geri dönür?