Artur Rasizadə: “Xalq düşməni” ailəsinin üzvü olmuşam


“Mən hansı statusla Qorbaçova məktub göndərib, qoşunları Bakıya dəvət edə bilərdim?”

22 il Azərbaycanın Baş naziri olan Artur Rasizadə özü haqqında illərdir yayılan məlumatlara aydınlıq gətirib. O, modern.az saytına geniş

müsahibə

verib.

Sabiq Baş nazir gəlininin erməni olması barədə deyilənləri gülüşlə qarşılayıb və bildirib ki, onun oğlu olmadığı halda gəlini də yoxdur. Baş nazir anasının ata tərəfdən belçikalı olduğunu deyib:

“Anamın atası çar dövründə Rusiyanın Rostov şəhərinə gəlib. Rostovda balaca müəssisə yaratmışdı və ayaqqabı tikişində istifadə olunan mis istehsal edirdi. Rəhmətlik nənəmlə orada tanış olublar. Nənəm yarırus, yarıpolyak olub. Orada da ailə qurublar. Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər”.

Artur Rasizadə bir sıra mətbuat orqanlarında onun anasının erməni olduğu barədə yazılara da münasibət bildirib. O deyib ki, xarici nümayəndələrin biri ilə görüşdə, ondan bu məsələnin nə qədər doğru olub-olmadığı soruşulub.

“Dedim birmənalı olaraq yalandır. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. Cavab verdim ki, yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir”.

Artur Rasizadə həyat yoldaşının ailəsinin 30-cu illərdə repressiyaya məruz qaldığını vurğulayıb:

“Yoldaşımın taleyi mənim taleyimlə oxşar olub. Mən də “xalq düşməni” ailəsinin üzvü olmuşam, o da. Görkəmli ədib Hüseyn Cavid sürgün olunanda bizə “xalq düşməni”nin qohumları deyirdilər (Artur Rasizadə Hüseyn Cavidin qardaşı nəvəsidir-müəllif). Yoldaşımın atası İbrahim Zeynalov da 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunaraq güllələnib. İxtisasca mühəndis olub. Neft şirkətində müavin işləyirdi. Yoldaşımın atası azərbaycanlı, anası isə rus olub. Atasını güllələyiblər, anasını isə Qazaxıstana sürgün ediblər. Həyat yoldaşım Aida xanım 9 yaşında ata-anasız qalıb”.

Sabiq Baş nazir 20 yanvar faciəsindən əvvəl Moskvaya ordu çağrılması barədə teleqram vurduğunu təkzib edib:

“Sovet İttifaqının tarixində belə bir şey olmayıb ki, hansısa respublikanın Baş nazirinin müavini Mərkəzi Komitənin Baş katibinə məktub ya da teleqram göndərsin. Məgər Rasizadənin işi-gücü yox idi ki, Qorbaçova teleqram göndərir?! Respublikanın Birinci katibi, ikinci katibi, Baş naziri yerində ola-ola Baş nazirin müavini Artur Rasizadə hansı statusla Qorbaçova məktub göndərib Sovet qoşunlarını Bakıya dəvət edir? Belə yalan olar?! Əlbəttə yalandır…”.

O, Azərbaycan şair-dramaturqu Hüseyn Cavidlə bağlı xatirələrinə də toxunub:

“Biz Hüseyn Cavidin ailəsi ilə sıx əlaqədə idik. Qohum kimi gedib-gəlirdik. Mənim Azərbaycan ruhunda böyüməməyim qeyri-mümkün idi. Mən kiçik olanda valideynlərim tez-tez Bakıya gəlib-gedirlərmiş. Həmişə də Hüseyn Cavidin evində qalardıq. Xatırlayıram ki, anam Cavid həbs olunmazdan qabaq Bakıya gəldiyimizi danışıb. İki ay Cavidin evində qalmışdıq. Cavid bizi teatra piyada aparırdı. Qabağına çıxan xanımlar, bəylər “Cavid əfəndi, salam” deyib keçirdilər”.

Artur Rasizadə keçmiş məmurlardan Ramiz Mehdiyev və Oqtay Əsədovla əlaqə saxlamadığını bildirib:

“Əlaqə saxlamırıq. 2018-ci ilin aprelində istefaya göndərildim. Bir dəfə Ramiz müəllimlə telefon əlaqəmiz olub. O vaxtdan bu günə kimi əlaqəmiz olmayıb. Həm də mən vəzifədən gedəndə Ramiz müəllim hələ Administrasiyanın rəhbərliyində qalırdı, məndən çox sonralar getdi… Sonra görünür, daha mənimlə işləri olmayıb deyə axtarılmadım. Bu da normaldır”.

Artur Rasizadə 1996-2018-ci illərdə Azərbaycanın Baş naziri olub.

Ana səhifəVideoArtur Rasizadə: “Xalq düşməni” ailəsinin üzvü olmuşam