Arif Əliyev: Yerli jurnalistlərin işləmək imkanı məhdudlaşıb

“Ancaq Azərbaycanın bu məsələdə tamam “açıq qapı” siyasəti yürütməklə, xarici jurnalistlərin bütün cəbhə bölgələrinə gedişini təmin etməklə avtomatik beynəlxalq aləmdə mövqeyini gücləndirəcək qənaətini bölüşmürəm”.

Source: Specify Source


"Xarici jurnalistlərin yaydığı məqalələrdə dərc olunan şəkillərin 90 faizi Ermənistan tərəfdən alınıb"

Ermənistanın Baş naziri Nikol Paşinyan onların diplomatiyasının böyük qələbə qazandığını

bildirib

.

Bu barədə “Facebook” səhifəsində yazan Baş nazir iddia edib.

O qed edib ki, beynəlxalq aləm Azərbaycan-Türkiyə tandemində onlara qarşı muzdlu terrorçular döyüşdüyünü etiraf edib: “Beləliklə, Artsaxın ön cəbhəsi sivilizasiyanın ön cəbhəsinə çevrilir. Artsax, hədəfləri geosiyasi sərhədlərlə ayrılmayan beynəlxalq terrorizmə qarşı mübarizə aparır. Terror hücumları ABŞ və İranı, Rusiya və Fransanı eyni dərəcədə təhdid edir. Artsax və Ermənistan, erməni xalqı qlobal təhlükəsizlik adı altında mübarizə aparır”.

Azərbaycan siyasi icmalçıları N.Paşinyan açıqlamasını son bir neçə gündə xarici medianın, əsasən "BBC"nin,"The Guardian", "Reuters" və başqa orqanların yazdıqlarına əsaslandığını güman edir.

"Presklub.az" saytının Baş redaktoru Arif Əliyev indiki vəziyyətdə Azərbaycan diplomatiyasının uduzması barədə fikirləri bölüşür.

Arif Əliyev foto Meydan TV
Arif Əliyev

Arif Əliyev deyir ki, sosial şəbəkələri məhdudlaşdırmağın məntiqi var idisə, yerli jurnalistlərin xarici mənbələrə çıxışını məhdudlaşdırmaq yanlış idi:

“Biz çox böyük çətinliklə xarici mediada dərc olunan materialların bir qismini əldə edə bilirik. Materiallar bizə çatanda da artıq gec olur. Əgər hökumət Azərbaycanda böyük təcrübəsi, beynəlxalq əlaqəsi olan və xarici mediada çalışan yerli jurnalistlərin işini məhdudlaşdırırsa, heç olmasa, onlardan ibarət bir qrup yaradıb operativ fəaliyyətə istiqamət verərdi. Ancaq, deyəsən, yanılmışam. Çünki Ermənistan KİV-lərindən həddən artıq feyk informasiyalar var, amma onlara yalnız Azərbaycan rəsmiləri cavab verirlər, müharibə şəraitində yerli jurnalistlərin isə işləmək imkanı məhdudlaşıb. Hətta xarici jurnalistlərin yaydığı məqalələrdə dərc olunan şəkillərin 90 faizi Ermənistan tərəfdən alınıb. Bu, düzgün iş taktikasının olmamasının təzahürüdür”.

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Oruc hesab edir ki, Paşinyanın dilində beynəlxalq mətbuat, ictimaiyyət ifadəsi çox yayğın, formal və gerçək tutumundan uzaq olaraq işlənilir: “Çünki həqiqətən də, mücərrəd qüvvələrin kimlərdən ibarət olduğunu gərək göstərəsən”.

Zahid Oruc hazırda "BBC", "CNN", istərsə Böyük Britaniya mətbuatının balanslı və obyektiv mövqe tutduqlarını bildirib:

“Bu baxımdan mətbuatın analizi, informasiya məkanındakı durumun monitorinqi Ermənistanın Baş nazirinə təqdim olunursa, gərək, onun qənaəti olsun ki, bunlar hansı modellər əsasında hazırlanır. Əgər bunlar olsaydı, Baş nazir gerçəkdənmi onların mövqeyinin üstünlük təşkil etdiyini deyə bilərdi? İkincisi, Ermənistan münaqişənin beynəlmiləlləşməsini hazırkı dövrdə siyasi-ideoloji müharibəsinin tərkib hissəsinə çevirib. Bu, başadüşülən olsa da, yeni deyil. Çünki ötən əsrin 90-cı illərindən Azərbaycan eyni vəziyyətə məruz qalıb. Əslində, onların iki məqsədi var: özlərinin gətirdiyi qüvvələri gizlətmək və daha artıq dərəcədə münaqişə beynəlmiləlləşərsə, başqa qüvvələr də prosesə qatılar, nəticədə region böyük dövlətlərin “yemi”nə çevrilər. Tarixən ermənilərin varlığı da bu kölgə altında mümkün olur”.

Zahid Oruc
Zahid Oruc

Zahid Oruc bildirib ki, Azərbaycan hökuməti 5 gündür informasiya tədbirlərini tətbiq edərək nəinki ictimai, hətta hərbi nəticələrini almaqdadır:

“Əvvəlki dövrlərdən fərqli olaraq yarımçıq çəkilişlər, qeyri-peşəkar rəylərin kütləviləşməsi və bu şərhlərdən doğan mənfi mühit bir sıra hallarda, əsgərin, zabitin açdığı atəşə mənfi təsir edirdi. Amma dünən "BBC"nin Bakı bürosunun və Tiflis üzərindən yayımlanan materialları çox obyektiv idi. Bəli, hörmətli Hikmət Hacıyev də xarici media qarşısında brifinq keçirdi, o cümlədən, XİN də bu yöndə addım atdı. Ancaq Azərbaycanın bu məsələdə tamam “açıq qapı” siyasəti yürütməklə, xarici jurnalistlərin bütün cəbhə bölgələrinə gedişini təmin etməklə avtomatik beynəlxalq aləmdə mövqeyini gücləndirəcək qənaətini bölüşmürəm. Bununla bərabər azad olunmuş ərazilərdə ilkin təhlükəsizlik tədbirləri həyata keçirilən kimi hökumət onların oraya gedişinə şərait yaradacaq”.

“Ermənistan ilk gündən xarici jurnalistlərə şərait yaradıbsa, biz artıq gecikmirikmi?” sualına deputatın cavabı belə olub:

“Ermənistanın şərait yaratması fonunda xarici informasiya ölçülərində yalnız bəlli qüvvələrin hansısa şərhləri, twitte-ləri və yaxud virtual şəbəkələrdə keçmiş şəkillərdən savayı ciddi bir şey yoxdur. Bundan başqa, əleyhimizə total, 90-cı illərdə olduğu kimi beynəlxalq fikrin formalaşdığını demək Paşinyanın məntiq tələsinə düşmək olardı. Əmin olun ki, yaxın zamanlarda hakimiyyətinin taleyinin həll olunduğu zamanda Paşinyan əvvəlki dövrlərdə olduğu kimi indi cəbhə xəttinə gəlib fotolar yaymaq əvəzinə kanallar qarşısında çıxışlar etməsini erməni xalqı ona bağışlamayacaq. O cümlədən, onun düşmənə çevirdiyi Sarkisyan və Köçəryan da. Əslində, Köçəryanın indiki zamanda Qarabağa buraxılması Paşinyanın hakimiyyətinin sonu demək olacaq. Hazırda Ermənistanın müxalif mediası Baş naziri dünya ermənilərini parçalayaraq gerçək döyüşə mane olmaqda suçlayıb”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsini tamamilə yalan və iftira dolu qarayaxma kampaniyası adlandırıb: “Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur".

Bu barədə XİN-nin saytı məlumat

yayıb

.

Leyla Abdullayevanın sözlərinə görə, bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir:

Leyla Abdullayeva
Leyla Abdullayeva

“Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr guya Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır: iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil”.

Leyla Abdullayeva deyir ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur:

“Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə etmək məqsədi güdür. İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir.

Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan edilib.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasətArif Əliyev: Yerli jurnalistlərin işləmək imkanı məhdudlaşıb