Bakıda qadın haqları ilə bağlı aksiya

Source: Vəli Şükürov

Caption: Bakıda qadın haqları ilə bağlı aksiya

Anti-milli feministlərin ilhamını oyadaq

Patriarxal düşüncəni aradan qaldırmağın yeganə yolu iyerarxiyanı silməkdir

Avtoritar prezident İlham Əliyev noyabrın 26-da Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə universitetin bütün işığı sönmüş və söndürülmüş insanlarını yığıb başına 47 dəqiqəlik nitq söylədi. Özünü o ki var təriflədikdən, “çiçəklənən”, “firavan” dövlət siyasətindən dəm vurub, müxalifəti avtoritar bir prezidentə layiq şəkildə quru yuyub,yaş sərdikdən, “xəstədilər, dəlidirlər, nədirlər, vallah, deməyə söz tapmıram” aşıq təhkiyəsilə söylədikdən sonra, sən demə, dövləti ənənəvi dəyərlər üzərində qurduğunu, böyük-kiçik olduğunu, yaşlılara yaşına görə hörmət edilməsinin labüd olduğunu auditoriyanın nəzərinə çatdırdı. Zalda əyləşənlər isə tüstüyə düşmüşcəsinə, sanki kim güclü alqışlasa, onun vəzifə ələ keçirmə şansı birə min artacaqmış kimi gülümsəməyi unutmadan, var gücləri ilə onu qolları qopunca alqışlayırdılar. Həm də özləri kimi başıaşağı, özləri kimi fikrinə görə yox, yaşına görə qəbulluq qazanmaq istəyən, məzlum, buqələmun bir cəmiyyətə töhfə vermək istəklərindən elə ürəkdən alqışlayırdılar. Prezident böyük-kiçik söhbətindən dərhal sonra qadına hörmət etməyin, onları qorumağın vacibliyini vurğuladı. Ən əsası da qadın ilə kişi arasında fərq olmayan ölkələri barmağı ilə göstərib,kinayə ilə iki cins arasında fərq qoya bilməməyin çox əxlaqsız bir davranış olduğuna eyham vurdu.

Bu nitq irinli suvaşqan seliyi xatırladır mənə. Yapışır ayağına, yer də tapa bilmirsən silib qurtarasan, axırda çıxarıb ayaqqabını rədd edirsən.

Millətçilik və militarizm həm bir düşüncə tərzi, həm də bir praktikadır. Onlar bir növ əl-ələ işləyən ideologiyalardır və qadınlar, kişilər üçün çox oxşar ssenarilərə malikdir. Millətçi diskurs içərisində patriarxal nizam bu iki cinslərin daim reproduksiyası ilə özünün həyatda qalması prinsipinə əsaslanır. Cinslərə rollar vermək kimi...Millətçi diskurs içərisində militaristləşmiş cəmiyyət cinslərə rollar və ona uyğun cəmiyyətdə gözləntilər formalaşdıraraq öz əzici, iyerarxik, assimmetrik gücü ehtiva edən, bir sözlə, patriarxal davamlılığını təmin edir. O, rollarını təyin etdiyi aktiv, agressiv, sosal bir kişi və maskulinlik anlayışı yaradır. Bu “əsl kişi” yaradılmış passiv, asosial və sədaqətli qadından, yaradılmış femininlikdən tamamilə fərqlənir. Kişiyə ata, patriot, əsgər kimi qadına göstəriləndən daha çox qiymət verilir. Çox qadınlar müxtəlif mədəniyyətlərdə öz ənənəvi rollarını böyük fəxrlə yerinə yetirirlər. Ənənəvi millətçi cəmiyyətlərdə qadın millətin bioloji həyatda qalmasını və mənəvi proqressini təmin edən, əxlaq kodeksini formalaşdıran anaya, “evin gözətçisi”nə çevrilmişdir. Axı onlar davamlılıq üçün çox vacibdirlər...Həm əhalinin, həm də ənənələrin reproduksiyası üçün. Ancaq onlar millətçi diskurs içərisində patriarxal nizama uyğun heç vaxt asılı olmayan, ixtiyar sahibi özündə insanlar kimi deyil, “arvad” və analar kimi qiymətləndiriləcəklər.

Ataxaqanlıq, millətçilik və militarizm bir-birlərinə qarşılıqlı olaraq çox dərin hörmət bəsləyən üç böyük məfhumdur. Millətçilik ataxaqanlığı sevir, çünki ataxaqanlıq ona kiçik patriotlar bəsləyib yetişdirən qadınlar bəxş edir. Militarizm ataxaqanlığı sevir, çünki ataxaqanlıq ona öz oğullarını əsgər kimi təklif edən analar bəxş edir. Ataxaqanlığın isə millətçilik və militarizmi görəndə riqqət və sevincdən gözləri yaşarır, çünki onlar unikal heteronormativ kişilər ərsəyə gətirirlər.

Bəs cinslər necə militarisləşir? Cynthia Enloe görə militarizmi iki əsas məfhum şərtləndirir:

  1. Təhlükəsizlik
  2. Aid olma

İyerarxik dar dövlət anlayışı içərisində təhlükəsizlik yalnız güclü ordu, yaxud militarist polis qüvvələri tərəfindən təmin edilir. Bu zaman asılı münasibətləri şərtləndirən kimin qoruyacağı və kimin qorunmalı olduğu fikri yaranır. “Qoruyan” və “qorunan” dixotomiyası. Bir tərəf aktivdir, bir tərəf passiv.

Militarizmin ən hiyləgər və ən bic şəkildə müraciət etdiyi anlayış isə aid olma anlayışıdır. Militarizm çox insanlara müəyyən ərazi ilə qısıdlanmış yerə aid olma hissi verir. Bu aid olma hissi isə patriotizmə gətirib çıxarır. Həm patriotizm, həm də millətçilik həmişə sanki daimi olaraq xaricdən təhdid altında olduğunu vurğulayan aid olma anlayışının növləridir. Bu isə militarizmə geniş bir qapı açır.

“Əsl kişi”, “əsl qadın” rollarının çox dəqiq bölünməsi səbəbindən aydındır ki, kim qoruyandır, kim qorunan. Və buna uyğun olaraq da gözlənilir ki, “qoruyan” öz bədəni ilə ön cəbhəyə keçsin və “qorunan” isə öz bədəni ilə millətin reproduksiyasını təmin etsin. Aid olma anlayışının mövcudluğu üçün təhlükəsizlik təmin edilməlidir. Təhlükəsizlik. İstər iyerarxik dar dövlət anlayışı içərisində ordu vasitəsilə mövcud əhalinin (guya ki) təhlükəsizliyi, istər nəsil yetişdirməklə millətin davamlılıq təhlükəsizliyi.

Heteronormativlik cəmiyyətdəki çoxluq tərəfindən qəbul edilən ikili cinslərə təcrid olunmuş şəkildə tərbiyə vasitəsilə təlqin edilir və bununla da qadın millətin bioloji həyatda qalmasını və mənəvi proqressini təmin edən, əxlaq kodeksini formalaşdıran anaya, “evin gözətçisi”nə, kişi dövlətin, cəmiyyətin, qadının “qoruyucu”suna çevrilir. Kişi bədəni və xarakteri sərtləşdirilir ki, onu döyüşməyə sövq edə, qadın bədənini və xarakterini yumşaldır ki, onu qayğıkeş edə bilsin. Millətçi diskursda kişiyə ağlamağa yox, qəzəblənməyə icazə verilir; qadına qəzəblənməyə yox, ağlamağa icazə verilir. Militarizm patriarxal maskulinlik və femininlik anlayışlarının qəbulluğu əsasına dayanır ki, konflikt situasiyalara militaristik reaksiyaların legitim, normal hətta qaçınılmaz olduğu asanlıqla qəbul etdirilə bilsin. Patriarxal dövlət və ənənə isə ikili cins sisteminin mövcudluğuna və biner sistem içərisində rolların paylaşdırılmasına, yerinə yetirilməsinə töhfə verir.

Bir tərəfdən cəmiyyətin tələb etdiyi gender rolların qəbul edib, digər tərəfdən insanları məişət zorakılığına qarşı mübarizəyə səfərbər edə bilməzsən. Bir tərəfdən qadınların kişilər tərəfindən "qoruyan” rolunu tanıyıb, qəbul edib, digər tərəfdən öyrəndiyi bu aqressivliyi cilovlamağı bacarmağını tələb edə bilməzsən. Öyrəndiyi aqressivliyi, şiddəti gücünü göstərmək naminə hər situasiyada tətbiq etməyi labüd biləcək...Məişət zorakılığında olduğu kimi. Ənənə bunları tələb edir. Bölmək, hər kəsə uyğun bir rol təyin etməyi, haqlı olduğun halda susmağı, itaətkar olmağı tələb edir. İyerarxiyanı dəstəkləyir, onu gücləndirir.

Ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyət əzici olan mənasına gəlir. Yaşlı-cavan iyerarxiyası, qadın-kişi iyerarxiyası, varlı-kasıb ierarxiyası, heteroseksual-homoseksual iyerarxiyası, buralı-oralı iyerarxiyası və s...İyerarxiyanın, itaətin mövcud olduğu bir cəmiyyət. Dılğır qocanın cavan üzərində söz sahibi olması, sərsəm danışsa da, fikrini sırf yaşına görə qəbul etdirdiyi bir cəmiyyət. Qadınlara verilmiş ictimai rollarını gözəl oynayıb kişilərin imtiyazı olduğu qaydalara uyğun şərtlərin hökm sürdüyü cəmiyyət...Qadınların öz bədənləri üzərində söz sahibi olmadığı, həmişə kimsə tərəfindən qərar veriləcək cəmiyyət...Budurmu istədiyin?!

Kiminsə kimisə qorumalı olması məntiqi patriarxal militarist cəmiyyətin varlığına xas bir hadisədir. “Qoruyan-qorunan” dixotomiyası birbaşa militarist düşüncə tərzinin oyaq saxlanılmasıdır. Sabah İlham bu ritorikanı 2016-ccı ilin aprel hadisələrində olduğu kimi istifadə edib, onsuz da qəbul edilmiş dəyərləri instrumentallaşdırıb hamını qırğına göndərə biləcək. Bəlkə elə deyil, Əliyev?!

İnsanlara hörmət onların yaşına görə yox, fikrinə və davranışlarına görə, insanı müdafiə isə onun cinsinə görə yox, sırf o insanla həmrəy olduğun üçün edilməlidir.

Özünü azad etməyin yolu içinə salındığın nasional, militarist, cinsi çərçivələrdən çıxmaqdan keçir, çünki bu məfhumlar itaət, tabeçilik, iyerarxiyanı tanıyıb onlar vasitəsilə var olur. Militarizm, millətçilik bu cinslərarası iyerarxiyanı daha da gücləndirir. Nə qədər bəsit, nə qədər banal olasan ki, seçilməsinə zərrə qədər təsir gücün olmayan. doğulduğun təsadüfi bir yerlə fəxr eləyib, sonsuz sevgi duyasan. Nə qədər bəsit olasan ki, başqalarının səni iki cinsdən birinə aid etməyinə və sənə rollar verilməyinə icazə verəsən. Bütün feministləri anti-milli, anti-militarist fikirlərin simpatiyasına dəvət edirəm. Feministləri öncədən təyin edilmiş ənənəvi rolların, öhdəliklərin yerinə yetirilməməsinə dəvət edirəm.

Problem cəmiyyətin müxtəlif siferalarında mövcud üstünlük və tabeçilik əsasında düzümdür (dözümüdür?). Problem kiminsə kimdənsə üstün olduğunu təlqin edən güc münasibətləridir. Problem iyerarxiyadır. Kapitalizmdəki iyerarxiya, dövlətdəki iyerarxiya, ataxaqanlıqdakı iyerarxiya. Patriarxal düşüncəni aradan qaldırmağın yeganə yolu iyerarxiyanı silməkdir. İyerarxiyanı silməyin yeganə yolu isə patriarxal mexanizmlərə söykənən mövcud ənənəvi strukturları alternativlərlə əvəzləməkdir!

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/xi53zf

Most Viewed