“Ankaranın sona qədər Bakını dəstəkləyəcəyi sualı hələ açıq qalır”

“Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir”

Source: Azertac


Tofiq Zülfüqarov hesab edir ki, müharibə başlayarsa, Moskvanın hər hansı müdaxiləsini real deyil

Prezident İlham Əliyev ötən həftənin sonunda yerli televiziyalara müsahibəsində Ermənistanın müharibəyə başlamaq niyyəti barədə məlumatlı olduğunu bildirib:

“Bizdə Ermənistanın müharibəyə başlaması ilə bağlı operativ məlumat var”.

Dövlət başçısı danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirib:

“Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Bilirsiniz, mən hər zaman Azərbaycan xalqına həqiqəti demişəm. Hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz. Mənim çıxışlarımda və media nümayəndələri ilə görüşlərimdə aktual məsələlərə aydınlıq gətirirəm və bu, hesab edirəm ki, çox vacibdir. Çünki vətəndaşlar bilməlidirlər və düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər”.

160052977014588343_1000x669.jpg
İlham Əliyev

“Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik. Ancaq o deməkdir ki, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır. Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Pozur yox, pozub”, – İlham Əliyev deyib.

Prezidentin bu bəyanatından sonra Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 21-də Ermənistanın Tovuz istiqamətində atəşkəsi pozması nəticəsində bir hərbçinin həlak olması haqqında bəyanat yayıb.


“Müharibənin başlanma ehtimalı var”

Siyasi icmalçı Azər Qasımlı hesab edir ki, əgər İlham Əliyev müharibədən danışırsa, deməli, müharibənin başlanma ehtimalı var:

“Ancaq məni daha çox Azərbaycanın müharibəyə nə qədər hazırlığı və həqiqətən də savaşla torpaqları azad etmək istəyinin olması maraqlıdır. İkinci, ordumuzun və cəmiyyətin durumu, dövlətin xaricdəki imici, regiondakı vəziyyət çox önəmli məqamlardır. Üçüncü, müttəfiqlərimiz varmı? Türkiyə dəstək verdiyini bəyan edir. Sual yaranır, Ankara hansı həddə qədər və hansı formada Bakını dəstəkləyəcək? Yaxud həmsədr ölkələri ABŞ və Fransanın mövqeyi necə olacaq? Açıq dəstək olmasa da, susqunluqlarıyla dəstək verəcəklərmi? Hələ belə dəstək görmürəm”.


“Hökumət siyasi tarazlığı Rusiya-Qərb yox, Rusiya-Türkiyə arasında saxlamağa çalışır”

Azər Qasımlı Rusiya və Azərbaycan siyasi elitaları arasında problemlərin olduğunu xatırladıb:

“Rus dilinin tədrisi, rus dilindəki kitabxananın bağlanması və həm də hökumətə yaxın mediada ekspertlərin, deputatların bu barədə çıxışlar təsadüfü deyil. Görünən odur ki, hökumət siyasi tarazlığı Rusiya-Qərb yox, Rusiya-Türkiyə arasında saxlamağa çalışır. Türkiyənin Yaxın Şərqdə və Cənubi Qafqazda fəallığı göz önündədir. Ancaq Ankaranın sona qədər Bakını dəstəkləyəcəyi sualı hələ açıq qalır. Məni daha çox Qarabağda Türkiyə ilə Rusiyanın toqquşması narahat edir. Necə ki, Suriyada həmin oxşar mənzərəni gördük, hərbi rəqabətdən isə həmişə yerli xalq əziyyət çəkir. Əlbəttə, Türkiyə Azərbayana yardım edirsə, Rusiya da strateji müttəfiqi Ermənistana yardım edəcək. Əgər proseslər Rusiya vasitəsilə Ermənistanı güzəştlər məqsədi daşıyırsa, bu, yaxşıdır. Ola bilsin, İlham Əliyevin müharibə ritorikasının arxasında Ermənistanı güzəştərə vadar etməkdir. Çünki indiki vəziyyətdə bütün şərtləri nəzərə almalıyıq”.


“17 il hakimiyyətdə olandan sonra Qarabağ niyə indi yada düşür?”

Azər Qasımlı Azərbaycan hakimiyyətinin müharibəyə hazırlığını görmür:

Azer-Qasimli.jpg
Azər Qasımlı

“Sual yaranır, 17 il hakimiyyətdə olandan sonra Qarabağ niyə indi yada düşür? Dünya bazarında neftin qiyməti düşdüyü, siyasi elitanı dəyişdiyi və iqtisadi-sosial, karantin zamanı yenidən müharibə nədən yada düşdü? Görünür, hakim elitan daxildəki qruplarla bağlı problemləri çözmək üçün savaş yolunu seçib”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Ermənistanla Azərbaycan arasında müharibə çoxdan gedir:

“Ola bilsin, hərbi fazasına keçilməyib. Amma müharibə yalnız səngərdə getmir, diplomatiyada, təbliğatda, iqtisadi sahədə 30 ilə yaxındır müharibə şəraitindəyik. Prezidentin son açıqlaması və 2 gündə baş verənlər müharibənin olmasını real görsədir. Onsuz da Azərbaycan ictimaiyyəti uzun müddətdir danışıqlar yolunun ərazilərimizi azad etmənin real vasitə olmadığını deyir. Başqa yol BMT-nin nizamnaməsinə əsasən, işğalçını rədd etmək hüququmuz var. Prezidentin özü də çoxdan təhlilçilərin söylədikləri dilə gətirdi, Ermənistan neçə vaxtdır bəyanatlarıyla Azərbaycanı təxribata çəkir”.

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov

Rusiyanın məvqeyinə gəlincə, Tofiq Zülfüqarov hesab edir ki, müharibə başlayarsa, Moskvanın hər hansı müdaxiləsini real deyil:

“Çünki Rusiyanın həm problemləri çoxdur, həm də maraqları əvvəlki illərdən fərqli olaraq müxtəlif şəkil alıb. Rusiya başa düşür ki, Ermənistana yardıb edib-etməsə də, ermənilər onları günahkar çıxaracaq. İkinci, Ermənistanda daxili müxalifətinin əksəriyyəti Rusiyapərəstdir. Nəhayət, Moskvanın indiki mərhələdə İrəvanın yanında dayanmaq marağı yoxdur və geopolitik mənzərə də dəyişib. Türkiyənin bəyanatları dediklərimi təsdiqləyir. Rusiya hansısa cəbhədə Ermənistanın iddialı siyasəti səbəbindən Türkiyəylə qarşı-qarşıya gəlsin. Bəli, biz ona hazır olmalıyıq ki, hansısa qüvvələr Rusiyanın köməyinin vacibliyindən danışacaqlar və qeyri-rəsmi dəstəklər də mümkündür. Amma Rusiyanın və KTMT-nin digər üzvlərinin birbaşa iştirakına inanmıram”.


“Müharibə anonsudur”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dövlət başçısının son açıqlamalarını müharibə anonsu kimi qiymətləndirib.

Elxan Şahinoğlunun sözlərinə görə, prezidentin açıqlamasından sonra danışıqlar üçün zəminin olmadığı məlum oldu:

“Danışıqların davamı ehtimalı işğal faktına qon qoymayacaq. İkincisi, Ermənistanın sərhəddəki təxribatları davam edir, Azərbaycan hava sahəsində vurulan növbəti pilotsuz uçuş aparatı da bunun sübutudur. Üçüncüsü, Ermənistan hakimiyyətinin işğal altındakı bölgələrə köçü sürətləndirməsi, PKK terrorçularının Dağlıq Qarabağda məskunlaşması barədə məlumatların çoxalması da gərginliyi artırır”.

“Hərbi toqquşma ehtimalı artdıqca, Rusiyanın reaksiyasının necə olacaq” sualına gəlincə, Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycanla Ermənistan arasında iki dəfə toqquşma olub və hər ikisində döyüşlər 4 gün çəkib:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Hər dəfəsində Moskva prosesə müdaxilə edərək tərəfləri atəşkəsə riayət etməyə çağırıb. Atəşkəsin bu şəkildə davamı isə Ermənistanın maraqlarına xidmət edir. Ermənistan işğal altındakı torpaqlarda məskunlaşma siyasətini genişləndirib, inşaat işləri aparır, müəssisələr yaradır, hətta separatçıların “parlamentini” Şuşaya köçürəcəklərinin anonsunu veriblər. Bu təxribatlara Minsk Qrupu həmsədrləri və beynəlxalq təşkilatlar səssizdirlər. Halbuki, bütün bu qanunsuzlqlar böyük dövlətlərin və beynəlxalq təşkilatların əleyhinə çıxdığı müharibə ehtimalını artırır”.

Elxan Şahinoğlu Türkiyə Xarici İşlər Nazirliyinin son bəyanatını da xatırladıb:

“Bəyanatda iki önəmli cümlə var: birincisi, Ankara bəyan edir ki, Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüz kimi qəbul edilir. Bu o deməkdir ki, Türkiyə savaşa qatılmağa hazırdır. İkincisi, Ankara ATƏT-in Minsk Qrupunu münaqişəni həll edə bilməyəcəyini elan etməyə çağırır. Bu da zamanında verilmiş bəyanatdır. Əlbəttə, həmsədrlər təslim bəyanatı verməyəcəklər, əksinə Türkiyənin adını çəkmədən Ankaranın siyasətinə qarşı bəyanat yayınlayacaqlar. Ona görə də həmsədrlərin Türkiyəni hədəf alan bəyanatını gözləmədən Azərbaycan XİN Türkiyə XİN-nin bəyanatına adekvat açıqlama yayınlamalıdır”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Ana səhifəSiyasət“Ankaranın sona qədər Bakını dəstəkləyəcəyi sualı hələ açıq qalır”