ABŞ Azərbaycana çağırış etdi: Dini əqidəsinə görə həbs edilmiş məhbusları azad edin

Dövlət Departamenti illik hesabat hazırlayıb

Source:


Dövlət Departamenti illik hesabat hazırlayıb

Vaşinqton Azərbaycan hakimiyyətini "dini qruplar üçün qeydiyyatla bağlı ağır tələbləri ləğv etməyə və öz əsas azadlıqlarını həyata keçirməyə görə mühakimə olunanları azad etməyə" çağırıb. Bunu Dövlət Departamentinin yüksək vəzifəli məmuru Daniel Nadel mayın 12-də qurumun 2020-ci il üçün beynəlxalq dini azadlıq haqqında illik hesabatının buraxılışına həsr olunmuş xüsusi brifinqində bildirib.

«…Biz əvvəlkitək hökumətin [Azərbaycan] son bir ildə dini əqidəsinə görə dini fəalları fiziki zorakılığa məruz qoyması, həbs etməsi və həbsxanalara salması barədə məlumatlar alırıq. Məlumatlara görə, Azərbaycan həbsxanalarında 40-dan 50-dək adam saxlanılır ki, fəallar onları dini əqidəsinə görə həbs edilmiş məhbuslar hesab edirlər", – Nadel deyib.

Sayca 23-cü olan hesabat dini azlıqlara qarşı repressiyalarla tanınan ölkələrdə dözümsüzlüyün və digər mənfi tendensiyaların acı mənzərəsini təsvir edir. Bu barədə “Turan”ın ABŞ müxbiri məlumat verib.

Dövlət katibi Entoni Blinken çərşənbə günü mətbuat konfransında hesabatı təqdim edib. "Biz vəd edirik ki, Bayden-Harris administrasiyası bütün dünyada dini etiqad azadlığını müdafiə edəcək. Biz bu məsələdə Amerikanın çoxdankı liderliyini qoruyub saxlayacağıq", – o deyib.

"Dini etiqad azadlığı açıq və stabil cəmiyyətin əsas elementidir. Onsuz insanlar öz ölkələrinin uğurlarına töhfə verə bilməzlər. Və hər dəfə insan hüquqları pozulduqda bu, gərginlik və parçalanma yaradır", – Blinken deyib.

Dünyanın hər ölkəsində dini etiqad azadlığının vəziyyətinin əks olunduğu hesabat “təqib və zorakılığa görə ölkələrin məsuliyyətə cəlb edilməsi, həmçinin zəruri dəyişikliklərin dəstəklənməsi üçün dəyərli vasitədir", – ABŞ-ın dini etiqad azadlığı üzrə orqanının (USCIRF) hesabatında bildirilir. Qurum Azərbaycanı xüsusi müşahidə siyahısına daxil edib.

“İndi, Departamentin hesabatının dərc edildiyi vaxtda, dövlət katibi "bütün ölkələrdə dini etiqad azadlığı sahəsində vəziyyətin təhlilinə başlayacaq ki, onların hansının xüsusi narahatlıq doğuran siyahıya daxil edilməsi üçün meyarlara uyğun olduğunu müəyyən etsin”,- Dövlət Departamentinin rəhbəri Daniel Nadel “Turan”ın suallarını cavablandırarkən deyib.

Hesabata əsasən, ötən il ərzində Azərbaycan məhkəmələri 2018-ci ilin iyulunda Gəncə merinə hücum və iki polisin öldürülməsilə bağlı iş üzrə ittiham olunan şəxslərin barəsində apelyasiyalara baxılmasını və hökm çıxarılmasını davam etdiriblər. Hakimiyyət bildirib ki, məhkum olunanlar konstitusiya quruluşunun pozulmasına yönəlmiş şiə "ekstremist sövdələşmə”nin iştirakçıları olublar.

“Vətəndaş cəmiyyəti fəalları və hüquq-müdafiə qrupları hökmlərin əksəriyyətini siyasi motivli hesab ediblər və hesablamalara görə, ilin sonunadək Gəncə hadisələri ilə əlaqədar 43 nəfər həbsxanada qalıb".

Hakimiyyət hökumətin ekstremist qrup kimi xarakterizə etdiyi və qeydiyyata alınmamış Müsəlman Birliyi Hərəkatı ilə bağlı şəxslərə qarşı da məhkəmə işlərini davam etdirib.

Lakin hüquq müdafiəçiləri bu birlik üzvlərinin təqib olunmasını siyasi motivli hesab edirlər.

Hesabatda deyilir ki, ABŞ-ın Bakıdakı səfiri və ABŞ səfirliyinin digər əməkdaşları "hakimiyyəti dini əqidəsinə görə həbs olunanları azad etməyə çağırıblar".

"Səfir və səfirliyin əməkdaşları hökumət məmurlarını kiçik dini icmaların qeydiyyatı prosesilə bağlı problemləri həll etməyə və konstitusiyada nəzərdə tutulduğu kimi, əqidəsinə görə orduda xidmətdən imtina edən şəxslər üçün alternativ hərbi xidmət tətbiq etməyə çağırıblar.

Səfir və səfirliyin əməkdaşları ölkədə dini etiqad azadlığı məsələlərini müzakirə etmək üçün qeydiyyata alınmış və alınmamış dini qrupların və vətəndaş cəmiyyəti nümayəndələri ilə mütəmadi görüşüblər.

Beynəlxalq dini etiqad azadlığı haqqında qanuna uyğun olaraq, Dövlət Departamenti dini etiqad azadlığının şərtləri haqqında bu illik hesabatı hazırlamalıdır.

Dini etiqad azadlığını müdafiə edən hökumətlər daha sabitdir, iqtisadi cəhətdən həyat qabiliyyətli və sülhsevərdir, nəinki bunu etməyənlər. Dini etiqad azadlığını müdafiə etməyənlər radikallaşmaya və ekstremizmə xidmət edir, iqtisadi inkişafı sarsıdır, sosial birliyə və siyasi sabitliyə təhlükə yaradır.

“Odur ki, biz dini etiqad azadlığına hörməti təbliğ edirik ki, bu da milli təhlükəsizliyin təminatıdır", – Nadel bildirib.

Ana səhifəXəbərlərABŞ Azərbaycana çağırış etdi: Dini əqidəsinə görə həbs edilmiş məhbusları azad edin