”90 faizlik qazlaşdırılma…” – həqiqətə uyğundurmu?

Faktlar ölkənin 90 faizinin qazlaşdırılması ilə barədə rəsmi bəyanatların doğru olmadığını göstərir

Təxmini hesablamalara görə, 228 min 691 ailə hələ də qaz almır

Source:
İlham Əliyev Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında
İlham Əliyev Mingəçevir şəhərinin “Günəşli” yaşayış massivinə çəkilən qaz xəttinin açılışında



Faktlar ölkənin 90 faizinin qazlaşdırılması ilə barədə rəsmi bəyanatların doğru olmadığını göstərir


Təxmini hesablamalara görə, 228 min 691 ailə hələ də qaz almır

Ölkəmiz Gürcüstanla yenidən qaz müqaviləsi bağlayıb. Bu müqaviləyə görə, Azərbaycan 2030-cu ilə qədər Gürcüstanın mavi yanacaqla probleminin olmayacağını rəsmiləşdirib. Üstəlik, satılacaq qaza görə Gürcüstana böyük güzəşt olunacağını bildirib. Ancaq bu müqavilə Azərbaycanın özünün qaz problemini yenidən gündəmə gətirib. İllərdir qaza həsrət ölkə vətəndaşları var və onların bu sazişə münasibəti birmənalı deyil. Azərbaycan KİV-lərində “…kəndlərə ilk dəfə qaz verilib”, yaxud “…rayonlara qazın verilişində fasilələr olacaq” başlıqlı xəbərlər tez-tez təkrarlanır, üstəlik, paytaxtın müxtəlif yerlərində verilən qazın həcminin azaldılması ilə bağlı istər mediadan, istərsə də sosial şəbəkələrdən soraqlar alırıq. Bu yerdə “əvvəl evin içi, sonra çölü” məsəli yada düşür. Yeri gəlmişkən, ölkənin indiyə qədər nə üçün qazlaşdırılmaması probleminə uzun zamandır cavab axtarırıq. Bu yazı ilə bağlı müxtəlif adamlarla görüşmüşük, regionlara səfər zamanı yerli sakinlərlə danışmışıq, sinif otaqlarını isitmək üçün özü ilə məktəbə odun aparan şagirdlər olduğunu, evini qızdırmaq üçün həyətindəki meyvə ağaclarını kəsənləri belə görmüşük.


Təzadlar

Gerçək vəziyyəti bütün təzadları ilə təsəvvür etmək üçün bu informasiyaya diqqət ayıraq.

“Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident deyib: “Əhalini qazla təmin etmək üçün 2008-ci ildə əlavə tədbirlər görülməlidir. Bizim hələ iki rayonumuz – Ağcabədi və Beyləqan rayonları obyektiv səbəblərə görə təbii qaz almır. Bu ilin əvvəlində Ağcabədi rayonuna qaz veriləcək və ilin birinci yarısına qədər Beyləqan rayonuna da təbii qazın verilməsi bərpa olunacaqdır. Beləliklə, Azərbaycanın bütün rayonları qazla təmin ediləcəkdir. Hələ deyə bilmərik ki, bütün kəndlər qazla təmin olunubdur. Bəzi yerlərdə heç qaz xətləri olmayıb, bəzi yerlərdə bu, böyük çətinliklərlə bağlıdır. Ancaq deyə bilərəm ki, indi Azərbaycan əhalisinin təxminən 80 faizə yaxını təbii qaz alır və bu, dünya miqyasında, bizim bölgədə, MDB məkanında kifayət qədər böyük göstəricidir. Bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu rəqəm 50-60 faiz səviyyəsindədir. Bizdə 75-80 faizdir”

(

11 yanvar 2008

).

İndi isə Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dediklərinə baxaq:

“Qazlaşdırma prosesi daha da sürətlə getməlidir. Biz, demək olar, ölkədə 80 faiz qazlaşdırmanı təmin edə bilmişik. Amma bunu artırmalı, 90 faizə qaldırmalıyıq. Maksimum dərəcədə qazlaşdırma prosesi getməlidir. Çünki bu, həm sosial məsələdir, həm də iqtisadi məsələdir. Bu yaxınlarda Beyləqan rayonuna təbii qazın verilməsi bərpa olunacaqdır. Uzun illər Beyləqan rayonu qazdan məhrum idi. İndi biz əvvəllər qazlaşdırılmayan bütün rayonlara qaz xətləri çəkirik və demək olar ki, son rayonlardan biri də Beyləqandır. Ondan sonra Füzuli rayonuna və Ağdam rayonuna qaz çəkilişi təmin olunmalıdır”.

Aradan 4 il keçəndən sonra – 2014-cü ilin 12 fevralında ölkə başçısı yenə qazlaşmadan danışır və rəqəmlər səsləndirir:


“…2004-cü ildə ölkənin yalnız 49 şəhəri, rayon mərkəzi və bu mərkəzlərə yaxın kənd və qəsəbəsi təbii qazla təmin olunurdu. Ölkə üzrə qazlaşma səviyyəsi cəmi 39,8 faiz təşkil edirdi. Bu gün respublikanın bütün rayon mərkəzlərində, hətta sovet dövründə qazlaşdırılmayan 663 qəsəbə və kənddə qazlaşdırma işləri tam başa çatdırılıb. 2013-cü ildə qazlaşma səviyyəsi 89,8 faizə, o cümlədən Bakı şəhəri üzrə 99 faizə, regionlar üzrə 83,4 faizə çatdırılıb. Ölkə üzrə real qazla əhali abunəçilərinin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır…”

Bu sitatlar yorucu görünə bilər, amma gəlin prezidentin təxminən 2 il sonrakı – “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı (

26 yanvar 2016-cı il

) çıxışına baxaq:


“2004-cü ildə rayonlarda demək olar ki, qaz yox idi. Mənim rayonlara səfərlərim zamanı insanların ən böyük arzuları ondan ibarət idi ki, xahiş edirik bizi qazla təmin edin. Amma biz özümüz-özümüzü təmin edə bilmirdik. Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.

2013-cü ildə regionların qazlaşdırılmasının 84,3 faiz olduğunu deyən prezident 2016-cı ildə bölgələrdə qazlaşmanın 80 faizə yaxın(?!) olduğunu bildirir. Bunlar nə deməkdir, qazlaşma, gah artır, gah azalır, yoxsa rəqəmlərlə oyun gedir bizdə?


100 faiz “qazlaşdırılan” paytaxt Bakıdan bir nümunə

. 9-cu mikrorayonda yeni binada ev alan Xaqani Qüzeyli deyir ki, bir neçə ildir bura köçsələr də, hələ qaz yoxdur. Baxmayaraq ki, evi alanda tikinti şirkəti qaz, su, işıqla bağlı heç bir problem olmayacağını deyib. İşıq və su problemi olmasa da, qaz hələ də yoxdur. Şirkət rəhbəri binaya qaz verilməsi üçün tələb edilən məbləği ödəmək imkanı olmadığını bildirir. 4 bloklu, 320 mənzilli binanın hər bloku üçün 120 min manat tələb olunur. Bu da bir ayrı problem.

Odunlar2

Maraqlıdır,

ö

lkənin 90 faizi qazlaşdırılıbsa, bəs onda meşələr nədən ötrü qırılır, camaat niyə qışa odun tədarükü görür. Bir neçə il ərzində dəyişən və dəyişməyən rəqəmlərlə tanış olduq, başlıcası durumun bəzi bölgələrdə hələ də dəyişilməz olaraq qalmasıdır; yenə də meşələr məhv edilir, əhali soyuqdan əziyyət çəkir. Ölkə başçısının sadaladıqları ona verilən statistik rəqəmlərdir, həm də saxta statistik rəqəmlər. Bəs gerçək durum necədir? Doğrudanmı ölkənin 90 faizi qazlaşdırılıb? Necə olur ki, qazlaşdırma faizi 2 il qabaq da 90 olub, 2 ildir qaz çəkilə-çəkilə yenə 90 faizdir?


Qazı olan ev sorağında…

2013-cü ilin avqustunda M.Ə.Rəsulzadə (Xutor) qəsəbəsindəki evimizi sökdülər, razılığımız olmadan. Bir neçə ay kirayədə qalası olduq. Həmin aylarda əsas işimiz özümüzə ev axtarmaq oldu. Şəhərin müxtəlif yerlərində təzə və köhnə binalarda əlimizdəki pula uyğun mənzil axtarışına çıxdıq. Yeni binalar cəlbedici idi, ancaq əksəriyyətində sənədləşmə və ən başlıcası, qaz problemi vardı. Baxdığımız binaların çoxunda çöldə qaz xətti olsa da, mənzildə qaz yox idi. Təəccüblü idi. Tanış alğı-satqı makleri başa saldı: “Bu, tikinti şirkətlərinin fırıldağıdır, bina hazır olan kimi beləcə xətt çəkilir, müştəri cəlb etmək üçün bir üsuldur. Müştəriyə deyirlər ki, bax, xətt çəkilib, bu gün-sabah qaz veriləcək. Həmin bugün-sabahsa illərlə davam edir”. Tikinti şirkətləri bu işdə Fövqəladə Hallar Nazirliyini suçlu sayır, nazirlik binanın istismara yararlı olduğunu təsdiqləyən rəyi vermir, daha doğrusu bu rəy üçün fantastik məbləğdə rüşvət tələb olunduğunu iddia edir. Bakının müxtəlif yerlərində tikilən binalardan tələb olunan məbləğ hər blok üçün 100-150 min manat arasındadır. O rəy olmadan qazlaşdırma mümkün deyil.

Məsələn, Ramiz Abdulla Əhmədlidə yeni tikilən binadan ev alıb. O, ailəsi ilə 3 ildən artıq bu binada qazsız yaşayıb. Bununla bağlı bir neçə dəfə sakinlərin etirazları da olub, ancaq binanı tikən şirkətin sahibi əlindən heç nə gəlmədiyini, daha doğrusu Fövqəladə Hallar Nazirliyindən icazə almağın imkanları xaricində olduğunu deyib. Şirkət sahibi hər blok üçün onlardan 100 min manat tələb olunduğunu bildirib. Nəhayət, ötən il binaya qaz verilib, bunun üçün mənzil sahiblərinin hər biri 300-500 manat ödəməyə məcbur edilib. Həmin 14 mərtəbəli binada hər mərtəbədə 5 mənzil var.

Yeni Yasamalda mənzil alan Cahangir Əlibəyzadə də bir neçə ildir istifadəyə verilən binaya ötən il qaz çəkildiyini deyir. Mənzil sahiblərinin hər biri sayğac üçün 500-1000 manat arası pul ödəməyə məcbur ediliblər, heç bir sənədsiz-filansız. Onun sözlərinə görə, həmin binada 400 ailə yaşayır.


“Azəriqaz”ın saytında isə qazlaşma sürətlə gedir

7 Yanvar 2016. Ötən il 501 çoxmərtəbəli binaya təbii qaz verilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin 2015-ci ildə təbii qazla təchiz etdiyi hündürmərtəbəli binaların sayı 501 olmuşdur ki, həmin binalarda da 11327 mənzil vardır.

2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib ki, bu binalarda ümumilikdə 17348 ailə yaşayır.

2013-cü ildə Birlik 149 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalar 30374 mənzili əhatə edir.

2012-ci ildə cəmi 60 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilib.


SOCAR-dan cavab

Ölkənin qazlaşdırılmasının hansı səviyyədə olması ilə bağlı sorğumuza SOCAR-ın mətbuat xidmətindən cavab verdilər ki, bütün məlumatlar saytda yerləşdirilib, ordan faydalana bilərik. SOCAR-ın rəsmi internet səhifəsində isə (www.socar.az) rəqəmlər tez-tez dəyişir, kəndlərə, yaşayış massivlərinə, çoxmərtəbəli binalara qaz çəkilməsilə bağlı xəbərlər qoyulur sayta. Ümumu mənzərəni göstərən rəqəmlər isə burada da yoxdur. Məsələn, Bakıda nə qədər binada, nə qədər mənzildə qazın olmaması barədə məlumatlar yoxdur. Yaxud qazlaşdırılmayan kəndlərin siyahısı da yoxdur heç bir yerdə.


50,7 milyard manat və… ilk dəfə qaz alan kəndlər

Bölgələrdə durum daha ağırdır. Hər il əhali odun tədarükü görmək zorunda qalır. Bir maşın (QazEL)doğranmış meşə odunu regiondan asılı olaraq 250-350 manatdır. Bir ailənin qışda normal isinməsi üçün ən azı iki maşın oduna ehtiyacı olur. “Azəriqaz”ın verdiyi məlumata görə, 2015-ci ildə 430 yaşayış məntəqəsi qazlaşdırılıb. Araşdırmamız nəticəsində onu da aşkara çıxardıq ki, ötən il qazlaşdırılan kəndlərdən 248-i ilk dəfədir mavi yanacaq alır. XXI əsr, neft-qaz ölkəsi, uğurlu iqtisadi inkişaf, regionların sosial-iqtisadi inkişafı nağıllarına bundan tutarlı cavab ola bilməz. Uzaq-uzaq ölkələri isindirən neft-qaz vətəni üçün bu rəqəm çox utancvericidir, bundan daha dəhşətlisi isə hələ də qaz almayan, odun, kərmə, təzək ümidinə qalan kəndlərin olmasıdır. Yeri gəlmişkən, rəsmi məlumata görə,

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasına 2016-cı ilə qədər 50,7 milyard manat xərclənib.

Odunlar1
Odunlar1

Bu il fevralın 5-də prezident İlham Əliyev H.Əliyev Mərkəzində regionların sosial iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda ötən 10 ildə 17 elektrik stansiyasının tikildiyini, ölkənin 90 faizə yaxın ərazisində qazlaşma aparıldığını deyib. Prezident həm də deyib ki, son 10 ildəki uğurlar növbəti illərdə də davam etdiriləcək…


Hələ də qaz almayan 228 min 691 ailə

Statistika Komitəsi bildirir ki, Azərbaycanda 2 milyon 40 minə yaxın ailə var. Bəs bu qədər ailədən neçəsi qaz alır? Yenə rəsmi rəqəmlərə üz tutaq. “Azəriqaz” 1 yanvar 2016-cı olan məlumatını açıqlayıb, bu tarixə qurum 1 milyon 811 min 309 (“Azəriqaz”ın bu rəqəmi barədə bir qədər sonra) abonenti olduğunu deyir. Deməli, 228 min 691 ailə hələ də qazsızdır. Ancaq nəzərə alaq ki, rəsmi rəqəmlər, bir qayda olaraq, gerçəkliyi əks etdirmir. Əslində bu rəqəmin, yəni qaz almayan ailə sayının 500 mindən artıq olduğu deyilir.


Rəqəmlər nə deyir?

2015-ci ilin dekabrında müxtəlif internet resurslardan (icra hakimiyyətlərinin saytları da daxil) və şəxsi əlaqələrdən yararlanaraq aşağıdakı cədvəli hazırladıq. Bölgələrdə qazlaşdırma işi davam etdiyindən ola bilsin rəqəmlərdə bəzi dəyişiklik olsun, ancaq bunun ümumi nəticəyə təsiri çox azdır.

Rayon

Kənd/qəsəbə

Qazlaşdırılıb

1

Ağsu

78

62

2

Qusar

88

26

3

Lənkəran

83

56

4

Astara

89/2

33

5

Lerik

161/1

45

6

Yardımlı

88

13

7

Qax

58

18

8

Zərdab

42

25

9

Şamaxı

61

33

10

Biləsuvar

26

17

11

Kürdəmir

61

45

12

Ağdaş

54

45

13

Tərtər

74 /1

32

14

Bərdə

109

97

15

Xaçmaz

147

72

16

Oğuz

36

17

17

Sabirabad

74

46

18

İmişli

50

16

19

Şəmkir

66

42

20

Tovuz

102/1

36

21

Göyçay

55

30

Yuxarıdakı cədvəldə baxıb hesablama aparmadan da görmək olur ki, prezident İlham Əliyevin ölkənin 90 faizinin qazlaşdırılması ilə bağlı səsləndirdiyi rəqəm reallıqdan çox uzaqdır. Yeri gəlmişkən, “Azəriqaz” rayonlar üzrə əhalinin qaz istehlakının həcmini də açıqlamır, bu rəqəmlər açıqlansa, qazlaşdırmanın dəqiq statistikasını hesablamaq olar.

İndiki halda bu statistika olmadan bəzi rayon icra hakimiyyətlərinin saytından götürülmüş, 2016-cı ilin yanvar ayında keçirilmiş “2015-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqlarında” səslənmiş məlumatlarla da yetərlənmək olur. Bir neçə nümunə ilə tanış olun:


Yardımlı.

Ötən ildə rayonun Urakəran və Bürzünbül kəndləri də qazla təmin edildi və qazlaşmış yaşayış məntəqələrinin sayı 13-ə, abonentlərin sayı 2,225-ə çatdırılaraq, rayon üzrə qazlaşma 30 faiz təşkil etmişdir (

http://yardimli-ih.gov.az/news/225.html

) .


Zərdab.

Artıq rayonun 25 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 3 kənddə işlər yekunlaşıb, 9 kənddə isə qazlaşdırma davam etdirilir (

http://zerdab-ih.gov.az/news/354.html

) .


İmişli.

Rayon üzrə yaşayış mövcud olan 21722 təsərrüfatdan 11737 abonent kodu açılaraq kompüter qeydiyyatına götürülmüş, bununla da qazlaşdırılma 54,03 faiz olmuşdur (

http://imishli-ih.gov.az/news/213.html

) .


Məktəblərin qızdırılması

Ölkə ərazisində neçə məktəbin qazla təmin olunması barədə statistika ilə maraqlandıq. Təhsil Nazirliyindən sorğumuza cavabda bildirdilər ki, onlarda bu statistika yoxdur: “Bölgə məktəblərinin istilik təminatı rayon icra hakimiyyətlərinin səlahiyyətindədir”. Belə çıxır ki, məktəblərin qazla təminatı ilə bağlı Təhsil Nazirliyində məlumat yoxdur.

Ana səhifəAraşdırma”90 faizlik qazlaşdırılma…” – həqiqətə uyğundurmu?