“9 ildir hamam nədir bilmirəm, evin içində yuyunuram”

Yataq xəstəsi olan İsmayıllı sakini evsizlikdən əziyyət çəkdiyini deyir

Source: Meydan Tv


Yataq xəstəsi olan İsmayıllı sakini evsizlikdən əziyyət çəkdiyini deyir

31 yaşlı İsmayıllı sakini Rasim Şahməmmədovun 1-ci qrup əlilliyi var. Həyat yoldaşı isə onkoloji xəstəlikdən əziyyət çəkir. Ailənin 10 yaşlı övladı var və bu gün çox çətin durumda yaşadıqlarını söyləyirlər. Səbəb hər ikisinin iş qabiliyyətinin olmaması, özlərini mənzillə təmin edə bilməmələridir.

Rasim Şahməmmədov ailəsi ilə birgə atasından qalan evdə məskunlaşıb:

“Adətlərə görə, ata evi sonuncu, ən kiçik övlada qalmalıdır. Bizdə də kiçik qardaşıma verilib. O, evlənəndən sonra biz bu evdən çıxmalı idik. Amma vəziyyətim əl vermədi. 9 il əvvəl qəza keçirdim və əlil qaldım. Semaşko xəstəxanasında (1 saylı Kliniki Tibbi Mərkəzdə-red) əməliyyat oldum. Səhv əməliyyat nəticəsində nə dizim bükülür, nə də belim qatlanır. Yeriməyi qoyuram bir kənara, heç otura da bilmirəm”.

Rasim Şahməmmədov 2010-cu ildə ağır avomobil qəzası keçirib. O vaxtacan İsmayıllı-Bakı arasında mikroavtobus sürərək ailəsini dolandırırmış. Qəzadan sonra beli sınıb. O vaxtdan bəri nə gəzə, nə otur bilir:

“Heç əlil arabasında da otura bilmirəm. Bütün günü uzanılı vəziyyətdəyəm. Əməliyyatla düzələ bilər. Almaniyada, İsraildə, Türkiyədə edirlər, ancaq bizim həkimlər boyunlarına götürmürlər. Deyirlər: “əlimizdə ölərsən”. Xaricə getməyə də mənim imkanım çatmır. Bir neçə dəfə aidiyyatı qurumlara da yazdım, baxan olmadı”.

Şikayətçi deyir ki, nə ev, nə də əməliyyatla bağlı müraciətinə baxan var. Atıq ümidini kəsib:

“Həyat yoldaşıma yükəm. O yazıq da 2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkir. İkimiz də xəstəyik. Yoldaşım əməliyyat olunub. Ayda bir dəfə bir iynəsi var, mütləq vurulmalıdır. Bahadır, güclə çatdırırıq. Çətindir, müalicə, yaşamaq… Oğlumuzu çox çətinliklə məktəbə göndərə bilirik”.

Rasim Şahməmmədov 2014-cü ildən ev növbəsinə yazılıb. Deyir, 5 ildir hələ ona növbə gəlib çatmayıb:

“Yuxarılara yazıram. Cavab gəlir ki, yerli icra hakimiyyətinə müacət etməliyəm. Yerli icra hakimiyyəti də ancaq bir söz bilir: “Nə vaxtsa ev tikilərsə, sizə də veriləcək”. İzah edə bilmirəm ki, hazırda pis durumdayam, indi lazımdır. Gözləmək də olmur. Mən nə qədər başqasının evində yaşamalıyam? 9-10 ildir mən hamam nədir bilmirəm, evin içində yuyunmalı oluram. Çünki hamam həyətdədir və yoldaşımın gücü çatmır məni ora daşımağa. Amma əlilliyi olan insanlar üçün tikilən evlərdə şərait fərqli olur axı”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, onlar ancaq Qarabağ döyüşündə əlillik qazanmış və şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxırlar. Ümumi səbəbdən əlil olmuş insanlara ancaq yerli icra hakimiyyətləri ev verə bilər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev isə deyir ki, hazırda yalnız Qarabağ əlilləri və şəhid ailələri mənzillə təmin edilir. Ümumi səbəbdən əlilliyi olanların evlə təmin edilməsi üçün vəsait ayrılmır. Onlar üçün yaşayış evləri tikilmir:

“Ancaq icra hakimiyyətinin imkanları daxilində biz o ailəyə həmişə kömək olmuşuq. Özü də Rasim bəyin həyat yoldaşı da onkoloji xəstədir, bilirik. Bilmirəm sizə deyib, deməyiblər, hətta biz onun evinə əlil arabasının rahat hərəkət edə bilməsi üçün panduslar da düzəltmişik. Ailəyə də bir neçə dəfə maddi yardım göstərmişik. Bu gün bizim gücümüz çatan budur. Evə ehtiyacı olanların qeydiyyatına da alınıb. Nə zaman İsmayıllı rayonunda o təyinatda bina tikilsə, həmin ailənin də mənzil məsələsinə baxılacaq”.

Rövşən Ağayev deyir ki, İsmayıllı rayonunda evə ehtiyacı olan çox insan var. Hamısını qeydiyyata götürüblər:

“O ailələrin hamısında bir nəfərdən artıq adamın əlilliyi var və yaxud uzun xroniki xəstəliklərdən, onkoloji xəstəliklərdən əziyyət çəkirlər. O adamları qeydiyyatda saxlamışıq. Ev olan kimi hamısını təmin edəcəyik. Hazırda isə kimisə mənzillə təmin etmək bizim imkanımız xaricindədir. Nazirliyə müraciət ediblər. Nazirlik də bildirib ki, rayon icra hakimiyyətinə müraciət edin, sizi qeydiyyata alsınlar. Biz də bu işi görmüşük. Bundan artığı gəlmir əlimizdən”.

Rasim Şahməmmədov isə deyir ki, bundan sonra nə qədər yaşayacağını bilmir:

“İnsan bütün günü nə qədər uzanar. Heç yerə çıxa bilmirəm, heç nədən zövq almıram, çətindir. Heç oturub yemək də yeyə bilmirəm. Bunlar da deyirlər ki, nə vaxtda ev tikiləndə sizə veriləcək. Bu, nə zaman olacaq? Mən nə vaxt normal şəraitli evdə yaşayacağam?”

Ana səhifəBölgə“9 ildir hamam nədir bilmirəm, evin içində yuyunuram”