10 yaşlı qızın ölüm işi: Cinayəti boynuna götürməsi üçün İlkinə dörd gün işgəncə veriblər…

A.Süleymanov deyir ki, bir çox ekspert rəyləri alınıb, amma heç biri İlkinin bu cinayətdə iştirakını təsdiqləməyib

Source: Foto: Meydan TV


İ.Süleymanovun tutulması xəbəri yanvarın 6-da yayılsa da, cinayət işinin materiallarında onun yanvarın 10-da saxlandığı göstərilib

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın ölümünə görə həbs olunan İlkin Süleymanov iyunun 3-də məhkəmə qarşısında bir daha günahsız olduğunu deyib. 47 yaşlı İ.Süleymanovun sözlərinə görə, yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncələrə məruz qalıb, yaşlı valideynləri, bacısıyla hədələnib. İşgəncələrə dözməyərək, həmçinin ailəsini qorumaq üçün cinayəti törətməsi barədə etiraf ifadəsinə saxlandıqdan dörd gün sonra imza atıb. Ona görə də tutulması yanvarın 10-na rəsmiləşdirilib.

Bütün bunlar barədə İ.Süleymanov bu gün Səbail Rayon Məhkəməsində danışıb. Bu məhkəmədə İ.Süleymanovun 4 gün heç bir rəsmi qərar olmadan polis şöbəsində saxlanması və orada işgəncəyə məruz qalması haqda vəkillərin şikayətinə baxılıb.

Vəkillər əvvəl Baş Prokurorluğa şikayət edib, bu qanunsuzluğa görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını istəyiblər. Lakin Baş Prokurorun sabiq birinci müavini Rüstəm Usubov şikayətin əsassız olması nəticəsinə gəlib və cinayət işinin başlanması barədə qərar qəbul edib. Həmin qərardan da Səbail Rayon Məhkəməsinə şikayət verilərək, ləğv olunması istənilib.

Məhkəmə şikayəti təmin etməyib. İ.Süleymanovun vəkili Əlibaba Rzayev Meydan TV-yə bildirib ki, bu qərardan apelyasiya şikayəti verəcəklər. Vəkil hesab edir ki, R.Usubovun qərarı da, onu haqlı sayan məhkəmə qərarı da əsassızdır.

Vəkilin sözlərinə görə, şikayətin obyektiv araşdırılması üçün heç bir addım atılmayıb:

“Qanuna görə, şübhəli şəxs qismində 48 saatdan artıq saxlamaq olmaz. Bu müddətdə ya ittiham irəli sürüb, həbs qərarı üçün məhkəmə qarşısına çıxarılmalıdır, ya da azad edilməlidir. Rüstəm Usubovun qərarında yazılıb ki, İlkin Süleymanovun 4 gün qanunsuz saxlanması, işgəncəyə məruz qalması təsdiqini tapmayıb, ona görə də cinayət işi başlanmasına zərurət yoxdur. İlkinin yanvarın 6-da tutulduğunu bütün kənd bilib, bunun şahidləri var, media orqanları bu barədə yazıb, amma cinayət işinin materiallarındakı sənədlərdə göstəriblər ki, guya yanvarın 10-da tutulub. Adamın 6-da saxlanması faktdır, amma inkar edirlər. Çünki prokurorluq bu barədə gerçək araşdırma aparmayıb. Tovuz polisinin bir neçə əməkdaşının izahatı alınıb. Əlbəttə ki, onlar inkar edəcəklər. Başqa istiqamətdə araşdırma aparılımalıydı. Dəlillərimizi də təqdim etmişdik”.

image_from_ios (4).jpg
Əlibaba Rzayev

Vəkilin sözlərinə görə, İ.Süleymanov haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda qərardan verilən apelyasiya şikayətinə baxılarkən İlkin məhkəmədə üzərindəki xəsarət izlərini göstərib. Bu da yanvarın 23-də Sabunçu Rayon Məhkəməsindəki zalda baş verib. Müdafiəçinin sözlərinə görə, həbsindən 20 günə yaxın vaxt keçsə də, üzərindəki xəsarət izləri qalmışdı və həmin məhkəmə iclasının videogörüntüsünə baxıb, buna əmin olmaq mümkündür.

Müdafiə tərəfi iyunun 3-də məhkəmədə də bu məsələni qaldırıb. Amma hakim həmin görüntüləri alıb baxmaqdan da, İ.Süleymanovun yanvarın 6-da tutulduğunu təsdiqləyə biləcək şahidləri dindirməkdən də imtina edib. Bu barədə vəsatətlər təmin olunmayıb.

Qapalı məhkəmə prosesi keçirilərkən İ.Süleymanovun qohumları – bacısı İlhamə Süleymanova, qardaşı Adil Süleymanov və digərləri məhkəmə binası önündə gözləyiblər. Onlar jurnalistlərə açıqlama verərək bildiriblər ki, İ.Süleymanovun həbsindən sonra ondan uzun müddət xəbər tuta bilməyiblər. Yalnız bir ay əvvəl, Ombudsman Aparatının müdaxiləsindən sonra onunla telefonla danışıblar. İ.Süleymanov yaxınlarına da bu cinayəti törətmədiyini, işgəncə nəticəsində etiraf ifadəsinə imza atdığını deyib. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan İ.Süleymanov orada saxlanma şəraitindən, ona qarşı münasibətdən narazı olmadığını vurğulayıb.

“Sağ olsun Ombudsman Səbinə xanım, bir ay əvvəl onun müdaxiləsindən sonra İlkinlə telefonla danışa bildik. Ondan sonra həftədə bir dəfə telefonla danışa bilirik. Saxlanma şəraitindən şikayəti yoxdur. Deyir ki, Tovuzda kifayət qədər işgəncə veriblər, burada pis rəftar yoxdur. Birinci zəngində o qədər sevindik ki, heç olmasa, səsini eşidə bildik. Çox yerə müraciət etsək də, hələ görüşə bilməmişik. Telefonla danışanda səhhətinin artıq yaxşı olduğunu dedi, Nərmin haqda soruşdu ki, kim o uşağın başına nə nətirdi? O da deyir, biz də deyirik ki, kim o uşağa qıyıbsa, bu cinayəti kim ört-basdır edib, görüntü yaratmaq üçün bizim ailəyə zülm eləyibsə, Allah bəlasını versin”, – deyə İlhamə Süleymanova bildirib.

image_from_ios (3).jpg
İlhamə Süleymanova

Qardaşı Adil Süleymanovun sözlərinə görə, yanvarın 6-dan 10-na qədər İ.Süleymanova elə işgəncələr verilib ki, onu dilə gətirə bilmirlər.

A.Süleymanov deyir ki, bir çox ekspert rəyləri alınıb, amma heç biri İlkinin bu cinayətdə iştirakını təsdiqləməyib:

“Nüfuzlu şəxslərə yanlış məlumat veriblər ki, guya əllərində kifayət qədər sübutlar var. Yalandır. Necə ki, yanvarın 6-da həbs elədikləri adamı yanvarın 10-da həbs olunmuş kimi təqdim edirlər, başqa yalanları da elə yazırlar. İctimaiyyəti, prezidenti aldadırlar”.

Baş Prokurorluq isə İ.Süleymanova işgəncə verilməsi barədə iddiaları təkzib edib. Prokurorluqdan bildirilib ki, o, vəkilin iştirakıyla dindirilərkən cinayəti törətdiyini etiraf edib:

“Məhkəmə-tibbi ekspertləri tərəfindən müayinə olunarkən, 1 saylı istintaq təcridxanasına daxil olarkən İ.Süleymanovun bədənində xəsarət və ya xəsarət izi aşkar edilməyib”.

10 yaşlı Nərmin Quliyeva ötən il noyabrın 21-də yaşadığı kənddə itkin düşüb. Yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb.

Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq, N.Quliyevanın qətlində şübhəli bilinən İ.Süleymanovun saxlandığını açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 120.2.9 maddəsində 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Ana səhifəSosial10 yaşlı qızın ölüm işi: Cinayəti boynuna götürməsi üçün İlkinə dörd gün işgəncə veriblər…