Əliməmməd Nuriyev: Novruzda əfv sərəncamının olmasını istisna etmirəm

Əliməmməd Nuriyev Fotoqraf: Sosial şəbəkə

''Novruz Bayramına xeyli var, ona qədər sənədləşmə işləri aparılıb, mülahizələr və rəylər təqdim olunacaq''

Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev martda, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanmasını istisna etmir. Ancaq bu barədə qəti fikir söyləmənin də doğru olmadığını da deyir.

O, bu barədə Meydan TV-yə danışıb. Qurumun toplantılarının keçirilməsi barədə suala cavab verən Ə. Nuriyev deyib ki, əfv məsələləri ilə qurumun katibliyi və əfv sektoru işləyir. Müraciətlər, məlumatlar katibliyə və sektora daxil olandan sonra müvafiq qurumlara sorğular göndərilir və hər biri haqqında arayışlar hazırlanır:

“Bu proses bitəndən sonra sənədlər Əfv Komissiyasının sədrinə təqdim olunur və sədr iclas çağırır”.

Ə. Nuriyev bildirib ki, son illər daha çox əfv sərəncamları martda imzalanıb. Baxmayaraq ki, sonuncu sərəncam Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində, mayda imzalanmışdı:

“Mən qarşıdakı mart ayında əfv sərəncamının ola bilməsini istisna etmirəm, amma bununla bağlı qəti fikir söyləmək doğru deyil. Çünki bu məsələ prezidentin konstitusion səlahiyyətinə daxildir. Hələ Novruz Bayramına xeyli var, ona qədər sənədləşmə işləri aparılıb, mülahizələr və rəylər təqdim olunacaq. Ancaq əfv sərəncamının nə zaman veriləcəyini indidən söyləmək doğru deyil və qeyri-dəqiq olardı”.

Sonuncu əfv sərəncamı ötən il mayın 24-də imzalanmışdı. Siyahıda siyasi motivlərlə həbs edilənlərdən Valeh Abdullayev (2012 “Eurovision” işi), Əliağa Qasımov (Nardaran işi), Hilal Cabbarov (Nardaran), Ələkbər Qurbanov (Nardaran), Fail Şahbazov (Nardaran), David Kərimov (Hicab məhbusu), Elşad Rzayev (Hicab məhbusu), Elnur Fərəcov (AXCP üzvü) və Saday Şəkərovun (yazıçı) adı daxil edilmişdi.