Fövqəladə hallar zamanı jurnalistlər üçün əsas addımlar

Foto: Meydan Tv

Bütün dünyada jurnalistika artan və əvvəl görünməmiş səviyyədə repressiya, zorakılıq, hədə-qorxu və məhkəmə təqibi ilə üzləşir. 

Jurnalistlərə hücum edilir, bəzən onlar pulla, bahalı hədiyyələrlə satın alınır, bəzən də susdurulmaq üçün hədələnir, döyülür, öldürülür və həbsə atılırlar. Bütün bunlar insanların müstəqil mənbələrdən xəbər almasını əngəlləmək üçündür

Yəni normal şəraitdə jurnalist olmaq çətinləşib, bunun bir də fövqəladə durumlarda işləməyi var: müharibə, aksiya, təhlükəli bölgələrə səyahət kimi vəziyyətlərdə necə işləmək lazımdır ki, həm xəbər verə biləsən, həm də həyati təhlükədən uzaq olasan. 

Fövqəladə hal nədir?

Azərbaycan reallığında gündəlik görülən işdən fərqlidir:

1. Aksiyaların işıqlandırılması;

2. Münaqişə və müharibə bölgələrinə səfər; 

3. Təbii fəlakət bölgələrinə səyahət;

4. Araşdırma üçün Azərbaycanın bölgələrinə getmək.  

Aksiyaların işıqlandırılması zamanı: 

  • Vacib olan fiziki təhlükəsizlikdir; 
  • Press gödəkcə mütləqdir, yoxsa, aksiyaçılarla səhv salına, polisə cəlb edilə bilərsən;
  • Aksiyaya rahat ayaqqabı və geyimdə getmək, diqqət cəlb edən aksessuarlardan çəkinmək lazımdır; 
  • Polisin insanlara rəftarına (vurma, itələmə, döymə, həbs etmə) müdaxilə etməməli, əvəzində həmin hərəkətləri lentə almalıdır; 
  • Bir gün öncədən planlaşdırmaq lazımdır: Mütləq lazım olmayan avadanlıq götürməmək məsləhətdir. Bu, həm əlavə ağırlıq olmadan işi rahat görməyə köməkdir, həm də avadanlıqları qorumaq kimi öhdəlikdən azad edir;
  • Redaksiyadan bir nəfərlə daim əlaqədə olmaq lazımdır: gözlənilməyən hadisə baş verərsə (yaralanma, polis tərəfindən saxlanılma, əşyaların ələ keçirilməsi), bu barədə həmin şəxs bilgiləndirilməlidir; 
  • Saxlanılma halında polisə müqavimət göstərmək olmaz. Bu, qanunvericiliklə məsuliyyət yaradır.

Münaqişə və müharibə bölgəsinə səfər 

Müharibə bölgələrində peşə fəaliyyətini yerinə yetirən jurnalistlər mülki şəxslər hesab olunur

  • Mülki şəxs statusuna mənfi təsir göstərən hərəkətlərdən qaçmalı;
  • Press yazılı və gülləkeçirməz gödəkçə, papaqdan istifadə etmək lazımdır;
  • Vacib olmadıqca, atəş altında olan ərazilərə getməkdən qaçmaq lazımdır;
  • Hərbçilərin təhlükəsizliklə bağlı göstərişlərinə əməl etmək lazımdır;
  • Hərbi geyimlərdən istifadə etmək olmaz; 
  • Qalacağınız yer atəş zonasından kənarda olmalıdır.  
  • Hərbi silah-sursatla foto çəkdirmək, müharibənin tərəfləri ilə bağlı çağırış etmək, bu barədə sosial şəbəkələrdə paylaşım etmək olmaz; 
  • Yanınızda ilk yardım çantası olsun. 

Təbii fəlakət bölgəsində işləmək

2023-cü ildə Suriyanın şimalını və Türkiyənin şərqini sarsıdan zəlzələ oldu. Zəlzələ bölgəsinə Azərbaycan da daxil, dünyanın əksər ölkələrindən jurnalistlər getmişdi.  

Üzləşməsi mümkün olan problemlər:

Zəlzələ zonasında fövqəladə vəziyyət elan edildiyindən jurnalistlərin hüquq və azadlıqlarının müdafiəsi çətinləşir.

Jurnalistlərin işinə mane olmaq halları mümkündür. 

Nə etməli?

  • Polis, dövlət qurumu əməkdaşları, qəzəbli zəlzələ qurbanları, qəsb qrupları, soyğunçu dəstələrlə ünsiyyətdə diqqətli davranmaq lazımdır; 
  • Gün batdıqdan sonra işləmək çətinləşə bilər. Elektrik kəsilməsi halı mümkündür, bu da təhlükəsizlik riskini artırır. Bu bölgələrə gedərkən əlavə batareyalar götürmək lazımdır;
  • Köhnə tikililərin sökülməsi nəticəsində havaya asbest buraxılmış ola bilər, maskadan istifadə etmək lazımdır;
  • Su sistemləri işləmədiyindən, şəxsi gigyenaya diqqət çətinləşir, özünüzlə nəm salfet, spirt götürməyiniz məsləhətdir; 
  • Rahat paltar və ayaqqabı (hava şəraitinə davamlı, hərəkəti məhdudlaşdırmayan, gərəksiz diqqət cəlb etməyən) geyinin
  • İlk yardım çantası. Qadınlar üçün – gigiyena məhsulları (xüsusən apteklərə girmə problemi ola biləcək bölgələrə səfər edərkən) götürməniz məsləhətdir.

Araşdırma və ya reportaj üçün Azərbaycanın bölgələrinə səfər 

Hansısa reportaj üçün Azərbaycanın bölgələrinə səfər edərkən bilməlisiniz: 

  • Polis, yerli icra nümayəndəliklərində çalışanlar sizdən icazə sənədi istəyə bilər. Bu zaman onlara jurnalistin peşə fəaliyyətini yerinə yetirərkən, ictimai yerlərdə çəkiliş apararkən izin almasına gərək olmadığını sakitcə xatırladın; 
  • Sizdən icra hakimiyyətinə gedib, oradan qeydiyyatdan keçmək tələb oluna bilər. Qanunsuz tələbdir, lakin məcbur qalsanız, redaksiyaya xəbər verməklə, deyiləni edə bilərsiniz; 
  • İcra hakimiyyətində sizdən qeydiyyat, vəsiqə soruşula bilər. Varsa, göstərin, olmasa, “Media haqqında” Qanundan misal çəkin. Qeydiyyat önəmli deyil, hər hansı media qurumuna bağlı çalışmaq da vacib deyil;
  • Gedəcəyiniz bölgənin adətlərini, geyim tərzini araşdırın, diqqət cəlb etməyəcək şəkildə geyinin; 
  • Bəzi bölgələrdə xüsusən qadınların restoranlarda yemək yeməsi normal qarşılanmır. Bunu diqqətdə saxlayın, özünüzlə su və qəlyənaltı götürün; 
  • Bölgədə bir neçə gün keçirməli olsanız, hər gün sonunda çəkdiklərinizi kameradan kompüterə boşaldın, polis kameranı əlinizdən ala, içindəkiləri silə bilər. Beləcə bir neçə günlük materialınızı itirməzsiniz;
  • Kompüter və çəkiliş üçün lazım olmayan avadanlığı özünüzlə götürməməyiniz məsləhətdir.