"Uzun müddət istifadəsiz qalmış qaz, su xətləri kəsilərək satılır"

Mənbə: meydan tv

Başlıq: "Uzun müddət istifadəsiz qalmış qaz, su xətləri kəsilərək satılır"

“Zibilliklərin arasıyla axıb gələn arx suyu ilə çimirik, qızınmağa odun alırıq”

Ucarın Quləbənd kəndi yaxınlığındakı 16 ailə qaz, su, telefon, internet arzusuyla yaşayır

“Ucarın mərkəziylə aramızda 7 kilometr məsafə var. Hər gün 16 ailə burdan rayona gedir, içməli su daşıyıb gətirir. Düzdür, icra başçısı bir arx qazdırıb, o arxla su kanalından bizə tərəf su axıb gəlir, ancaq o suyu yalnız paltar, qab-qacaq yumağa istifadə edə bilirik. İçsək, zəhərlənib ölərik”.

Ucar Pambıq Zavodu hələ 1980-ci illərin ortalarında Bakı-Qazax yolunun üstündə, Ucarın Quləbənd kəndi yaxınlığına düşən ərazidə (Pambıq zavodun ərazisi) zavodun çoxuşaqlı ailələri üçün yaşayış binaları inşa etmək qərarına gəlir. 1987-ci ildə ilk ikimərtəbəli, 16 mənzilli bina istifadəyə verilir. Lakin Sovet hökuməti dağılandan sonra zavod da fəaliyyətini dayandırır, növbəti binalar tikilmir. Nəticədə istifadəyə verilmiş ilk binanın bir sıra kommunal problemləri də həll olunmamış qalır. Üstəlik, 90-cı illərin əvvəllərində hər yerdə olduğu kimi, bu ərazidə də qaz, su qıtlığı yaranır. Uzun müddət istifadəsiz qalmış qaz, su xətləri kəsilərək satılır. Nəticədə 30 ildən çoxdur ki, 16 ailə mavi yanacağı odunla əvəz edib, içməli suyu xeyli aralıda yerləşən rayondan daşıyır.

“İçməli suyu rayondan daşıyırıq”

Bina sakini Teymur Əhmədov danışır:

“Sağ olsun Ucarın icra hakimiyyətinin başçısı, binanı təmir etdirdi, dam örtüyünü dəyişdirdi. Meşədən keçib gələn Qəzyan arxı var, zibilliklərdən keçib gəlib bizim binaya çatır. O arxı da başçının göstərişi ilə qazıblar bizim üçün. Biz o arxı ildə 3-4 dəfə öz hesabımıza traktor gətirib qazdırırıq, qamışdan, yığılan zibillərdən, qurbağalardan təmizləyirik ki, su, azca da olsa, təmizlənsin. O arxın suyuyla yalnız pal-paltar, qab-qacaq yuya bilirik. Ekoloji çirkli sudur. Məcburuq ki, hər gür rayona gedib, içməli su gətirək. Bakı-Qazax yolunun üstündə ikimərtəbəli bir binadır. Ətrafı bomboşdur, bizim binadan başqa yaşayış yoxdur”.

"O arxın suyuyla yalnız pal-paltar, qab-qacaq yuya bilirik"

"O arxın suyuyla yalnız pal-paltar, qab-qacaq yuya bilirik"

Mənbə: meydan.tv

“Telefon xətti binamızın qarşısından kəndlərə qədər uzanır”

Sakinlərin deməsinə görə, yaşadıqları yerdən 2 kilometr o tərəfə – Zərdaba qaz xətti keçib gedir. Digər tərəflərindən 1,5 kilometr məsafədəki Güləbənd kəndinə qaz verilir, ancaq onların binasına qaz xətti çəkilmir. Buna görə də sakinlər odundan istifadə edirlər:

"Azı 25 ildir ki, qaz yoxdur. Gedirik, tələb edirik ki, gətirin vaxtilə kəsdiyiniz qaz xətlərini yerinə birləşdirin, deyirlər, mümkün deyil. Səbəbini isə izah etmirlər. Bir maşın odun azı 350 manata başa gəlir. Ailələrin çoxu ala bilmir. Bax, hazırda hərə öz evinin odun sobasını çölə çıxarıb rəngləyir, qışa hazırlıq görür. Bir azdan havalar soyuyanda odun, istilik məsələsi yenə binanın əsas problemi olacaq”.

Sakinlərin telefon və internet problemi də var. Onların deməsinə görə, telefon xətti yaşadıqları binanın qarşısından keçib kəndlərə qədər uzanır, ucqar kəndlərdə də telefondan istifadə imkanı var, ancaq onların binasına telefon xətti çəkilmir.

Rəsmi qurumlar nə deyir...

Sakinlər su, qaz və telefon çəkilişi üçün aidiyyəti qurumlara müraciətlər ediblər. Su problemi ilə bağlı “Birləşmiş Sukanal” MMC-dən sakinlərə gələn cavab məktubunda bildirilir ki, həmin ərazidə Ucar Sukalan İdarəsinə məxsus heç bir içməli su xətti və mühəndis texniki qurğuları mövcud deyil. Əraziyə idarə tərəfindən heç bir xidmət göstərilmir.

"Sakinlərin telefon və internet problemi də var"

"Sakinlərin telefon və internet problemi də var"

Mənbə: meydan.tv

Rabitə və Texnologiyalar Nazirliyindən gələn məktubda sakinlərə bildirilib ki, Ucar Telekommunikasiya Qovşağının mütəxəssisləri binaya baxış keçirib. Bina kabelləşmədiyindən mənzillərə telefon çəkilişi mümkün olmayıb. “Aztelekom” MMC-nin Ucar Telekommunikasiya Qovşağının maliyyə imkanları daxilində 2018-ci il ərzində binanın telefonlaşdırılması nəzərdə tutulub.

Sakinlərin “Azəriqaz” ASC-yə yazdıqları məktublarsa cavabsız qalıb.

Ucar rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bir müddət əvvəl qurum Pambıq Zavodu ərazisindəki 16 mənzilli binanı təmir edib, dam örtüyünü təzələyib, binanın ətrafına asfalt örtüyü çəkib. Qəzyən meşəsindən binanın yerləşdiyi əraziyədək su arxı qazdırmaqla məişətdə su problemini qismən də olsa həll edib. Digər problemlərin həlli üçün isə aidiyyəti qurumlara məktubla müraciət edib: “O bina 32 il əvvəl Pambıq Zavodunun öz işçiləri üçün tikdiyi ilk bina idi, orada daha bir neçə bina inşa olunmalıydı, Sovet dağıldı, zavod bağlandı, işlər yarımçıq qaldı. Orada heç kanalizasiya xətti də yoxdur. Sakinlər öz xətləriylə, biz də öz xəttimizlə aidiyyəti qurumlara müraciət etmişik, yenə müraciət edəcəyik”.

Qarşıdan qış gəlir. İkimərtəbəli, 16 mənzilli binanın 72 sakininin isə indidən canına üşütmə düşüb. Onlar yenə də şaxtalı, qarlı günlərdə su, odun daşımalı olacaqlar.

"O bina 32 il əvvəl Pambıq Zavodunun öz işçiləri üçün tikdiyi ilk bina idi, orada daha bir neçə bina inşa olunmalıydı, Sovet dağıldı, zavod bağlandı, işlər yarımçıq qaldı"

"O bina 32 il əvvəl Pambıq Zavodunun öz işçiləri üçün tikdiyi ilk bina idi, orada daha bir neçə bina inşa olunmalıydı, Sovet dağıldı, zavod bağlandı, işlər yarımçıq qaldı"

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/i3jwji

Ən çox baxılan