Zibili belə varlı-kasıba bölünən ölkə

Bakı zibilliklərindən reportaj – Avropa standartlarına uyğun qutular

Source:


Bakı zibilliklərindən reportaj


Avropa standartlarına uyğun qutular

Paytaxtın mərkəzi abadlaşdıqca, Bakının varlı və kasıb hissələrinin arasındakı kontrast daha ciddi nəzərə çarpır. İndi nadir hallarda Bakının mərkəzi küçələrini çirkli, zibilli görmək olur. Mərkəzdə, xüsusilə də İçərişəhərdə zibil qutuların həttə tullantıların təsnifatına görə bölünüb. Lap avropa standartlarına uyğun şəkildə – plastik, kağız, şüşə və yeyinti tullantıları üçün ayrı-ayrı qutular var. Bu qutular tez-tez boşaldılır, ətrafı təmiz saxlanır. Təəccüblü deyil. Axı buralar vitrindi. «Tarqovı», Milli Park, İçərişəhər paytaxtın vitrinidi. İçərişəhərdə əksər avropa ölkələrinin səfirlikləri var. Buraların belə önəmlə təmiz saxlanmasının vacibliyi aydındır.


Günlərlə boşaldılmayan zibil qabları


Amma şəhər mərkəzindən uzaqlaşdıqca mənzərə dəyişir. Bir az kənar rayonlarda zibil qutuları azalır. Qutuların kənarları adətən

zibilli olur. Şəhər sakinlərini səliqəsizlikdə qınamaq istəyirsən ki, həmin yerdə zibil qutularının artıq dolu olduğunu görürsən. Ətrafa yayılan qoxudan müəyyənləşdimək olur ki, bəlkə də qutular iki gündü boşaldılmır.

Zibilliklərə göz yetirəndə istər istəməz zibillərin tərkibi ilə bağlı da müşahidə aparırsan. Şəhərin mərkəzindəki zibilxanaların qutularını açanda o qutularda daha kübar tullantılar görmək olur. Marinad meyvələrin tənəkə qutuları, bahalı içkilərin şüşələri, əcnəbi dillərdə çıxan qəzet-jurnallar və s. Bu qutulardan gələn qoxular da adamı çox iyrəndirmir, ürəyini bulandırmır, ikrah hissi doğurmur.


Kənar məhəllələrin iyrənc qoxuları


Amma kənarlara gəldikcə qoxu sərtləşir. Ərzaqların, tullantıların görünüşü dəyişir. Ucuz siqaret qutuları, 2-3 manatlıq araq şüşələri, çirkli uşaq bezləri, kartof-soğan qabıqları, yemək artıqları bir-birinə qarışaraq, iyrənc bir görünüş və adamın beynini çatladan qoxu əmələ gətirir.


Varlı məhəllələrdə, şəhərin mərkəzində zibil qutuları cəmi bir neçə kvadrat metrlik yeri zəbt edir və qoxusu, yeri ilə bura ilə məhdudlaşır. Məhəllə nə qədər kasıbdırsa, zibil qutularının kənarlarındakı zibil topaları o qədər çox uzanır və qoxusu o qədər daha çox yayılır ətrafa. Bəzi məhəllələrdə birinci mərtəbədəki evlərə belə zibilxananın qoxusu gəlir.


Samovar keyfi deyil, zibil yandırılar


Kasıb məhəllələrdə bəzən qutuların günlərlə boşaldılmadığını görən sakinlər zibilləri yığıb yandırmalı olurlar. Xüsusilə, yay günlərində. Bir də görürsən, axşamın bürükül küləyi müxtəlif qoxularla dolu bir hisi qova-qova düz burnunun dibinə gətirdi.

Ağlına samovar çayı, manqal kefi, nə bilim, ocqla bağlı başqa nə düşürsə-düşsün, az sonra alovun, ocağın əsl mahiyyətini tutursan. Və anlayırsan ki, sən zibilxanaları belə varlı-kasıba ayrılan bir ölkədə yaşayırsan…

Ana səhifəXəbərlərZibili belə varlı-kasıba bölünən ölkə