V.Putin və A.Navalnı

Mənbə: novayagazeta.ru

Başlıq: V.Putin və A.Navalnı

Zərdüşt Əlizadə: Rusiyada təbii resursların çoxluğu oğru zümrənin ömrünü uzadır

Məqalə yeniləndi:  4 Fevral 2021

"Sanksiyalar dünyanın altıda birini əhatə edən bir ölkəyə ciddi təsir etməz"

“Rusiya çökəcək, sadəcə, təbii resursları o qədər çoxdur ki, oğru hakim zümrənin ömrünü uzadır. Ona görə də Qərbin sanksiyalarının dünyanın altıda birini əhatə edən bir ölkəni çökdürəcəyini düşünmürəm, yəni ciddi təsir etməz. Əgər sanksiyalar Rusiyadan kiçik İranı, Şimali Koreyanı, Kubanı çökdürməyibsə, daha hansı sanksiyalarla Kremlə təsir etmək olar?”.

Bunu politoloq Zərdüşt Əlizadə Qərbin Aleksey Navalnının həbsinə görə Rusiya qarşı hər hansı sanksiyaların tətbiq edib-etməyəcəyi ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib.

Zərdüşt Əlizadə deyir ki, Rusiya nüvə dövlətidir, əhalisi də passivdir və təzyiqlərə dözür: “Onsuz da Rusiya neçə illərdir sanksiya altındadır, müasir texnologiya ala bilmir. Bu mənada daha hansı sanksiyaları tətbiq etmək olar? Rusiya Avropa Məhkəməsinin qərarına görə, Xodorkovskiyə 60 milyard ödəməlidir. Ödəyir? Təbii ki, yox. Xeyli həbsdə saxlayandan sonra şirkətin də alıb Seçin və Abramoviç arasında böldü. Sonra da həbsdən azad edib xaricə buraxdı ki, get oradan söy”.

Zərdüşt Əlizadə ABŞ dövlət başçısı Cozef Baydeninin “Rusiyanı sürprizlər gözləyir” bəyanatını belə şərh edir:

“İsa Qəmbər də 2003-cü ildə demişdi ki, İlham Əliyevi prezident olmağa qoymayacaq. Nə oldu? Heç nə. Bayden də həmin sözü deyib də. Bir daha təkrar edirəm, dünyanın altıda birinə sanksiya tətbiq etmək mümkün deyil. Kiçik ölkələrə təsiri olur, amma Kuba, İran, Şimali Koreya kimi mütəşəkkil dövlətlərə isə təsiri az olur”.

Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə

Mənbə: strateq.az

O Rusiya iqtisadiyyatının durumunun ağır olduğu fikrini bölüşür, amma “əgər əhali həmin ağır şəraitdə ayağa qalxarsa, vəziyyət dəyişə bilər” deyə əlavə edib: “Bu gün rus xalqı ayağa qalxmağa qadirdir? Sonuncu aksiyalarda 5-10 min adam mitinqə çıxdı, onlardan da 4 min nəfəri həbs etdilər. Sonra nə oldu? Söhbət bütün xalqdan gedir, ona görə xalqı maarifləndirmək lazımdır, etirazlar düşünülmüş və mütəşəkkil olmalıdır”.

Şahin Cəfərli: "Rusiyadakı etiraz aksiyalarında xarici “barmaq” axtarmaq düzgün deyil"

Siyasi şərhçi Şahin Cəfərli də hesab edir ki, hər hansı sanksiyayla Putinin siyasətini dəyişmək mümkün olmayacaq: “Çünki Rusiya rəhbərliyi son illərdə elə əhval-ruhiyyədədir ki, istənilən sanksiyaya hazır olduğunu nümayiş etdirir. Bu baxımdan nə qədər ağır sanksiyalar tətbiq olunsa da, Rusiyanın siyasətini məhz bunlarla dəyişəcəyini gözləmirəm”.

O, sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərdiyini də deyir: “Şimal ölkə sanksiyalardan sonra qərbdən hər hansı müasir texnologiyalar ala bilmir, düzdür, hansısa qeyri-leqal kanallarla nələrsə alırlar. Ümumən Rusiyanın texnoloji bazara çıxışı bağlandığından bu, ölkə iqtisadiyyatına mənfi təsir edib. İkinci, 2014-cü ildən Rusiyadan hər il qərb kapitalı çıxır, yeni kapital isə ya gəlmir, yaxud minimal gəlir. Bütün bunlar da Rusiya iqtisadiyyatının durumuna təsir edir. Üçüncü, Rusiya biznes mühiti xarici kapital üçün əlverişsiz sayılır. Dördüncü, son 7 ildə əhalinin gəlirləri davamlı şəkildə azalır, 2013-2014-cü ildən rus xalqının gəlirlərində azalma qeydə alınır. Ölkədə iqtisadi böhran var və xoş perspektiv də görünmür. Bütövlükdə sanksiyaların Rusiya iqtisadiyyatına və xalqına mənfi təsirləri var, ancaq bu sanksiyalar hakimiyyətin siyasətinin dəyişməsilə nəticələnmir və belə görünür ki, bunu gözləmək də düzgün deyil”.

Şahin Cəfərli

Şahin Cəfərli

Mənbə: arxiv

Şahin Cəfərli Rusiyadakı daxili etirazlarda xarici amilin minimal olduğu qənaətindədir:

“Əlbəttə, Qərb insan haqlarını pozan dövlət məmurlarına sanksiya tətbiq edəndə, müxalifət tərəfindən rəğbətlə qarşılanır. Amma Rusiyadakı daxili siyasi proseslərdə əsas amil rus xalqının mövqeyi və əhval-ruhiyyəsidir. Ona görə etiraz aksiyalarında xarici “barmaq” axtarmaq düzgün deyil. Narazılıq daha çox əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsiylə bağlıdır. Görünür, yaxın gələcəkdə də vəziyyətin yaxşılaşması gözlənilmir. Bu baxımdan etiraz potensialı artmaqda davam edəcək, yəni əsas səbəbi daxili amillərdə axtarmaq lazımdır”.

Onun sözlərinə görə, Kremlin Qərbdən konkret gözləntiləri var:

“Rusiya rəhbərliyinin mövqeyi belədir ki, Qərblə masaya oturub bütün maraqlı tərəflərin problemlərini birgə həll etsinlər. Rusiya tərəfi yalnız qarşılıqlı güzəştlərlə öz mövqeyində dəyişiklik etməyə hazır ola biləcəyinə işarə vurub. Əks təqdirdə, Qərbin birtərəfli sanksiyalarıyla mövqeyini dəyişməyəcəyini bildirib”.

Fevralın 2-də Moskva məhkəməsi Gələcək Rusiya Partiyasının sədri Aleksey Navalnını “İv Roşe” işi üzrə 3.5 il azadlıqdan məhrum edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dy9ke7

Ən çox baxılan