Zərdüşt Əlizadə: Ağıllı və tədbirli siyasət lazımdır ki, 25 faiz ərazini də qaytaraq

“Beynəlxalq ictimaiyyət tərəfindən Rusiya sülhməramlılarının bölgədə qalmasının yeganə izahı odur ki, onlar ermənilərin təhlükəsizliyini təmin edirlər”

Source: Rusiya mediası


Sülhəddin Əkbər: "Azərbaycan və Rusiya İşçi Qrupunun fəaliyyətinin sürətlənməsini istəyir”

“İşçi Qrupları iki halda yaradılır: birinci, siyasi razılaşma varsa, mütəxəsislərin və peşəkarların cəlb olunmasıyla prosesin sürətlənməsi, ikincisi, siyasi razılaşma yoxdursa, məsələni uzatmaq və yaxud başdan etmək üçün. Amma bəyanatda konkret tarixlər var, ən azı Azərbaycan və Rusiya İşçi Qrupunun fəaliyyətinin və prosesin sürətlənməsini istəyir”.

Bunu Meydan Tv-yə Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

Sülhəddin Əkbər ehtimal edir ki, Nikol Paşinyan rejimi də prosesin sürətlənməsində maraqlıdır, çünki erməni xalqına verəcəyi bir şey qalmayıb: “Əvəzində danışıqlara nə üçün getdiyini və sənədi niyə imzaladığını hansısa formada izah etməlidir. Deyə bilsin ki, Qarabağda savaşı uduzdular, amma Ermənistanın inkişafı üçün imkan əldə etdilər”.

Ancaq Sülhəddin Əkbər baş verənlərə ehtiyatlı optimist yanaşdığını da əlavə edib: “Əgər geopolitik toqquşma olmayacaqsa, ilk növbədə Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı anlaşmanın işlənməsi ehtimalı daha çoxdur”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər


Zərdüşt Əlizadə: "Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün də zaman lazımdır"

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, 11 yanvar Moskva görüşünün bəyanatının bəndləri Azərbaycan dövlət başçısı İlham Əliyevin təklifi və tələbi əsasında qəbul edilib: “Məqsəd təsis olunan İşçi Qrupun sülhməramlı qüvvələrin səlahiyyəti barədə birgə sənəd hazırlayıb dövlət rəhbərlərinə təqdim etməsidir. Yalnız bundan sonra sülhməramlıların hansı istiqamətdə işləyəcəyi məlum olacaq. İkinci, İşçi Qrup hər iki ölkə ərazisindən keçəcək yol infrastrukturu haqda sənəd hazırlayıb dövlət başçılarına təqdim edəcəklər”.

Zərdüşt Əlizadə bildirib ki, İlham Əliyev 62 diversantı Ermənistana verməməsi doğru qərardır.

O, Ermənistanın Minsk Qrupunu xatırlatmasına toxunaraq indiki vəziyyətdə bu təklifin gerçəkləşməyəcəyi qənaətindədir: “Minsk Qrupu 44 günlük müharibə zamanı iflasa uğradı. Fransa beynəlxalq hüquqa zidd mövqeyi ilə özünü biabır etdi. Sübut etdi ki, tərəfkeşdirlər. ABŞ-ın diqqəti daxili siyasətdədir, Vaşinqtonun indiki durumu 1992-1993-cü ilin Bakısını xatırladır. Amerika hökumətini hazırda Qarabağ vecinə deyil. Bayden də andiçmə mərasimindən 6 ay sonra xarici siyasətə və regiona, bəlkə, vaxt ayıra bilər. Artıq Qarabağ məsələsi üçtərəfli – Rusiya, Türkiyə və Azərbaycanla həll olunur. Ermənistan da bu prosesdə söz sahibi deyil. Səbəb Yerevanın əbləh siyasətidir, bu ölkənin rəhbərləri dövləti beynəlxalq hüquq subyekti statusundan məhrum etdi”.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycan Qarabağı 1988-ci ildən başladığı siyasəti və 1994-cü ildə atəşkəs imzalamasıyla itirmişdi:

“5 illik məğlubiyyəti aradan qaldırmaq üçün bizə 30 ilə yaxın vaxt lazım oldu ki, ordu quraq, xarici siyasətimizi normal vəziyyətə salaq və nəhayət, 44 günlük müharibə başladı. İndi sual yaranır, həmin 5 illik məğlubiyyəti birdən-birə dəyişmək mümkündürmü? Əlbəttə yox, yəni Azərbaycana zaman lazımdır. Əslində, 10 noyabrdan sonra Azərbaycanın parlaq qələbəsi olmuşdu, ərazilərin 75 faizi qaytarıldı, indi isə ağıllı və tədbirli siyasət lazımdır ki, 25 faizi qaytaraq. Ermənistan cəmiyyəti dəmiryollarının açılmasının xeyrini görəndən sonra anlayacaq ki, qonşuyla əbədi düşmənçilik ziyandan başqa bir şey deyil. Paralel olaraq biz sülhməramlıların statusu müəyyənləşəndən sonra Qarabağdakı ermənilərlə münasibətləri bərpa edək, onları inandıraq ki, bizdə nifrət yoxdur və bu zaman müddətində azərbaycanlılar qayıdıb təsərrüfat quracaq. Beynəlxalq ictimaiyyət tərəfindən Rusiya sülhməramlılarının bölgədə qalmasının yeganə izahı odur ki, onlar ermənilərin təhlükəsizliyini təmin edirlər. Əgər biz sübut etsək ki, ermənilər və azərbaycanlılar birgə yaşaya bilər, 5-10 il sonra sülhməramlıları yola salacağıq. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün də zaman lazımdır. İndi tanımır, sabah Türkiyəylə münasibətlərinin daha da yaxşılaşdırdığını görəndən sonra anlayacaq ki, Azərbaycandan da xeyir gələ bilər. İctimai rəyin dəyişməsi üçün tədbirli və ağıllı siyasətə ehtiyac var, bir aya vəziyyəti dəyişmək üçün”.


Əhməd Əlili: "İşçi Qrupunun necə fəaliyyət göstərməsi bundan sonra məlum olacaq"

Siyasi icmalçı Əhməd Əlili bildirib ki, Moskva danışıqlarında Ermənistan tərəfi 10 noyabr bəyanatının 8-ci bəndinə istinad etmək istəyib:

“Paşinyan əsir və girovlar məsələsini aktivləşdirməyə çalışsa da, Əliyevin qarşısında dayanan daha çox iqtisadi əlaqələrə nail olmaq və Ermənistan daxilindən Naxçıvana keçəcək dəhliz idi. Məsələ ondadır ki, Azərbaycan doğru olaraq 62 nəfəri müharibə əsiri yox, terrorçu kimi dəyərləndirir. Əvəzində Azərbaycan Ermənistandan fərqli olaraq 11 yanvarda istədiyini aldı. Bütün hallarda dünən tərəflər irəlilədirlər, dayanma yoxdur və Bakının mövqeyi üstün şəraitdədir. Amma İşçi Qrupunun necə fəaliyyət göstərməsi bundan sonra məlum olacaq. Ola bilsin ki, Azərbaycan tərəfi Zəngilan rayonunun dağıdılan hissəsinin bərpasını Ermənistanın üzərinə qoya bilər. Çünki Zəngilandan Naxçıvana keçən dəmiryolu Azərbaycanın mülkiyyəti olub. Belə məsələlər ortaya çıxdıqca, İşçi Qrupunun necə effektli olduğunu biləcəyik. Ümumiyyətlə, bundan sonra real tənzimlənmə İşçi Qrupunun fəaliyyətindən sonra olacaq. Səbəb bəyanatının nəqliyyat dəhlizi ilə bağlı hissəsi perspektivə hesablanmasıdır”.

118645451_620172385184536_7703387997886241163_n.jpg
Əhməd Əlili

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayılıb.

Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcəkdir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-c il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: Ağıllı və tədbirli siyasət lazımdır ki, 25 faiz ərazini də qaytaraq