Zərdüşt Əlizadə: 2-3 günə Bakının Moskva ilə sövdələşmə edib-etmədiyi məlum olacaq

“İndiki vəziyyətdə Rusiyanın o dəstəyinin həlledici əhəmiyyəti yoxdur”

Mənbə: AFU


Şahin Hacıyev: “Çox güman ki, Rusiya ilə Türkiyənin razılığı alınıb"

Siyasi icmalçı Zərdüşt Əlizadə deyir ki, yaxın 2-3 gündə Bakının Moskva ilə sövdələşmə edib-etmədiyi məlum olacaq.

Bu barədə Zərdüşt Əlizadə Meydan TV-yə danışıb.

Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisini işğal edib və işğalı davam etdirir:

“Ancaq heç bir dövlət Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır, hətta Ermənistan da bu yöndə addım atmağa çəkinir. Çünki Ermənistanın havadarı Rusiya ona Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağa icazə vermir, səbəb də odur ki, Moskva bu münaqişə vasitəsilə bölgəyə nəzarət edir. Məsələ ondadır ki, Azərbaycan hakim elitası niyyətinə çatıb, yəni ölkə tam şəkildə onun nəzarətindədir, hər şeyi ələ alandan sonra xalq da Qarabağ tələbi irəli sürürdü. Əvvəllər Bakı Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması və Rusiyadan qorxması səbəbindən heç nə edə bilmirdi”.

Zərdüşt Əlizadə indiki vəziyyətin dəyişməsinin Türkiyənin bölgədə söz sahibi olması iddiasından irəli gəldiyini düşünür:

“Türkiyə nəinki Azərbaycanın yanındadır, həm də hərbi gücün nümayiş etdirir. Belə olanda, Bakı Moskvayla daha ötkəm danışır və deyir ki, xalq Qarabağı tələb edir. Bunun qarşılığında Moskva Abxaziya və Osetiyada olduğu kimi ordusunu bölgəyə yeritmək niyyətindədir. Bakı isə bunu istəmir, siyasi-hərbi alver də bu məqamın ətrafında gedir. Görünür, hansısa razılaşmalar əsasında Azərbaycan hərbi əməliyyatlara başlayıb, nisbi uğurlar əldə edib. Əslində, Azərbaycan yaxşı hazırlaşsaydı, artıq Cəbrayıl və Zəngilanı azad etməliydi. Ona görə hələlik ciddi nəticə yoxdursa, deməli, Rusiya irəli çox getməyə razılaşmır. Ancaq dediklərim ehtimallardır”.

Zərdüşt Əlizadənin sözlərinə görə, Ermənistan parlamentinin 27 sentyabr müzakirəsinə əsasən demək olar ki, müharibə davam edəcək:

“Hələ 1.5 il əvvəl yazmışdım ki, Rusiya Ermənistanı itaətdən çıxdığı üçün Azərbaycan vasitəsilə cəzalandıracaq. Nəticədə erməni cəmiyyəti etiraza qalxıb Nikol Paşinyanı devirəcək və güman ki, Rusiyaya mülayim komanda gələ bilər. Erməni cəmiyyəti ona görə güzəştlərə hazır deyil ki, həlledici anda Rusiya ona kömək edəcək. Amma onlar Rusiyanın dilindən eşitsə ki, Azərbaycan hərbi əməliyyatlara başladığı təqdirdə, qarışmayacaqlar, səhərisi günü Ermənistanın nümayəndə heyəti Bakıda olacaq və nəticədə Qarabağın Azərbaycanın tərkibində olması ilə bağlı danışıqlar başlayacaq. Bax, Azərbaycan da Rusiyanın müdaxiləsini nəzərə alaraq, qəti addımlar atmağa çəkinir”.


" Rusiyayla razılaşdırılıbsa, ya da razılaşdırılan şərtlər pozulubsa, müdaxilə edəcək"

“Turan” İA-nin redaktoru Şahin Hacıyev rəsmi Bakının gec-tez hərbi əməliyyatlara başlayacağını bildirib: “Görünür, hakim elita hərbi əməliyyatların başlanması vaxtının 27 sentyabrda olduğunu düşünüb və hərəkətə keçib”.

Untitled design (3).png
Şahin Hacıyev

Şahin Hacıyev deyir ki, bu cür geniş miqyaslı hərbi əməliyyatı başlamaq üçün ən azı böyük dövlətlərin birinin razılığı, yaxud regional dövlətlərin dəstəyi olmalıdır:

“Çox güman ki, bunların ikisi də var, birincisi Rusiyadır, ikincisi Türkiyədir. Rusiyayla razılaşdırılıbsa, ya da razılaşdırılan şərtlər pozulubsa, müdaxilə edəcək. Hələ ki bu baş vermir”.

O, Rusiyanın Ermənistana İran vasitəsilə dəstəyinin ilk dəfə olmadığını bildirib:

“Moskva Yerevana həmişə dəstək verib və verəcək də. İndiki vəziyyətdə Rusiyanın o dəstəyinin həlledici əhəmiyyəti yoxdur. Həlledici əhəmiyyət Rusiyanın müdaxilə edib bizi zəiflətməsi, Ermənistanı gücləndirməsi deməkdir. Yəni Azərbaycanın hazırki hücumunun qarşısını alsın. Əgər Azərbaycan qaydaları pozub Ermənistanın ərazisinə daxil olsa,Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının lideri kimi Rusiyanın müdaxilə etmək hüququ var. Ancaq indi əməliyyatlar Azərbaycan ərazisində getdiyindən, Rusiyanın müdaxilə üçün hüquqi əsası yoxdur”.

“Hərbi vəziyyətin və qismən hərbi səfərbərliyin elan olunması baxımından hərbi əməliyyat nə qədər çəkə bilər” sualına Şahin Hacıyev belə cavab verib: “Hərbi əməliyyatların nə qədər çəkməsi barədə proqnoz vermək çətindir, çünki hər şey prosesin necə getməsindən və Ermənistan daxilindəki hadisələrdən asılıdır. Çox güman ki, Ermənistanda yaxın günlərdə sabitlik pozulacaq, müxalifət artıq oktyabrın ilk ongünlüyünə mitinq təyin edib. Nəzərə alsaq ki, Ermənistan ordusu itkilər verir, o zaman Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı narazılıqlar artacaq. Bütün bunların fonunda Azərbaycanın hərbi uğurlarının sayı arta bilər. Bu prosesdə başqa bir amil tərəflərin hərbi sursat ehtiyatıdır, tərəflərin maksimum iki ay müharinə aparmaq imkanı var. Amma hərbi sursat tükənəndən sonra müharibə səngiyəcək. Ona görə yaxın günlərdə mənzərə aydın olacaq. Düzdür, Azərbaycan Ermənistanla müqayisədə hərbi cəhətdən qat-qat güclüdür, bura hərbi sursat, texnika, ordunun sayı, hazırlığın olması daxildir. Ancaq söhbət bu imkanı düzgün və keyfiyyətli yönəltməkdən gedir. Əgər əməıliyyatlar düzgün aparılmırsa, say çoxluğu həlledici amil olmur”.

Sentyabrın 21-də Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb ki, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində əsgər Elşən Məmmədov həlak olub. Sentyabrın 27-də atəşkəs yenidən pozulub. Azərbaycan Prezidenti İlham Əliyev dünən xalqa müraciət edib və ardınca ölkədə hərbi vəziyyət elan olunub. Müdafiə Nazirliyi sentyabrın 27-də yaydığı məlumata görə, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri azad olunub. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü

bildirilir

.

Sentyabrın 28-də isə qismən hərbi səfərbərlik elan

edilib

.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbaycanı günahlandırır.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də 7 hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Ana səhifəSiyasətZərdüşt Əlizadə: 2-3 günə Bakının Moskva ilə sövdələşmə edib-etmədiyi məlum olacaq