Zərdab sakinləri: Fövqəladə Hallar Nazirliyinin əməkdaşı adından 10 adamın pulu mənimsənilib

Orxan Əhmədovun bizdən pul alması ilə bağlı səs yazısını da məktular üzərində göndərmişik, xeyri yoxdur.

Source: google.az


Şikayətçilərin işi polis tərəfindən araşdırılır

Zərdabın Dəliquşçu kəndinin 10 sakini aldadıldığını deyir. Özünü Fövqəladə Hallar Nazirliyinin işçisi kimi təqdim edən Orxan Əhmədovun onlardan övladlarını işə düzəltmək adı ilə 71 min manat aldığını söyləyirlər.

“Fövqəladə Hallar Nazirliyi bizim bölgədə yeni iş yeri və işçi elanı vermişdi. Biz də mayın 28-də övladlarımızı da götürüb Bakıya, nazirliyə getdik. Görüş aldıq, elə qapının ağzında sıramızı gözləyirdik ki, bu zaman binadan 2 nəfər çıxıb bizə yaxınlaşdı. Onlar Orxan Əhmədov və Arif adlı şəxslər idilər. Bizdən niyə gəldiyimizi soruşdular. Biz də izah etdik ki, bəs övladlarımızı işə düzəltməyə gətirmişik. Sonra burada adamımızın olub-olmadığını xəbər aldılar. Yox, dedik, elana görə gəldiyimizi söylədik. Bizi çay süfrəsinə dəvət etdilər, dedilər, bu işlər adamsız, tanışsız olmur,” – deyir Elmar Orucov.

elman.jpg
Elman Orucov

Şikayətçilər bildirirlər ki, bundan sonra Orxan Əhmədov və Arif onları çay içməyə aparıb və bu zaman onlara kömək edəcəklərini söyləyiblər. İşə düzələcək şəxslərin boylarına və çəkilərinə görə qiymət müəyyənləşdiriblər:

“Biz deyəndə ki, dövlət qulluğuna girmək pulla deyil axı, bizə bildirdilər ki, belə şeylər pulsuz olmur. Nə isə, kiminə 8, kiminə 10 min manat dedilər. Biz də gəldik rayona. Kreditə, borca-xərcə girib, deyilən pulu topladıq. 10 valideyn ümumilikdə 71 min manat pulu toplayıb apardıq Bakıya. Əlbəəl verdik Orxan Əhmədova. Bizə orda dedi ki, gedin, 10 günə uşaqların əmri veriləcək. 10 gün sonra 1 ay, 1 ay da oldu 3 ay. Nəhayət, aldadıldığımızın fərqinə vardıq. İndi qalmışıq küçələrdə. Əlimizlə verdiyimiz pulun arxasınca təpik döyürük, xeyri yoxdur”, – şikayətçilərdən Fikrət Əliyevin sözləridir.

Şikayətçilər bundan sonra Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Nazirlikdən Orxan Əhmədov və Arif adlı əmədaşlarının olmadığını söyləyiblər. Ancaq həmin insanların mayın 28-də nazirliyin binasına necə girdiyini, həmin gün oraya nə ilə bağlı gəldiklərini söyləyən olmayıb.

fikret.jpg
Fikrət Əliyev

“Öyrənmək istəyirəm, FHN-in qapısında mühafizəçi olur, ya yox? Mülki şəxslər ora istədikləri vaxt girib-çıxa bilirmi? Bu, necə olur? O adamlar nazirlikdən çıxıblar. Üstəlik, sənədləri FHN-ə verəndə də prosesdə iştirak ediblər. Necə olur ki, indi deyirlər, həmin şəxslərin FHN-lə əlaqəsi yoxdur? Zəhmət çəkib kameraları açsınlar”, – Babakişi Teymurovun sözləridir.

B.Teymurov əlavə edir ki, aldadılan şəxslərin heç biri həmin pulu asan qazanmayıb. Çoxu borc-xərc edib:

“Nədir ki, övladları işlə təmin edilsin. İndi hansı dövrdür ki, bir adam gəlib, bu qədər insanı aldadır, özü kef edir, bu insanlar qalır pis durumda? O pulların hamısı qəpik-qəpik yığılıb, bu gün borc içində üzürük. Üstəlik, bütün aidiyyatı qurumlara müraciətlər ünvanlamışıq. Bir nəticəsi yoxdur”.

Şikayətçilər Yasamal Rayon Polis İdarəsinə də müraciət ediblər. İş 29-cu Polis Bölməsində araşdırılır. İşə isə müstəntiq Məhəmmədəli Cümşüdov baxır. Meydan TV məsələyə münasibət öyrənmək üçün Məhəmmədəli Cümşüdovla əlaqə saxlayıb. Ancaq müstəntiq bu barədə açıqlama vermək istəməyib:

“Bu haqda heç nə danışmaq istəmirəm, iş araşdırılır. Ətraflı məlumat almaq istəyirsinizsə, Daxili İşlər Nazirliyinə müraciət edin”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Bir neçə gün ərzində Orxan Əhmədov da telefonunu açmayıb.

babakisi.jpg
Babakişi Teymurov

Fövqəladə Hallar Nazirliyindən isə bu barədə nəsə deyə bilməyəcəklərini söyləyiblər:

“İşin nazirliklə nə əlaqəsi? Adamlar polisə şikayət ediblər. Polis işi araşdırır. Məlumatı polisdən alın”.

Şikayətçilər Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-preziden Mehriban Əliyevaya ərizə ilə müraciətlər ünvanlayıblar. Hələlik, bir cavab ala bilmədiklərini deyirlər:

“Orxan Əhmədovun bizdən pul alması ilə bağlı səs yazısını da məktular üzərində göndərmişik, xeyri yoxdur. Sonuncu dəfə FHN-in polkovniki bizi qəbul etdi, səsi də dinlədi, materiallarla da tanış oldu. Həmin Orxanın maşınının nömrəsini göndərmişdik. Dövlət nömrə nişanlı maşın idi. Həmin polkovnik o nömrəli maşını da bizə göstərdi. Nömrə eynidir, maşın fərqli. Baxın, hem kim bunu özbaşına edə bilməz. Məncə, Orxan Əhmədovu qoruyurlar. İşə obyektiv baxılmır. Bizə sonda dedilər ki, gedin onu tutun gətirin, bir tədbir görək. Vətəndaş adam tutandı? Özümüz tuturduqsa, polisə niyə gedirdik?” – Elmar Orucov söyləyir.

Fikrət Əliyev oğlunun işə düzəlməsi üçün verdiyi pulu borc-xərclə topladığını söyləyir. Deyir, banklara və qohum-əqrəbaya çoxlu borcu yaranıb, ödəyə bilmir:

“İsizlikdir, çətindir. Borc-xərclə də olsa, istədim ki, övladımın bir işi olsun. 8 min borc etdim, topladım, verdim. Mən istəyirəm ki, Orxanın arxasında duranları ortaya çıxarsınlar. Görək Azərbaycan cəmiyyətini niyə belə zəhərləyirlər? Mən prezidentdən, Mehriban xanımdan rica edirəm, bizim işimizə baxılsın, bizə kömək etsinlər”.

Ana səhifəBölgəZərdab sakinləri: Fövqəladə Hallar Nazirliyinin əməkdaşı adından 10 adamın pulu mənimsənilib