“Zəng edib ağlaya-ağlaya dedi ki, məndə koronavirus aşkarlanıb”

Qadir İsrafilov hazırda saxlanma şəraitlərinin təhlükəli olduğunu, hər an xəstəliyə yoluxa biləcəklərini deyir

Source: Foto: sosial şəbəkə


25 yaşlı tələbənin başqa xəstəxanaya köçürülməsi təşviş yaradıb

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında saxlanılan 25 yaşlı tələbənin Astara Rayon Mərkəzi Xəstəxanasına aparılması panikaya səbəb olub.

Hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında saxlanılan Qadir İsrafilov Meydan TV-yə deyib ki, Cəlilabad rayon sakini F.Ə onlardan ayrılaraq aparılıb:

“Biz İranın Təbriz şəhərində təhsil alırıq. Fevralın 25-də birlikdə Azərbaycan qayıtmışıq və hamımızı Dövlət Sərhəd Xidmətinin avtobuslarına yığıb bura gətiriblər. Neçə gündür bir otaqda qalırıq, ünsiyyətdə oluruq. 3 gündür burdayıq, hələ dünən gecə gəlib bizdən analiz götürüblər. Bu gün axşam saatlarında da gəlib F.Ə-yə dedilər ki, ev şəraitində müalicə almaq üçün aparırıq səni. Aldadıb apardılar. Amma onu xüsusi tibbi yardım maşınında aparmalarından şübhələndik. Sonra özü yoldan zəng etdi, ağlaya-ağlaya dedi ki, mənə deyirlər, səndə koronavirus aşkarlanıb, aparırıq Astara Rayon Mərkəzi Xəstəxanasına”.

Qadir İsrafilov hazırda saxlanma şəraitlərinin təhlükəli olduğunu, hər an xəstəliyə yoluxa biləcəklərini deyir:

“Çox antisanitariya şəraitindəyik. 40-42 nəfər ünsiyyətdəyik, əgər aramızda kimsə yoluxubsa, artıq hamımıza bulaşıb. Mən İrandan gələndə heç nəyim yox idi. 3 gün bir otaqda qaldığım, çay içib, ünsiyyət qurduğum adamı indi “virusa yoluxmusan” adıyla aparıblar. Biz haradan bilək ki, sabah eyni diaqnozla bizi də aparmayacaqlar? Çox ağır vəziyyətdəyik, hər kəs panika içərisindədir”.

Qadir İsrafilov deyir ki, xəstəxana rəhbərliyi orada saxlanılanlar arasında gərginliyi azaltmaq əvəzinə daha da artırır:

“Heç bir məlumat verilmir. Baş həkimin müavini var, Seyid Valeh deyirlər, ondan soruşuruq ki, bilirdinizsə adam xəstədir, niyə bizə demirdiz ehtiyatlı olaq, cavab verir: “Borcluyam sizə məlumat verim?” Belə bir vəziyyətdə, bu adamların yanında necə qalaq?”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Meydan TV-yə deyilib ki, sözügedən şəxsdə koronavirus aşkarlanmayıb:

“Müşahidə altına alınan şəxslərdən analiz götürülüb. Kimdə yan xəstəliklər, məsələn, böyrək daşı və sair aşkarlanırsa, həmin şəxsləri digərlərindən ayırıb mütəxəssislərin olduğu müəssisələrə köçürürlər. Həmin şəxs də bu məqsədlə Cəlilabaddan Astaraya aparılıb. Panikaya əsas yoxdur”.

Ana səhifəBölgə“Zəng edib ağlaya-ağlaya dedi ki, məndə koronavirus aşkarlanıb”