2023-cü ildə idxal olunan qazın 1,6 milyard m³-nin hansı ölkələrdən alındığı bəlli deyil
Dünya mediasında Azərbaycanın Avropaya Rusiya qazını satması ilə bağlı iddiaların artması rəsmi Bakı ilə Kiyev arasında münasibətlərdə soyuqluq yaradıb.
Ukrayna Prezidenti Vladimir Zelenski bu yaxınlarda çıxışında: “Biz elə bir oyun oynamaq istəmirik ki, başqa ölkə Rusiyadan qaz alıb, sonra da onu tranzit etsin. Bu, müharibədən qazanc əldə edərək Rusiyaya pul göndərməklə eynidir,” – deyə bildirib.
Zelenski konkret olaraq Azərbaycanın adını çəkməsə də, “Financial Times” jurnalisti öz məqaləsində Azərbaycanı xüsusi vurğulayıb.
Azərbaycan rəsmiləri hələ ki bu iddialara münasibət bildirməyib.
2025-ci ildə Rusiya ilə Ukrayna arasında tranzit müqaviləsinin müddətinin başa çatması Avropa İttifaqı ölkələrinin diqqətini Azərbaycana yönəldib.
Artıq böyük həcmli qaz sazişləri imzalanmağa, borular işə düşməyə başlayıb.
Bəs Azərbaycan bu fürsəti necə dəyərləndirir? Doğrudanmı, rus qazını “Azərbaycan brendi” altında satır və ya satacaq?
Öncə Azərbaycan təbii qaz ehtiyatlarının istifadəsi ilə bağlı mövcud vəziyyəti təhlil etmək gərəkir.
Statistik məlumatlara əsasən, son illərdə Azərbaycanın qaz hasilatında artım müşahidə olunur. Belə ki, 2020-2023-cü illərdə əmtəəlik qaz istehsalında 27,3 faizdən çox artım qeydə alınıb. Hasilatla yanaşı, həmin dövr ərzində istehlakda da 0,12 faiz artım baş verib.
Cədvəl 1-dən görünür ki, 2020-ci ildə hasil edilən 26,4 milyard m³ təbii qazın 47,8 faizi (12,6 milyard m³), 2021-ci ildə 32,5 milyard m³-in 40,3 faizi (13,1 milyard m³), 2022-ci ildə 39,9 milyard m³-in 39,9 faizi (13,9 milyard m³), 2023-cü ildə isə 36,4 milyard m³-in 39,4 faizi (14,3 milyard m³) daxili istehlaka yönəldilib.
Daxili istehlak əsasən istilik enerjisinin istehsalı, sənaye və ev təsərrüfatlarında istifadə olunub.
Cari ilin yanvar-oktyabr aylarının məlumatlarına görə, 35,1 milyard m³ əmtəəlik qaz istehsal edilib və ilin sonunadək bu göstəricinin daha da artacağı gözlənilir.
Cədvəl 1.
Göründüyü kimi, təbii qazın 40 faizə yaxını daxili tələbatın ödənilməsinə yönəldilir, qalan qismi isə ixrac olunur. Rusiya-Ukrayna müharibəsindən əvvəl Azərbaycanın mavi yanacağının əsas bazarını Gürcüstan və Türkiyə təşkil edirdisə, hazırda bu areal genişlənib.
“Cənub Qaz Dəhlizi”nin tam fəaliyyətə başlaması, xüsusən də 2020-ci ildən TAP layihəsinin istifadəyə verilməsi, Azərbaycan qazını Avropa bazarına qədər çatdırmağa imkan yaradıb.
Baş qaldıran iddialar: Azərbaycan niyə Rusiyaya qaz satıb?
Rusiya-Ukrayna müharibəsi nəticəsində Qərblə “şimal ayısı” arasında yaranan mavi yanacaq böhranı diqqəti Azərbaycana yönəldib.
Xüsusilə, Cənub-Şərqi Avropa ölkələrinin rus qazından asılılığı, bu ölkələri alternativ bazarlar axtarmağa sövq etdi.
2022-ci ilin iyul ayında Brüssel və Bakı arasında qaz sazişinin imzalanması da Qərbin alternativ enerji mənbələri axtarışından qaynaqlanır.
Sazişə əsasən, 2027-ci ilədək Azərbaycandan Avropa İttifaqına illik qaz ixracını 20 milyard m³-ə çatdırmaq barədə razılıq əldə olunub.
Prezident İlham Əliyev də mediaya verdiyi açıqlamada Avropaya qaz ixracını ən azı iki dəfə artırmağı planlaşdırdıqlarını bildirib.
Təbii ki, Azərbaycanın hasilat gücü hazırda verilən vədləri tam şəkildə yerinə yetirmək üçün kifayət etmir. Əgər 2020-ci ildə Azərbaycan qazının alıcısı dörd ölkə idisə, 2024-cü ilin dekabrına olan məlumata əsasən, bu rəqəm 12-yə çatıb.
İdxal olunan qazın həcmi artdıqca, dünya mediasında bu tələbatı ödəmək məqsədilə rus qazının Azərbaycan üzərindən satılmasına dair iddiaların artmasına səbəb olur.
Bəs bu iddialar haradan qaynaqlanır?
“Bloomberg” bir neçə ay öncə yazırdı ki, Azərbaycanın Rusiya üzərindən Ukraynaya qaz satması istiqamətində danışıqlar aparılır.
Burada 12-14 milyard m³-lik qaz tədarükündən söhbət gedir. Bununla Macarıstan və Slovakiya kimi ölkələrin qaz tədarükü həll olunmuş olacaq.
Nəşrə görə, hazırda aparılan danışıqların əsas hədəfində Azərbaycan qazının Ukraynaya satılması və buradan da Şərqi Avropa dövlətlərinə ötürülməsidir, hətta bununla bağlı əqdlərin belə bağlandığı qeyd edilir.
Bu qərar həm də kəmərin Ukrayna ərazisindən keçən hissəsini işlək vəziyyətdə saxlanmasına, sıradan çıxmasının qarşısının alınmasına hesablanıb. Hələ ki bununla bağlı Rusiyanın mövqeyi aydın deyil, Azərbaycan da rəsmi olaraq bir fikir açıqlamayıb.
Lakin Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən tranziti ilə bağlı Avropa İttifaqında müzakirələr aparıldığı müddətdə, 2023-cü ildə rəsmi Bakı ilə Moskva arasında belə bir sövdələşmənin həyata keçirildiyini görmək olur.
“Statkom”un 2023-cü ilə dair məlumatlarına əsasən, Azərbaycan həmin il Rusiyaya 326,5 milyon m³ mavi yanacaq ixrac edib, hətta bu ixracdan 55,5 milyon dollar gəlir əldə edib.
Müstəqillik dövründə ilk dəfədir ki, Azərbaycan və Rusiya arasında belə bir qaz ixrac sövdələşməsi qeydə alınır. Lakin Rusiya öz qazına yeni bazarlar axtardığı bir dövrdə, Azərbaycanın mavi yanacağına ehtiyac duymasının səbəbləri sual doğurur.
Bundan başqa, “Politico”nun Avropa nəşri Azərbaycan rus qazını idxal edərək, onun etiketini dəyişdirərək Azərbaycan qazı kimi Avropaya satdığını yazmışdı. Bir sözlə, Azərbaycanı anti-Rusiya sanksiyalarından yayınmasında köməkdə ittiham etmişdi.
Azərbaycan Prezidentinin köməkçisi, Hikmət Hacıyev “X” səhifəsində “Politico”nun məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırmışdı.
“Bircə fakt bu yazını tamamilə təkzib edir: 2024-cü ildə Azərbaycan Rusiyadan qaz idxal etməyib. Nöqtə! Azərbaycanda qaz hasilatı beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir. İstehsal və ixracın həcmi hamıya aydın görünür”, – deyə H.Hacıyev bildirib.
Hətta “Politico”nun Avropa nəşrindən üzr istəməsini və bu saxta məqaləni geri çəkməsini tələb edib.
O zaman biz də cənab Hacıyevin qeyd etdiyi və hamıya “aydın görünən” ixrac və istehsal, idxal həcmlərinə nəzər yetirək.
Statistik uyğunsuzluqlar heç də hamıya aydın görünmür…
Dövlət Statistika Komitəsi və Dövlət Gömrük Komitəsi qaz ixracına dair fərqli statistik göstəricilər təqdim edir. Belə statistik fərqlər bəzən gömrük qeydiyyatı, mühasibatlıq prosedurlarında texniki uyğunsuzluqlar və digər səbəblərlə izah edilir.
Cədvəl 2-də DSK və DGK-nin yekun göstəriciləri arasındakı statistik fərqlər əks olunub. Məlum olur ki, 2022-ci ildə DSK-nin ixrac olunan təbii qazın həcminin göstəriciləri DGK-nin məlumatları ilə müqayisədə 3,3 milyard m³ artıq, 2023-cü ildə isə 1,6 milyard m³ az qeydə alınıb.
Cədvəl 2.
Azərbaycanın təbii qaz ixracına dair statistikası (milyon m³) | |||
İllər | Dövlət Statisitka Komitəsi | Dövlət Gömrük Komitəsi | Statistik fərq |
2021 | 19 078,4 | 20 046,6 | -968,2 |
2022 | 22 634,9 | 18 965,2 | 3 669,7 |
2023 | 24 933,5 | 26 623,4 | -1 689,9 |
2024(yanvar-oktyabr) | 21 362,1 | 21 338,8 | 23,3 |
Əlbəttə, belə statistik uyğunsuzluq şəraitində Azərbaycanın hasil etdiyi qazın dəqiq ixrac həcmini müəyyənləşdirmək bir qədər çətinləşir. Əgər iki dövlət qurumu arasında statistik göstəricilərin uyğunlaşdırılması mümkün deyilsə, ekspertlər və nəşrlər hansı qurumun məlumatlarına əsaslanaraq təhlil aparmalıdır?
Biz isə bunu aydınlaşdırmaq üçün ölkələr üzrə aparılan ixrac və idxal əməliyyatlarına nəzər yetirməyə çalışdıq.
Cədvəl 3.
Azərbaycan təbii qazını ixrac etdiyi ölkələr (milyon m³) | ||||
Ölkələr | 2021 | 2022 | 2023 | 2024 (yan.-okty.) |
Türkiyə | 9 849,80 | 6 853,70 | 10 854,30 | 8148,4 |
Gürcüstan | 2 881,70 | 2 581,20 | 2 148,70 | 2770,6 |
İran | 239 | 173,6 | 11,4 | |
Yunanıstan | 732 | 779,3 | 1 117,50 | 769,2 |
İtaliya | 6 111,70 | 8 210,70 | 10 705,50 | 8063 |
Bolqarıstan | 232,4 | 366,6 | 1 275,30 | 1552,1 |
Rusiya | 326,5 | |||
Rumıniya | 184,2 | |||
Serbiya | 35,3 | |||
Cəmi | 20 046,60 | 18 965,10 | 26 623,40 | 21 338,60 |
Cədvəl 3-də göstərilən ölkələr üzrə ixrac əməliyyatlarına dair göstəricilər daha çox Dövlət Gömrük Komitəsinin statistikası ilə üst-üstə düşür.
O zaman deyə bilərik ki, Ukrayna müharibəsindən sonra Azərbaycan qaz ixracını əhəmiyyətli dərəcədə artıra bilib. Belə ki, 2021-ci illə müqayisədə 2023-cü ildə qaz ixracı 24,7 faiz artıb.
Statistik göstəricilərə əsasən, 2021-c ildə 6 ölkə üzrə 20 milyard m³ qaz ixracı həyata keçirilibsə, 2023-cü ildə artıq bu həcm 26,6 milyard m³-ə çatıb. Hətta 2024-cü ilin ilk 10 ayının məlumatlarına görə, 21,3 milyard m³-lik qaz ixracı əməliyyatı olub ki, bu da əvvəlki illərin tam dövrü (12 ay) ilə müqayisədə yüksək göstəricidir.
Beləliklə, mavi yanacaq siyasəti şaxələndikcə, bu tələbi ödəmək üçün əlavə bazarların cəlb edilməsi diqqət mərkəzindədir. Çünki qaz hasilatı artdığı qədər, ölkənin daxili istehlakında da artım müşahidə olunur.
Eyni zamanda, rəsmi Bakı Avropa İttifaqı (Aİ) qarşısında qoyduğu öhdəliklərə, onların qaz təchizatını ikiqat artırmaq vədlərinə əməl etmək üçün əlavə qaz mənbələrinə ehtiyac duyur. Bu kontekstdə xarici media daha çox Rusiya qazının bu məsələdəki roluna diqqət yetirir.
Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiyadan qaz alınması ilə bağlı bağlı məsələyə şərh verərkən belə deyib:
“Söhbət Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə gedir. Ötən ilin sonunda (2022-ci ili nəzərdə tutur-red.) kontrakt bağlanıb və keçən müddətdə həmin həcmin heç yarısını da almamışıq. Biz bunu nə üçün edirik? Bəli, bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik”.
Qaz idxalında gizli sövdələşmələr aparılır?
Lakin rəqəmlər göstərir ki, Azərbaycan 2023-cü ildə Prezident İlham Əliyevin iddia etdiyi kimi 1 milyard m³ deyil, 4,5 milyard m³ qaz idxal edib.
“Statkom”un məlumatına əsasən, 2023-cü ildə ölkədə 36,4 milyard m³ əmtəəlik təbii qaz istehsal edilib. Bunun 14,3 milyard m³-i daxili istehlaka yönəldilib.
Nəticədə, ehtiyatda 22,1 milyard m³ qaz qalıb.
Əgər 26,6 milyard m³ qaz ixrac edilibsə, deməli, bu kəsiri örtmək üçün 4,5 milyard m³ əmtəəyə ehtiyac yaranıb.
2022-ci ildə isə ehtiyatlar hesabına tələbat tam ödənildiyi halda, hökumətin qaz idxal etdiyini görmək olur. Bunu əlavə ehtiyat toplamaq üçün edibmi?
Təbii qazın ehtiyatlarının dəyişməsi ilə bağlı statistikasında belə bir göstərici təqdim edilmir.
DSK-nin illik bülletenlərindən aydın olur ki, rəsmi Bakı mavi yanacağa olan tələbatı ödəmək üçün qonşu ölkələrdən qaz idxal etməli olub. İdxal edən ölkələr sırasında İran, Türkmənistan və Rusiya yer alır. Cədvəl 4-də üç fərqli, lakin dövlət mənbələrinə əsaslanan idxal əməliyyatları təqdim edilib. Lakin hər üç mənbədə ciddi statistik fərqlər mövcuddur.
DSK-nin “Azərbaycanda xarici ticarət” bülletenlərinə istinadən ölkələr üzrə alınan mavi yanacaqların göstəricilərini qeyd etmişik. Ən böyük statistik uyğunsuzluq 2022 və 2023-cü illərdə müşahidə olunur.
“Statkom” ümumi rəqəmlərdə 2022-ci ildə 1,5 milyard m³ qaz idxal edildiyini qeyd edib. Lakin ölkələr üzrə təfərrüatlara baxdıqda bu rəqəm 1,016 milyard m³ göstərilir: Rusiyadan 93,2 milyon m³, Türkmənistandan 857 milyon m³, İrandan 66,1 milyon m³. Yerdə qalan 550 milyon m³-dən çox qazın hansı ölkədən idxal edildiyi sual doğurur.
2023-cü ildə ildə mavi statistikanın görünməyən rəqəmləri daha çoxdur. DSK rəsmi məlumatlarında 2,8 milyard m³ qaz idxal edildiyini bildirsə də, ölkələr üzrə bülletendə bunun 2,3 milyard m³-nun satışına dair məlumatlar mövcuddur.
Məsələn, keçən il Rusiyadan 800 milyon m³, Türkmənistandan isə 1,5 milyard m³ mavi yanacaq idxal edildiyi qeyd olunur. Lakin DSK-nin iki fərqli bülletenindəki rəqəmlər arasında belə 541 milyon m³ qazın hansı ölkədən alındığına dair hər hansı məlumat yer almır. Gömrük Komitəsinin statistikasında isə bu fərq daha da böyükdür – 1,6 milyard m³.
Cədvəl 4
Azərbaycanın təbii qaz idxal etdiyi ölkələr (milyon m³) | ||||
ölkələr | 2021 | 2022 | 2023 | 2024 (yan.-okt.) |
Türkmənistan | 857 | 1517 | 354,1 | |
Rusiya | 93,2 | 800,6 | 141,6 | |
İran | 510,5 | 66,1 | 14,2 | |
Cəmi | 510,5 | 1016,3 | 2331,8 | 495,7 |
DSK-ya görə | 1 554,0 | 2 872,0 | Məlumat tam yoxdur | |
Gömrük Komitəsinə görə | 594 | 4 550,0 | Məlumat tam yoxdur |
Əgər idxalda yaranan bu böyük statistik fərqlər mühasibatlıq, gömrük rəsmiləşdirilməsi və ya alqı-satqı əqdlərindən irəli gəlirsə, o zaman bu tip problemlərin ixrac əməliyyatlarında da üzə çıxması gözlənilən idi. Lakin ixrac əməliyyatlarında ölkələr üzrə qaz həcmləri ilə Dövlət Gömrük Komitəsinin rəqəmləri arasında heç bir ciddi kənarlaşma görünmür. Əgər bu texniki bir kənarlaşma deyilsə, o zaman idxaldakı 1,6 milyard m³ qazın hansı mənbələrdən alındığı hamıya aydın görünmür.
Rusiya ilə qaz alqı-satqısına gəlincə, H.Hacıyev 2024-cü ildə Rusiyadan qaz alınmadığını bildirsə də, rəsmi statistikaya görə, cari ilin ilk 10 ayında Azərbaycan Rusiyadan 141,6 milyon m³ qaz idxal edib.
Ümumiyyətlə, 2022-ci ildə SOCAR və “Qazprom” arasında bağlanan sazişə əsasən, 2023-cü ilin mart ayına qədər Rusiyadan Azərbaycana 1 milyard kubmetrə qədər mavi yanacaq ixrac edilib.
Bu fakt rəsmi statistikada öz əksini tapır və Prezident İlham Əliyev də çıxışında bunu təsdiqləyib. Şimal qonşudan 2022-ci ildə 93,2 milyon m³, 2023-cü ildə 800,6 milyon m³ qaz almışıq. Müqavilənin yenilənməsinə və ya idxalın 2024-cü ilədək uzadılmasına dair hər hansı məlumata rast gəlinmir. Bunun əksinə olaraq, DSK-nin rəqəmləri göstərir ki, 2024-cü ildə də Rusiyadan qaz idxalı davam edib.
Beləliklə, qaz idxalı statistikasındakı uyğunsuzluqlar Azərbaycanın Rusiya ilə qaz sövdələşmələrinə dair şübhələrə yol açır. Əgər bu şübhələr əsassızdırsa, o zaman statistik şəffaflaşmanın aparılmasına, yaranan fərqlərin rəsmi şəkildə izahına ehtiyac var…