“Xəstəxanalar, doğum evləri, ambulatoriyalar – hamısı bərbad vəziyyətdədir”
“Rusiyanın Ukraynaya qoşun yeritməsi yüzlərlə xəstəxana və digər tibb müəssisəsini viran qoyub. Xəstəxanaların dağıdılması həkimləri xərçənglə mübarizə aparmaq üçün dərmansız duruma salıb“.
Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.
Onun sözlərinə görə, müharibə nəticəsində xeyli cərrahi müdaxilə edilməli olan xəstə bu hüququndan məhrum olub.
Zelenski bildirib ki, Ukraynanın şərqində və cənubunda, yəni əsas döyüşlərin getdiyi ərazilərdə hətta sadə antibiotiklər belə yoxdur.
“Sadəcə, tibbi infrastrukturu nəzərə alsaq, bu gün Rusiya qoşunları 400-ə yaxın səhiyyə müəssisəsini dağıdıb və ya zədələyib: xəstəxanalar, doğum evləri, ambulatoriyalar – hamısı bərbad vəziyyətdədir”, – Zelenski mayın 5-də tibbi xeyriyyə qrupuna videomüraciətində deyib.
O deyib ki, Rusiya qüvvələrinin işğal etdiyi ərazilərdə vəziyyət daha da acınacaqlıdır:
“Məsələn, xərçəngdən əziyyət çəkən xəstələr dərman çatışmazlığı ilə üzləşib. Bu, həddindən artıq çətin vəziyyətdir. Hətta şəkərli diabetdən əziyyət çəkənlər insulin tapa bilmir. Cərrahiyyə əməliyyatı aparmaq mümkün deyil”.
Prezident qeyd edib ki, martın 9-da mühasirəyə alınmış liman şəhəri Mariupolda bir doğum xəstəxanası dağıdılıb:
“Rusiya hücumun şəkillərinin hazırlandığını iddia edərək saytın silahlı Ukrayna qrupları tərəfindən istifadə edildiyini bildirib. Lakin bu, doğru deyil. Kreml iddia edir ki, yalnız hərbi və ya strateji obyektləri hədəf alır. Əslində isə sırf mülki şəxsləri hədəfə götürüb”.
Ukrayna hökuməti gündəlik olaraq Rusiyanın atəşi və döyüşləri nəticəsində mülki əhalinin itkiləri barədə məlumat verir.
Kiyev Rusiyanı hərbi cinayətlərdə ittiham edir. Lakin Rusiya bu ittihamları rədd edir. Bildirir ki, mülki əhali və insanların yaşadığı binaları hədəfə almır.
Donetsk vilayətinin qubernatoru Pavlo Kyrylenko keçən ay 50-dən çox insanın öldüyünü bildirib.
Onun dediyinə görə, dəmiryol vağzalının partladıldığı Kramatorsk şəhərində intensiv atəşlər nəticəsində 25 nəfər yaralanıb:
“Atəş nəticəsində ümumilikdə 32 yaşayış binası zərər görüb”.
Rusiya Ukraynadakı fəaliyyətini Ukraynanı tərksilah etmək və onu faşistlərdən qorumaq üçün “xüsusi əməliyyat” adlandırır.
Ukrayna və Qərb faşist iddiasının əsassız olduğunu və müharibənin səbəbsiz təcavüz aktı olduğunu bildirir. İşğal başlayandan bəri 5 milyondan çox ukraynalı xaricə qaçıb.
Rusiya paytaxt Kiyevi ala bilmədikdən sonra ən ağır atəş gücünü Ukraynanın şərqinə və cənubuna çevirib.
Yeni cəbhə Ukraynanın taxıl və metal ixracı üçün həyati əhəmiyyət kəsb edən Qara dənizə çıxışını məhdudlaşdırmaq və şərqdə Rusiyanın nəzarətində olan əraziləri 2014-cü ildə Moskva tərəfindən ələ keçirilən Krımla birləşdirmək məqsədi daşıyır.
Mariupol liman şəhərində təxminən 200 mülki şəxs, Ukrayna müqavimət döyüşçüləri ilə birlikdə Azovstal polad zavodunda az yemək və su ilə yerin altında qalıb.
Mayın 5-də Rusiya qüvvələri Ukraynanın son qalasına nəzarət etmək üçün mübarizə apararkən və Birləşmiş Millətlər Təşkilatı (BMT) mülki insanları evakuasiya etməyə tələsdiyi bir vaxtda polad zavodları güclü partlayışlarla sarsılıb.
Prezident Vladimir Putin bildirib ki, Rusiya dinc əhali üçün təhlükəsiz keçid təmin etməyə hazırdır. Lakin Ukrayna qüvvələri tərksilah olmalıdır.
Putin aprelin 21-də Mariupol üzərində qələbə qazandığını elan edib.
Qüvvələrinə Sovet dövründənqalma zavodu bağlamağı, lakin onun yeraltı tunel şəbəkəsinə daxil olmamağı əmr edib.
Kreml son günlər Rusiya qoşunlarının zavoda hücumu ilə bağlı Ukraynanın iddialarını rədd edir.
Ukraynanın Azov alayı tərəfindən cümə axşamı yayımlanan zavodun havadan çəkilişləri güclü, tünd tüstüyə bürünmüş nəhəng kompleksin müxtəlif hissələrini vuran üç partlayışı göstərir.
Rusiya hərbçiləri mülki şəxslərin ölkəni tərk etməsinə icazə vermək üçün növbəti iki gün ərzində fəaliyyətini dayandıracağını vəd edib. Kreml zavoddan humanitar dəhlizlərin hazır olduğunu bildirib.
Ukrayna baş nazirinin müavini İrina Vereşçuk cümə axşamı günü bildirib ki, insanlar cümə günü yerli vaxtla saat 12:00-da (GMT 09:00) Mariupoldan təxliyə ediləcək.
Vaşinqtonun və Avropalı müttəfiqlərinin genişmiqyaslı sanksiyaları Rusiyanın 1,8 trilyon dollarlıq iqtisadiyyatını sarsıdıb, milyardlarla dollarlıq hərbi yardım isə Ukraynaya işğalı dayandırmağa kömək edib.
Ukrayna rəsmiləri Rusiyanın mayın 9-dan əvvəl Moskvanın Sovet İttifaqının İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsini qeyd etməsindən əvvəl hücumlarını gücləndirə biləcəyi barədə xəbərdarlıq edib.