Zaqatalalıların su dərdi (yenilənib)

“Muxaxa gedən su yağışa görə torpaqlı, palçıqlı olur”

Source: Specify Source

Zaqatalanın Aşağı Tala və Muxax kəndlərinin sakinlərinin içməli su problemi var. Sakinlər içməyə sularının olmadığını, məcbur qalıb bulanıq, palçıqlı çay suyu içdiklərini söyləyirlər. Bunun da onların səhhətinə mənfi təsir etdiyini deyirlər.

Məsələ ilk dəfə kənd sakini Elmar Oruc tərəfindən gündəmə gətirilib. Onun çəkdiyi

videolardan

da görünür ki, 11 min əhalisi olan Muxax kəndində sakinlərinə bulanıq, palçıqlı su verilir.

“Biz indi çaylaq suyu içirik. Yayda çaylaq quruyanda belə bu suya da həsrət qalacağıq”, – deyə kənd sakini bildirir.

Videogörüntü sosial şəbəkədə müzakirəyə səbəb olub. Kənd sakinləri problemlərini işıqlandırmağa başlayıblar.

“Muxaxda su problemi 1985-86 illərdə başlayıb. Yadıma gəlir, hələ o vaxtlar bütün kəndin qocası-cavanı, gəlin-qızları səhənglə, vedrə ilə kəndin yuxarı hissəsində yerləşən Kapur Bənd adlanan yerə su dalınca gedərdilər. Yəni 30 ildən çox keçib, bu problem hələ də həll olunmayıb. Başda icra hakimiyyəti, kənd rəhbərləri o qədər məsuliyyətsiz adamlar olublar ki, heç biri bu problemin həll olunmasını istəməyiblər”, – kənd sakinlərindən biri deyib.

"Çay suyudur, depolanır, oradan da evlərə verilir. Sutəmizləyici filterlər yoxdur. Üzü yaya doğru gedirik. Bu dönəmdə əziyyətimiz birə min artır. Qışda yenə su çirkli də olsa, indikindən çox gəlir", – başqa bir kənd sakini Meydan TV-yə deyib.

Sakinlər indiki dönəmdə suya daha çox ehtiyaclarının olduğunu söyləyirlər:

“Çində yaranıb dünyaya, eləcə də Azərbaycana yayılmış koronavirusa görə həkimlərin, ekspertlərin əlləri tez-tez sabunlamaq lazım olduğunu dedikləri bir dönəmdə suyumuz pis gündədir. Belə bir zamanda isə biz nəinki əl yumağa, heç içməyə də su tapa bilmirik. Aidiyyatı qurumlar bunu nəzərə almalıdırlar".

Adının açıqlanmasını istəməyən kənd sakini Meydan TV-yə deyib ki, görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra “Azərsu” kəndə 350 metrlik su boruları gətirib. Ancaq bu borular kəndin su problemini həll etmək gücündə deyil. Çaylaqdan su çəkmək üçün daha 400 metrlik borular lazımdır:

“Ümumiyyətlə, istərdik ki, kəndə su şəlalədən gətirilsin. Bu, hardasa 6 kilometrlik yolu əhatə edir. Muxaxa su 1974-cü ildə çəkilib. O zaman kəndin 4 min əhalisi var. Hazırda sudan Zəyəm kəndi də istifadə edir. İki kəndin bir yerdə 12300 əhalisi var”.

image_from_ios (2).jpg
“Məktubumuz şikayətimizə baxılması üçün Zaqatala Rayon İcra Hakimiyyətinə ötürülüb”.

Adının açıqlanmasını istəməyən kəndlinin sözlərinə görə, problem ictimailəşəndən sonra builki seçkilərdə 110 saylı Zaqatala Seçki Dairəsindən namizədliyini vermiş Nurlana Cəlil kömək etmək istədiyini deyib və sakinlərin adından Prezident İlham Əliyevə məktub yazıb.

Nurlana Cəlil bu barədə Meydan TV-yə danışmaq istəməyib. Sakinlər deyir ki, həmin məktub yerli icra hakimiyyətinə yönləndirilib.

Yeni seçilmiş deputat Elşən Musayev də məsələ ilə maraqlanıb və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova məktubla müraciət edib. Deputat əlavə boruların gətirilməsinin vacib olduğunu vurğulayıb.

Bundan sonra kənddə yeni su çəkilişi işlərinə başlanılsa da, iş yenidən yarımçıq saxlanılıb.

Zaqatalanın Aşağı Tala kəndinin sakinləri də eyni problemdən əziyyət çəkirlər. Onlarda da içməli su gün ərzində bir neçə saat verilir və əziyyət çəkirlər. Bildirirlər ki, artıq illərdir lilli su içirlər və bu, onların səhhəti üçün zərərlidir:

"Bizim evlərimizə gələn suyu heç kim içməz ki, biz məcburuq. Bir az imkanı olan suyu pulla alır, olmayan da məcburdur bu suyu içsin. Üstəlik, ona razı olanlar belə var. Ancaq indi o suyu da çətinliklə verirlər. Xahiş edirik aidiyyatı qurumlar bizim bu problemimizi həll etsinlər. Göndərdiyimiz məktublara baxıb keçməsinlər".

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, əgər sakinlərin məktubu onlara yönləndirilibsə, mütləq araşdırılacaq:

“Ola bilsin, məktublar bölümündədir. İş çox olduğundan növbə ilə baxılacaq. Ancaq onu deyə bilərik ki, Zaqatalada su təchizatı sahəsində çox iş görülüb. Muxaxda 250 metr uzunluğunda suqəbuledici qurğu inşa edilib. Aşağı Talanın su təchizatı “Azərsu” ASC-nin balansında deyil. Onun balansına keçəndən sonra problemi həll olacaq”.

İcra hakimiyyətindən o da bildirilib ki, kəndlərə gün ərzində içməli su verilir.

Sakinlər isə əksini deyirlər. Bildirirlər ki, gün ərzində, qrafik üzrə müntəzəm su verilmir. Su gəldikdə isə kirli olur və içməyə yararsızdır. Onlar hesab edirlər ki, icra hakimiyyətinin cavabı baş qatmaqdan başqa bir şey deyil.

Məsələ iyunun 5-də deputat E.Musayev tərəfindən Milli Məclisdə hökumət nümayəndələri ilə büdcə müzakirəsi zamanı gündəmə gətirilib.

image_from_ios (1).jpg
“İçməli su çaydan gəlir”.


Redaksiyadan

: Zaqatalanın Muxax və Aşağı Tala kəndindəki içməli su problemi ilə bağlı Nurlana Cəlil də özünün "Facebook" səhifəsində məlumat paylaşmışdı. Meydan TV problemlə bağlı ilk dərc etdiyi materialda onun açıq şəkildə paylaşdığı materiallardan da istifadə etmişdi. Ancaq o, paylaşım üçün icazə alınmadığını söyləyərək, həmin materialların silinməsini tələb edib. Hazırki reportajda onun paylaşımından istifadə edilən məqamlar çıxarılıb və yalnız kənd sakinlərinin şikayətləri saxlanılıb.

image_from_ios (4).jpg
“Sakinləri deyirlər ki, kəndin su xətti keçən əsrin 70-ci illərində çəkilib”
Ana səhifəBölgəZaqatalalıların su dərdi (yenilənib)