''Zaqatala aeroportu kimi layihələr korrupsiya marağı ilə izah oluna bilər''

AZAL bölgə aeroportundan reysin nə vaxt olacağını demir 

Bir müddət öncə Azərbaycan Hava Yolları şirkəti (AZAL) Zaqatala Beynəlxalq hava limanının əsaslı yenidənqurmadan sonra istismara verildiyi barədə məlumat yayıb.

Məlumatda o da bildirilib ki, hava limanının yenidən qurulması prezident İlham Əliyevin Zaqatala rayonuna səfəri zamanı verdiyi tapşırığa müvafiq olaraq həyata keçirilib. Yenidənqurma zamanı geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verən uçuş-enmə zolağı (UEZ) tikilib, perron genişləndirilib, müasir naviqasiya sistemləri, meteoroloji və işıq siqnalı avadanlıqları quraşdırılıb:

Bölgə hava limanlarının təmir və yenidənqurması bir müddət öncə açıqlanan 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri ilə bağlı sənəddə də əksini tapıb.

“Xərclənən milyonlar və həyata keçməyən reyslər”

Zaqatala hava limanının yenidən qurulmasına 2007-ci ildə də 10 milyon, 2008-ci ildə 17 milyon 800 min manat vəsait ayrılmışdı.

2007-2013-cü illərdə isə ümumilikdə bölgə hava limanlarının (Zaqatala, Qəbələ, Gəncə və Lənkəran hava limanlarına) yenidən qurulmasına 47 milyon 988 min 400 manat vəsait xərclənib.

Ekspertlər həmin bölgədə Qəbələ aeroportunun olduğu halda, Zaqatala aeroportunun da olmasını, ona vəsait xərclənməsini düzgün hesab etmirlər. Zaqatala aeroportu ilə bağlı xəbər yayıldıqdan sonra isə sosial şəbəkə istifadəçiləri həmin aeroportdan indiyə qədər hər hansı bir uçuşun həyata keçirilməməsi ilə bağlı statuslar paylaşıblar.  

“AZAL susur”

AZAL da bu barədə susub. Belə ki, AZAL mətbuat xidməti Zaqatala Hava Limanından ilk uçuşun nə zaman, hara təşkil ediləcəyi ilə bağlı göndərdiyimiz informasiya sorğusuna yeddi iş günü keçməsinə baxmayaraq, cavab vermədi.

Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski informasiya sorğusuna cavab veriləcəyini söyləsə də, sonradan telefon zənglərimizi açmadı. 

“Korrupsiya marağı var”

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə kiçik əraziyə malik olan ölkədə böyük hava limanları tikməyə ehtiyac olmadığını söyləyib.

Qubad İbadoğlu

Qubad İbadoğlu

O, ölkənin bir başından o biri başına uzaq məsafə 500 km-dən çox olmadığını, belə olan halda, həmin məsafəni avtomobil və qatarla qət etməyin daha ucuz və tez başa gəldiyini deyir:

“Təsəvvür edin, Bakıdan Qəbələyə avtomobillə 3 saata çatmaq olar. Amma təyyarə ilə uçuş zamanı  aeroporta getmə, gözləmə və uçuşla birlikdə ən azı 4 saat vaxt tələb edilir. Sadəcə 2004-cü ildən başlayaraq regionların sosial iqtisadi inkişafı adı ilə bütün mənbələrdən ayrılan 62,8 milyard manat vəsaiti məsrəf etmək üçün nəqliyyat sektoru aparıcı rol oynayıb və bu sektorda da korrupsiya ölkə səviyyəsindən də yuxarı olub”.

İqtisadçı hesab edir ki, belə qeyri-səmərəli və məhsuldar xərcləmələr yalnız korrupsiya marağı ilə izah oluna bilər.

“Gözdən pərdə asmaq layihələridir”

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli aeroport tikintisinə və yenidən qurulmasına ayrılan 147 milyon 988 min 400 manat vəsaitlə bağlı daha öncə Meydan TV-yə bildirmişdi ki, kiçik ölkəyə bu qədər hava limanının tikilməsi və həmin tikintiyə büdcədən vəsait ayrılması anlaşılan deyil:

Natiq Cəfərli

Natiq Cəfərli

“Həm Gəncə, həm Qəbələ, həm Zaqatala, həm də köhnə də olsa Şəkidə aeroport var. Cəmi 200 kilometrlik bir ərazidə 3-4 hava limanının olması Azərbaycan kimi kiçik ölkədə məntiqə əsaslanmır. Bunlar gözdən pərdə asmaq layihələridir. Külli miqdarda ayrılan maliyyə vəsaiti də bunu sübut edir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wvw3sa

Ən çox baxılan