“Zabit çıxarıb 20 manat vermişdi ki, anana de, sənə ayaqqabı alsın”

“Görünür, istəmirdilər ki, ailə kimin kömək gətirdiyini bilsin, sıxılsın”.

Source: Meydan TV


Qəbələ sakini: “Bir dəfə Xoşqədəmdən yardım istəyəcəkdim, qızın biri dedi ki, belə eləsən, məktəbdən evə qayıtmayacam”

Qəbələ sakini E.D 4 uşaq anasıdır. 40 yaşlı qadın ağır şərtlər altında həyatla mübarizə apardığını deyir.

Meydan TV uşaqlarının narazılığını nəzərə alıb onun adını açıqlamır.


“Qardaşı dedi ki, imkan verin qışqırıb rahatlıq tapsın”

Onunla ilə heç cür sakit söhbət etmək olmur. Əsəbləri o qədər sıradan çıxıb ki, problemlərdən bir az danışandan sonra ağlamağa başlayır, rəngi dəyişir, halı pisləşir. Orqanizmi o qədər zəifdir, yaşadığı binanın dördüncü mərtəbəsinə çox çətinliklə qalxır.

Xalası Ş.Vəliyeva onun əvəzinə danışır. Qadın deyir ki, bacısı qızı ailədə fiziki zorakılıq gördüyündən bu vəziyyətə düşüb:

“Axşam dərman atır, ağır yuxuya gedir. Çox çətinliklə oyadıram. Ağlamağa başlayanda qışqırmaq istəyir. Tez ağzını tuturuq. Bina evidi, qonşular narahat olur. Varqüvvəsi ilə qışqırmaq istəyir. Anasıgilə gedəndə bəzən başlayır qışqıra-qışqıra qaçmağa. Keçən dəfə qardaşı dedi ki, imkan verin, qışqırıb rahatlıq tapsın”.


“Valideynləri zorla ərə verib”

E-nin ilk üç övladı qız, sonbeşiyi isə oğlandır. Böyük qızının 16 yaşı var, oğlunun 5 yaşı ayın sonunda tamam olacaq. Xalası danışır ki, 2002-ci ildə valideynləri onu zorla ərə veriblər:

“Ərə verəndə fikirləşdilər ki, Bakıdı, qoy verək getsin. Toy kasetinə baxsanız, elə bilərsiniz ki, ölü yeridi, gəlinin meyitini aparırlar. Gedəndən də elə-hey deyiblər ki, oğlan uşağı istəyirik. Ardıcıl üç qız oldu. Oğlan dünyaya gələndən sonra isə boşandılar”.

E. həyat yoldaşından 2017-ci ilin payızında boşanıb. Xalasının dediyinə görə, qadının əri normal həyat tərzi keçirmişmiş. Qadın həm ər evində olanda, həm də boşanandan sonra çox döyüldüyünü vurğulayır. Atası da məhz təzyiqdən uzaq tutmaq üçün qızına vaxtilə rus ordusunun yerləşdiyi şəhərcikdən yaşayış yeri alıb.

“Ata axırıncı dəfə keçən yay görmüşdü uşaqlarını. Aliment vermir, kömək etmir. Apreldə anası rəhmətə gedəndə Qəbələyə gəlmişdi. Onda uşaqlar özü gedib görüşdü”, – Ş.Vəliyeva deyir.

image_from_ios (3).jpg
40 yaşlı qadın ağır şərtlər altında həyatla mübarizə apardığını deyir.


“Böyük qızlardı, onun-bunun paltarlarını geyinirlər”

Ş.Vəliyevanın övladları ölkədən kənarda yaşadığından vaxtının çoxunu bacısı qızının ailəsinə sərf edir. Hərdən gecəni burada keçirir, ev-eşiyi sahmana salmağa çalışır: “Yemək bişirirəm, paltarlarını yuyuram. Pensiyamı alan kimi evə yağ alıram, kommunal xərclərini ödəyirəm. Amma quyuya su tökməklə quyu sulu olmur. O qədər pis vəziyyətdədilər…”

E. xalasını yardım üçün kiməsə müraciət etməyə qoymur. Elə qızları da bunun əleyhinədir:

“Bir dəfə Xoşqədəmdən yardım istəyəcəkdim, qızın biri dedi ki, belə eləsən, məktəbdən evə qayıtmayacam. Böyük qızlardı, onun-bunun paltarlarını geyinirlər, adamın ürəyi ağrıyır. Qonşuların, tanışların verdiyi ilə gəzirlər. Uşağın biri oruc tutur. Ayaqqabısı yoxdu. Söz vermişəm ki, orucluq bitəndə ona ayaqqabı alacam”.


“Yayda ərəblərin evini yığışdırır”

E.D çox heysiz görünür. Bu çəlimsiz qadının uzağı 40-42 kiloqram çəkisi var, amma uşaqlarının acından ölməməsi üçün qapı-qapı gəzir, müxtəlif işlər görür:

“Yayda ərəblər gəlirdi, E. də rəfiqəsi ilə gedib onların evini yığışdırırdı. Onu da atasından, qardaşından gizli gedirdi. Bakıdan varlı adamlar dincəlməyə gələndə uşaqlarını verirlər saxlamağa. Yadımdadı, onlardan biri E-yə xalça vermişdi. Ev-eşik tökülüb gedir. Betonun üstündə yaşayırlar”.

E.D-nin valideynləri yaşlıdır. Təqaüdü alanda nəsə alıb gətirirlər. Amma ailə bununla dolana bilmir.

“Qəbələdə camaat çox pis dolanır. Heç kimdən ummaq olmur. Yaxınlıqdakı binalarda yaşayan hərbçilər üçün yemək bişirir, əvəzində pul verirlər. Onların evindən də uşaqlarına yemək gətirir”, – xalası danışır. Ardınca da əlavə edir ki, E. qızlardan birini də özü ilə işləməyə aparır:

“Yeniyetmə uşaqdı, utana-utana gedir”.

image_from_ios (1).jpg
“Qonşuların, tanışların verdiyi ilə gəzirlər”


“Əsgərlər yardım gətirdi”

E.D deyir ki, aprel ayı üçün 190 manat yardım alıb, hamısını aptekdəki borcunu ödəməyə xərcləyib. Tərslikdən atası bir neçə il əvvəl pay torpağının bir hissəsini qızının adına keçirdiyindən, indi tənha qadına sosial yardım da düşmür.

Xalası daha iki əhvalatı xatırlayır:

“Bir dəfə Novruz bayramında qapı döyüldü, açıb gördüm ki, iki yekə paket ərzaq qoyublar. İki əsgər də yüyürə-yüyürə gedirdi. Görünür, istəmirdilər ki, ailə kimin kömək gətirdiyini bilsin, sıxılsın. Sonradan bir zabit bağçadan qayıdan uşağın ayaqqabısının cırıq olduğunu görmüşdü, çıxarıb 20 manat vermişdi ki, anana de, sənə ayaqqabı alsın”.

Ailənin yaşadığı nimdaş evin hətta divarları da adama kədərlə baxır. Yeganə ürək açan şey güllərdir. E.D çoxlu gül əkib. Onlara xüsusi qulluq edir. Hərdən güllərə mahnı oxuyur, laylay çalır…

image_from_ios (2).jpg
Ailənin yaşadığı nimdaş evin hətta divarları da adama kədərlə baxır.
Ana səhifəBölgə“Zabit çıxarıb 20 manat vermişdi ki, anana de, sənə ayaqqabı alsın”