Yunis Səfərov məhkəmədə vəkilindən imtina etdi

Məhkəmədə vəkil öz həmkarını hədələdi

Source: Foto: arxiv


Məhkəmədə vəkil öz həmkarını hədələdi

Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və onun mühafizəçisi, polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin məhkəməsi başlayıb. Onların işinə Sabuncu Rayon Məhkəməsinin binasında, lakin Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır.

Təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə qarşısına 10 nəfər çıxarılıb. İki nəfər – Anar Bağırov və Ağa Sərxani tutulmaları üçün keçirilən əməliyyat zamanı öldürülüb.

Zərərçəkmişlərin sayı isə 6 nəfərdir – sabiq icra başçısı E.Vəliyev və daha 5 polis.

Yanvarın 7-də hakim Məhəmməd Bağırovun sədrliyilə keçirilən məhkəmədə zərərçəkmişlərdən ikisi iştirak edib. Təqsirləndirilən şəxslər məhkəmə zalındakı şüşə kabinədə əlləri qandallı saxlanılıb. Vəkillər buna etiraz edərək bildiriblər ki, onların məhkəmə qarşısına qandallı çıxarılmasına zərurət yoxdur. Çünki səs-küy salmırlar, prosesin gedişinə mane olmurlar. Qaydaları pozmadıqları halda əlləri qandallı saxlanmaları ədalət mühakiməsinin prinsiplərinə ziddir.

“Adam var ki, əlləri qandallıdır, adam da var, ürəyi, mənəviyyatı“, – deyə Yunis Səfərov vəkillərin vəsatətinə münasibət bildirərkən deyib.

Hakim bu məsələyə məhkəmənin hazırlıq iclasının yekununda qiymət verəcəklərini söyləyib.

Yunis Səfərov ona dövlət hesabına vəkil təyin olunan Elman Ağayevə də etiraz edib. Bildirib ki, bu vəkildən imtina edir.

E.Ağayev mediaya açıqlamalarında Yunis Səfərovun heç bir narazılığı olmadığını, hüquqlarının təmin edildiyini bildirib. Yunis Səfərov isə məhkəmədə deyib ki, həbs olunandan bu günə qədər ailə üzvlərilə nə telefonla danışıb, nə də görüşüb. Vəkil E.Ağayev də onun telefon danışığı, görüş hüququnun bərpa olunması üçün heç bir addım atmayıb. Yunis Səfərov yaxınlarına səslənərək, onun müdafiəsindən uzaqlaşdırılmış vəkili Elçin Sadıqovla müqavilə bağlanmasını istəyib.

Vəkillər bu məsələyə münasibət bildirərkən deyiblər ki, istədiyi müdafiəçini seçmək və ya onun xidmətindən imtina etmək şəxsin hüququdur və təmin olunmalıdır.

“Əgər şəxs hansısa vəkildən imtina edirsə, bu məsələ heç müzakirə predmeti olmamalıdır. Şəxsin imtinası qəbul olunmalıdır. Çünki bu onun hüququdur. Hətta imtinasını əsaslandırmasa belə, onun istəyi yetərlidir”, – təqsirləndirilən şəxslərdən mərhum Anar Bağırovun ailəsinin vəkili Cavad Cavadov bildirib.

C.Cavadovun bu fikri E.Ağayevin etirazına səbəb olub.

“Burada şou göstərirsən? Mən sənə göstərərəm, səni yerində oturdaram, onda bilərsən”, – deyə E.Ağayev vəkil həmkarını hədələyib.

Hakim Məhəmməd Bağırov bu cür davranışına görə E.Ağayevə xəbərdarlıq edib.

Daha sonra vəkillər məhkəmə prosesinin audio-video lentə alınması, işin prokurorluğa qaytarılması, yolverilməz sübutların iş materiallarından çıxarılması, təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması və s. vəsatətlər qaldırıblar. Müdafiəçilər bildirib ki, ittihamın mahiyyəti anlaşılmır.

“İttiham bir cümlədən, dörd səhifədən ibarətdir, vəssalam. Bunun əsasında adamlara 30 maddə ilə ittihamlar irəli sürüblər”, – deyə vəkillər bildirib.

Müdafiəçilərin sözlərinə görə, cinayət işinin materiallarında maddi sübutlara, məsələn, mobil telefona baxış keçirilməsi barədə ptorokol var, amma həmin mobil telefon ortada yoxdur.

Vəkillər təqsirləndirilən şəxslərdən bir neçəsinin səhhətində ciddi problemlər olduğunu əsas gətirib, onların tibbi ekspertizadan keçirilməsi barədə də vəsatət qaldırıblar. Məsələn, Ceyhun Qurbanovun vəkili onun epilepsiya xəstəsi olduğunu söyləyib. Müdafiəçilər istəyir ki, ekspertizadan həmin adamların durumunun həbsdə qalmağa imkan verib-vermədiyi haqda rəy alınsın.

Məhkəmənin hazırlıq iclası yanvarın 8-nə təxirə salınıb.

Məhkəmənin hazırlıq iclasında baş verənlər təqsirləndirilən şəxslərin ailə üzvlərini narazı salıb. Onlar xüsusən təqsirləndirilən şəxslərin əlləri qandallı saxlanmasına etiraz edirlər.

“Mən çox narazıyam. Əlləri qandallı saxlayırlar, niyə? Bizim vəkilimizi bu işdən uzaqlaşdırıblar, dövlət hesabına vəkil təyin ediblər. Biz ondan narazıyıq. Övladım rusdillidir, onu tərcüməçi ilə təmin etməlidilər. Eləmədilər”, – təqsirləndirilən Mahir Əzizovun anası Məhbubə Əzizova bildirib.

Sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə olunan 12 nəfər bunlardır: Abdullayev Hamlet Ramiz oğlu, Əzizov Mahir Əziz oğlu, Əliyev Akif İsmayıl oğlu, Mustafayev Rasim Hafiz oğlu, Qurbanov Ceyhun Ələkbər oğlu, Zeynalov Firudin Etibar oğlu, Zalov Cəfər Mürsəl oğlu, Məmmədov Vüqar Vaqif oğlu, Salahov Ceyhun İsrayıl oğlu, Bağırov Anar İslam oğlu və Sərxani Ağa Hüseyn oğlu.

Onlara qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var.

Ana səhifəXəbərlərYunis Səfərov məhkəmədə vəkilindən imtina etdi