Yolsuz məhəllə

“İndi həmin daşlar da palçığa qarışıb, yol keçilməz olub”

Source: Specify Source


“Ərazidə məmur evi olsaydı, evin sənədini bəhanə etməzdilər”

Bu şəkillər paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivində çəkilib. Massivin 6-cı keçid adlandırılan ərazisində yaşayanlar hər gün avtobus dayanacağınadək kilometrlərlə yolu piyada getmək məcburiyyətindədirlər. Çünki yol bərbad vəziyyətdə olduğundan nəinki marşrut avtobusu, hətta taksilər də işləmir.

Sakinlərdən Aydın Məmmədov bildirib ki, ərazidə 100-dən çox ev var. Təxminən 20 il əvvəl məcburi köçkünlər də bu ərazidə məskunlaşıblar. Dəfələrlə şikayət etsələr də, yola asfalt örtüyü çəkilmir:

“Ötən il Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən yola daş-çınqıl töküldü. Amma indi həmin daşlar da palçığa qarışıb, yol keçilməz olub”.

Untitled design (9).png
“Dəfələrlə şikayət etsələr də, yola asfalt örtüyü çəkilmir”

Şikayətçilər bildiriblər ki, yağışlar başlayan kimi gölməçələr, bataqlıq yaranır, ətraf palçıq olur:

“Halımıza baxın, yayda dayanacağa kimi taksi ilə gedirik. Payız-qış aylarında isə taksi çağırırıq, bu ünvanı eşidən kimi imtina edirlər. Gərək rezin çəkmə geyək magistral yola qədər piyada gedək. Çünkü maşın palçığa batıb qalır. İlin-günün bu vaxtında hətta dağ kəndlərində belə bu cür yol qalmayıb. Məhəllə sakinlərinin yolun nə vaxtsa təmir ediləcəyinə ümidi də yoxdur”.

Untitled design (12).png
“Payız-qış aylarında isə taksi çağırırıq, bu ünvanı eşidən kimi imtina edirlər”

Yol bərbad vəziyyətdə olduğundan təcili tibbi yardım maşınları da əraziyə çağırışa gələ bilmir. Sakinlərdən biri danışıb ki, ağır xəstə üstünə həkim çağırıblar, yarı yolda düşüb, sakinlərin köməyi ilə piyada ünvana çatıblar:

“İcra hakimiyyəti, Lökbatan bələdiyyəsi hər il bir bəhanə irəli sürür. Guya ki ərazidəki evlərin çoxunun sənədi yoxdur. Belə çıxır ki, yolun bu vəziyyətdə olmasında sakinlər günahkardılar. Sabah hamı evini sənədləşdirsə, yola asfalt çəkiləcək? Bu bəhanədir. Ərazidə məmur evi olsaydı, evin sənədini bəhanə etməzdilər”.

Qaradağ Rayon İcra Hakimiyyətindən sözügedən ünvandakı yolun bərbad vəziyyətindən xəbərdar olduqlarını, yaxın gələcəkdə tədbir görüləcəyini deməklə kifayətləniblər. Lökbatan bələdiyyəsindən isə şikayətə münasibət bildirmək istəməyiblər.

Untitled design (10).png
“İlin-günün bu vaxtında hətta dağ kəndlərində belə bu cür yol qalmayıb”
Untitled design (11).png
2-ci yaşayış massivi
Ana səhifəBölgəYolsuz məhəllə