“Akademiya mənə mənzil verilməsinə görə tikinti şirkətinə pul ödəməyib”
“Akademiya mənzillə təmin olunmağımla əlaqədar mənə sənəd vermişdi. İllərlə gözlədim, xəbər çıxmadı. Araşdıranda, məlum oldu ki, Akademiya mənə mənzil verilməsinə görə tikinti şirkətinə pul ödəməyib. Saxta sənədi mənə verdilər ki, hökumətə, Prezidentin siyasətinə etiraz etməyim. Bu oyun məni susdurmaq üçün idi”.
Bunu Meydan TV-yə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu deyir.
O iddia edir ki, AMEA rəhbərliyi onu mənzillə təmin edəcəyinə dair yalan vəd verib:
“2002-ci ildən Akademiyada işləyirəm. Otuz il ömür verdik, illərimiz puç oldu, getdi. Gördüm ki, bu ölkədə haqq-ədalət yoxdur. 2018-2019-cu illərdən mübarizəyə başladım. Hökumətə çox ciddi etiraz yazım oldu, Prezidentə dörd dəfə açıq məktub yazdım. Bundan sonra mənə mənzil veriləcəyinə dair sənəd təqdim edilidi”.
Yasəmən Qaraqoyunlu deyir ki, yazılarından sonra ona dəstək verənlər də çox olub:
“Prezidentə açıq məktub yazandan sonra etiraz dalğası başladı. Prosesə başqaları da qoşuldu. Həmin dalğanın fövqündə Ramiz Mehdiyevi yola saldılar, İsa Həbibbəylini gətirdilər. Sonra da Akademiyanı böldülər, parçaladılar. Guya bu, islahatdır. Onlar islahatı belə başa düşdülər. Bir prezidenti çıxarıb, yerinə başqasını gətirdilər. Bununla da məsələ bitdi. Heç bir islahat getmir, heç bir dəyişiklik yoxdur. Qiymətlər qalxır, həyatımız gündən-günə cəhənnəmə dönür”.
“AMEA-dan mənə “İnşaat Konstruksiyaları” MTK-dan mənzil verilməsinə dair müqavilə veriblər. Üzərindən yeddi il keçib, hələ də mənzillə təmin olunmamışam. Sonradan öyrəndim ki, Akademiya həmin şirkətə pul köçürməyib. Mən də gözləyirəm ki, ev tikiləcək, köçəcəyəm. Kirayələrdən canım qurtaracaq”, – deyə o bildirib.
Qaraqoyunlu deyir ki, məsələ ilə əlaqədar günlərlə Akademiyanın prezidenti İsa Həbibbəyli ilə görüşməyə çəhd edib:
“O məni qəbul etmədi. Araşdırdım, məlum oldu ki, Akademiya, ümumiyyətlə, tikinti şirkətinə pul köçürməyib. Şirkət də qeyd edir ki, pul köçürülməyib. Pulu köçürsünlər, mən sənə evi verim. İlham Əliyevin hansı məmurunu qaldırsan, altından evləri, bağları, torpaqları, şirkətləti çıxar. Amma mən evsiz-eşiksizəm. Təkcə mən yox, Akademiyada işləyənlərin çoxunun 60 yaşı var, evi yoxdur. Akademiyada alimlərin vəziyyəti pisdir. 52 yaşında ailm var ki, ev ucbatından evlənməyib”.
“Otuz ildə tez-tez ev dəyiş, əşyaları daşı, ümidlə yaşa, bu gün düzələr, sabah düzələr deyə özünə təskinlik ver, axırı da belə olsun. Heç nə düzəlmir, heç nə dəyişmir, problemlər, stresslər bitmir. Artıq kirayə pulunu ödəyə bilmirdik. Altı-yeddi aydır ki, bir dostumuzun evinə köçmüşük”, – Yasəmən Qaraqoyunlu vurğulayıb.
O qeyd edib ki, buradan qaçıb getməkdən başqa yol yoxdur:
“Akademiyada azad sistem, azad düşüncə yoxdur. Orada ancaq Heydər Əliyev kultu yaratmaqla məşğuldurlar. İsa Həbibbəyli kult yaratmaqla məşğuldur”.
AMEA-nın mətbuat xidmətinin rəhbəri Ağahüseyn Şükürov Meydan TV-yə məsələni araşdırıb cavablandıracağını desə də, sonradan zəngləri cavablandırmayıb.
“İnşaat Konstruksiyaları” MTK-nın rəhbəri Rauf Əliyev də Meydan TV-nin zənglərinə cavab verməyib.