Yaş məsələsi

Ümumilikdə idarəetmə fəlsəfəsi yanlışdır

Foto: Meydan TV

Son günlərin əsas müzakirə mövzularından biri Azərbaycanda yaşlı məmurların vəzifələrindən uzaqlaşdırılmasıdır. Bu oliqarxlaşmış məmurların bir belə var-dövləti, cah-cəlalı necə əldə etdiklərini araşdırmaq, sorğulamaq yerinə, onları hörmət-izzətlə təqaüdə yola salmaq əsla anlaşılan deyil. Lakin yaşadığımız ölkənin reallıqlarını nəzərə alsaq, bunda təəccüblü bir şey də yoxdur.

Ancaq mən bu yazıda daha çox məmləkətimizdə uzun illərdən bəri bitmək bilməyən yaşlı-gənc müzakirələrinə toxunmaq istəyirəm; bir növ, yaşlı məmurlar söhbətinə başqa pəncərədən baxmaq niyyətindəyəm.

Bəri başdan deyim: xeyli zamandır sosial şəbəkələrdə qarşımıza hansısa Avropa diyarında, lap elə qulağımızın dibindəki Gürcüstanda, yaxud bir başqa postsovet ölkəsi Ukraynada hansısa yüksək vəzifəyə gənc bir kadrın təyin edildiyi barədə xəbərin paylaşımı çıxır və mən həmişə bu cür paylaşımlara bir azca istehza ilə yanaşıram. Aydındır ki, belə paylaşım müəllifləri bununla, məşhur filmdə deyildiyi kimi, "o əjdahadan  niyə bizdə də olmadığına" işarə vururlar, Azərbaycanda da oxşar trendi müşahidə etmək arzularını dilə gətirirlər. Lakin, fikrimcə, bu zaman onlar incə bir məqamı yaddan çıxarırlar: bizim məmləkətdə idarəetmənin problemi, sadəcə, məmurların, bürokratların yaşı deyil ki!

Ümumilikdə idarəetmə fəlsəfəsi yanlışdır. XXI yüzillikdə bir ölkə sadəcə, hüquqlara və azadlıqlara hörmət sayəsində dirçələ, yüksələ, inkişaf edən dünyanın bir parçasına çevrilə bilər.

XXI yüzillikdə haqqındakı ən yüngül tənqidə belə dözümsüz, səbirsiz, aqressiv yanaşaraq  bir ölkəni irəli aparmaq, inkişaf edən dünyaya qovuşdurmaq xam-xəyaldır.

XXI yüzillikdə bir ölkədə seçki dedikdə yada "karusel", "topa-topa bülleten", canım sizə desin, "Əfruzə xala" düşürsə, artıq o ölkənin idarəetməsində yaşlı, yoxsa, gənc bürokratların öndə olmasının bir məansı qalmır.

Həqiqət budur ki, yaşadığımız çağda bir ölkənin yüksəliş yolu milli iradənin üstünlüyündən, ədalətli məhkəmədən, azad mediadan keçir.

Yaşadığımız çağda yalnız ordu ilə, neftlə, qazla güclü olmaq mümkün deyil, vətəndaş cəmiyyəti də güclü olacaq. Jurnalist əlinə qələm, siyasətçi, aktivist mikrafon götürəndə göz önünə məhbəs, qandal, narkotik maddə, polis dubinkası gətirməyəcək.

XXI yüzilliyin bu sadə həqiqətlərini anlayan, dərk və qəbul edən bir idarəetmə modeli öz ölkəsini uğurdan-uğura aparmaq iqtidarındadır.

Əks halda həmin idarəetmə maşınının vintciklərini, təkərciklərini istədiyiniz qədər dəyişin, real nəticəyə ümid etmək çətin məsələdir.

Örnəkmi? Misir Mərdanovdan sonra təhsilin başına davamlı şəkildə gənc kadrlar gətirilir, sonuc varmı? Təhsil sistemimiz sovet ənənənələrindən nə qədər qopa bilib? O, təhsilə köhnə baxışlardan, yanaşmadan nə qədər təmizlənib? O, doğrudanmı, artıq tənqidçi, araşdırıcı, sorğulayıcı fərdlər yetişdirmək gücündədir?

Əli İnsanov səhiyyə naziri postundan kənarlaşdırıldı, çoxu böyük sadəlöhvlüklə ümid edirdi ki, yerinə gələn səhiyyəni korrupsiyadan, rüşvətdən, həkimlərin ələbaxımlılığından, səriştəsizliyindən qurtaracaq. Həmin ümidlər ümid olaraq, bu cür gözləntilər gözlənti olaraq qalmadımı? Ölkə səhiyyəsi tamamilə dibə vurmadımı?

Dediyim odur ki, illərdir eyni postda oturub camaatın gözünü yağır eləyən qoca məmurların vəzifələrindən uzaqlaşdırılmasını adamların sevinclə qarşılamasını hardasa başa düşürəm, elə onların yerinə yaşca gənclərin gətirilməsindən ümidlənənləri də anlayıram; bilirəm ki, ölkədə sosial-iqtisadi baxımdan elə bir dözülməz vəziyyət hökm sürür, mənəvi boğulma o həddə çatıb ki, hansısa kadr dəyişikliyi belə adamlarda müsbət gözləntilər yaradır. Ancaq eyni zamanda öz fikrimdə də qalıram: ölkəni idarəetmə fəlsəfəsi köhnəlib, yaşlaşıb, qocalıb. Öncə onu "cavanlaşdırmaq", XXI yüzilliyin standartlarına, tələblərinə uyğunlaşdırmaq lazımdır.

O standartların, o tələblərin nə olduğunu da yuxarıda yazdığımdan təkrarlamağa gərək görmürəm. Baxmayaraq ki, "təkrar biliyin anasıdır" deyirlər…

Ana səhifəMənim FikrimcəYaş məsələsi