Yardımlı rayonu

Mənbə: Foto: arxiv

Başlıq: Yardımlı rayonu

Yardımlı sakinləri: Heydər Əliyev Fondunun yardımları kasıblara çatmır

İcra hakimiyyəti isə deyilənləri yalan və qərəzli hesab edir

Yardımlı rayonunun Ostayır kəndinin bir qrup sakini şikayətçidir. Adlarının açıqlanmasının onlara problem yaradacağını düşünən sakinlər söyləyirlər ki, COVİD-19 pandemiyası dövründə Heydər Əliyev Fondunun rayonlarındakı imkansız ailələrə göndərdiyi yardımı icra başçısı və müavinləri mənimsəyir.

Narazı sakinlər Meydan TV-yə deyiblər ki, yardım alacağını eşidən kasıb insanlar əvvəlcə çox seviniblər. Sonra isə yardım alacaq ehtiyaclı insanların adının siyahıdan çıxardığını öyrəniblər:

“Həmin yardımları isə icra başçısı və müavinləri Azər Xamiyev, Mahir Mirzəyev, Əfsanə Məmmədova, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət İbişov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir İmanov dost-tanışlarına payladılar”.

Sakinlər bildirirlər ki, siyahını həmin məmurlar özləri tərtib edib, yardımı isə istədikləri adamlara paylayıblar:

“Kasıb, kimsəsiz, imkansız, tənha yaşayan insanlar qaldılar qıraqda. Bu qədər insanın ahını almaq nə deməkdir, bilirsiniz yəqin. Onsuz da böyük məbləğdə yeyintilərin olduğu heç kimə sirr deyil. Heç olmasa kasıblara göndərilən qəpik-quruşa göz dikməyəydilər. O pulla, həmin ərzaq payı ilə heç kim varlı olan deyildi. Ancaq kasıb ailələrin qarnı doyardı”.

Sakinlər deyirlər ki, başçı və müavinləri təzə üsul tapıblar. Həm yardım alınmaq üçün ayrılan vəsaiti mənimsəyib, həm də bu götürdükləri pulları başqalarının hesabına kompensasiya ediblər:

“Yeyilən yardımın üstünü örtmək və narazılığın artmasının qarşısının alınması məqsədilə 30 ərazi nümayəndəliyinə tapşırıq verilib ki, öz ciblərindən xidmət etdikləri ərazilərə 11 yardım paketi alıb, kasıb vətənaşlara paylasınlar. Onlar da nə etsinlər, işlərini itirməmək üçün buna razı olublar. Beləliklə, heç deyilsə 11 kasıb ailə yardım ala bilib. Qalanları isə yenə kənarda qalıb. Bununla narazılığın qarşısını qismən alıblar”.

Adının açıqlanmasını istəməyən kənd sakini deyir ki, icra nümayəndələri çətin duruma düşüb:

“İcra başçısının özünü bilmirik, amma bizdə olan məlumata görə müavinləri ayda ən azı 1400 manat maaş alırlar. Bundan əlavə, hər rüb onlar dövlət büdcəsindən mükafatlar alırlar. Ancaq yardım etməyi 400 manat maaş alan icra nümayəndələrinə tapşırırlar. Həmin yardım paketinin biri ən azı 50 manata başa gəlir. 11 dənə alanda 550 manat edir. Bu da həmin adamın bir aylıq əmək haqqından yüksək məbləğdir. Ümumilikdə isə 30 ərazinin icra nümayəndələri birgə yardıma 16500 manat xərcləyiblər. Halbuki bütün bunlar Heydər Əliyev Fondu tərəfindən edilmişdi”.

Heydər Əliyev Fondu

Heydər Əliyev Fondu

Mənbə: Foto: sosial şəbəkə

Sakinlər əlavə edirlər ki, kəndlər üzrə icra hakimiyyətinə kasıbların siyahısını verirəndə, 160 nəfərlik siyahını silib, 25 nəfər saxlayırlar. Sonra həmin o yardımı istədikləri adamlara paylayırlar:

“Sonra bir 11 nəfəri də icra nümayəndəliklərinin boynuna yıxırlar. İcra başçısı nə vaxtacan belə əməllərlə məşğul olacaq? 2005-ci ildən bu vəzifədədir. Hələ bizim tanıdığımız bir nəfər ondan razı deyil. Heç kimə köməyi dəyməyib. Təkcə özündən başqa. Burada vəziyyət pisdir. Kasıbın haqqını yeyirlər. Fondun yardımları məmurlar tərəfindən mənimsənilir. Bizim bu şikayətimizi oxuyanlar bir tədbir görsünlər, xahiş edirik”.

Yardımlı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, hazırda icra başçısı ərazi icra nümayəndələri ilə toplantıdadır:

“Onunla danışmaq mümkün olmayacaq. Amma biz həmin kənddən belə bir şikayət almamışıq. Həmin kəndin icra nümayəndəsi ilə danışarıq. Görək bu şikayəti kimlər edib. Problemin nə olduğunu araşdırarıq. Ancaq görünür, qəsdli şikayətdir, görülən işlərə kölgə salmaq istəyirlər”.

Yardımlı rayonunun Ostayır kəndinin icra nümayəndəsi Əlisa Səlimov da Meydan TV-yə deyib ki, belə hallardan söhbət gedə bilməz:

“Bəli, Heydər Əliyev Fondundan yardım gəlmişdi. Hamısı da ərazi idarəetmə orqanları və mənim iştirakımla yerində aztəminatlı ailələrə paylanıb. Hətta fonddan gələn nümayəndə də vətəndaşlarla danışdı. Gördülər ki, pay alanların hamısı aztəminatlı ailələrdir və ayrılan payı özləri alıb, başqasına verilməyib”.

Əlisa Səlimov deyir ki, bundan əlavə, Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən Ostayır kəndində 60-dan yuxarı imkansız ailələrə, narazı insanlara yardım olunub:

“Onda da iştirak etmişəm, əminliklə deyirəm. Deyilənlər tam yalan və əsassızdır”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mibzuv

Ən çox baxılan