Aytac Əliyeva ilə yanaşı bacısı da eyni cinayət işində təqsirləndirilir
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini, Binəqədi bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva həbs olunub. O, külli miqdarda dələduzluq və saxta sənəd hazırlamaqda ittiham olunur.
Meydan TV-nin əldə etdiyi məlumata görə, keçmiş bələdiyyə sədri ilə yanaşı, bacısı İlknur Əliyeva da eyni cinayət işi üzrə təqsirləndirilir. Onların qızıl ticarəti adıyla iki fərqli adamdan 400 min manata yaxın pul aldığı iddia olunur.
Aytac Əliyevaya verilmiş saxta sənəd ittihamına gəlincə, o, Binəqədi bələdiyyəsinin adından torpaq sahəsi ayrılması barədə saxta sənəd satışında təqsirləndirilir.
Əliyeva bacılarına qarşı Cinayət Məcəlləsinin 178.2 (əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1 (saxta sənəd hazırlama, ondan istifadə etmə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev də Aytac Əliyevanın həbs olunduğunu təsdiqləyib. DİN rəsmisinin sözlərinə görə, bu hadisə bir müddət əvvəl baş verib. Elşad Hacıyev bildirib ki, bu cinayət işi üzrə istintaq araşdırmaları davam edir.
Aytac və İlknur Əliyeva bacılarının özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.