Yanğından zərərçəkmiş sahibkarlar prezidentdən kömək istəyir

””Karvan”da sahibkarlar indi də sığortalanmayıb, yanğın təkrarlana bilər”

Source:


””Karvan”da sahibkarlar indi də sığortalanmayıb, yanğın təkrarlana bilər”

“Baş prokuror Zakir Qaralov şəxsən Sumqayıtın icra başçısı Zakir Fərəcova müraciətdə bizə dəyən zərərin ödənilməsini istəyib. Amma bugünədək heç bir tədbir görülməyib”.

Sumqayıt sakinləri Füzuli Quliyev, Şiralı Əsgərov və Dilavər Abdullayeva 2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdarda maddi zərərə düşdüklərini

deyirlər

. Onlar prezident İlham Əliyevə müraciət edib, onlara kömək etməsini istəyiblər:

“Həm məhkəmə, həm də cavabdeh tərəf olan “Karvan” bizə dəyən zərəri təsdiqləyib. Ancaq itirdiklərimiz geri ödənməyib. Bizə 325 min manat zərər dəydiyi rəsmən təsdiqlənib. Hətta “Karvan” Ticarət Mərkəzinin rəhbəri də bununla razılaşıb. Ancaq 5 ildir ki, pulumuzu ödəmir”.

Mağazamda 55 min manatlıq malım yanıb

Şikayətçi Şiralı Əsgərov 2006-cı ildən “Karvan”ın 1-ci mərtəbəsində pal-paltar ticarəti ilə məşğul olduğunu söyləyir. Deyir, yanğın zamanı ona 170 min manat ziyan dəyib:

“İlk vaxtlarda yanğından çox az qisim sahibkara, təxminən 15 nəfərə böyük məbləğdə ziyan dəydiyi məlum olmuşdu. Hansılar ki, onlara “yuxarı”da adamları olduğuna görə müəyyən məbləğ ödənildi. Qalan əksəriyyəti heç nə ala bilmədi. Halbuki 15 kvadratlıq mağazamda 55 min manatlıq malım yanıb”.

Kamil Əhədov ”sizə ödəməyə pulum yoxdur” – deyir

Füzuli Quliyev isə deyir ki, 15 il “Karvan”da qab-qacaq satışı ilə məşğul olub. Yanğın zamanı ona dəyən zərər də hələ ödənməyib:

“Ticarət mərkəzinin əvvəlki direktoru Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra yerinə oğlu Kamil Əhədov keçdi. Gələn gündən də bizə “sizə ödəməyə pulum yoxdur”, – deyir. Halbuki, biz neçə illərdir müqavilə əsasında fəaliyyət göstərmişik. “Karvan”ın rəhbərinə heç də az olmayan məbləğdə kirayə haqqı ödəmişik. Bundan əlavə, dövlətə vergiləri, sosial sığorta haqqını vaxtında vermişik. Əlimizdə qəbzlərimiz də var. Kamil Əhədov hüquqi şəxs kimi sahibkarların mallarının təhlükəsizliyinə qanunla cavabdeh olmalıdır. Ancaq o, kimlərəsə arxalanaraq bu gün bizə dəyən zərəri ödəmək istəmir. Bəhanə gətirir ki, “pulum yoxdur””.

Kamil Əhədov hər ay “Karvan”dan kifayət qədər gəlir götürür

Şiralı Əsgərov deyir ki, Kamil Əhədov hər ay “Karvan”dan kifayət qədər gəlir götürür. Buna baxmayaraq, onların pulunu ödəmir:

“Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam etdi. İstintaq qrupunun rəhbəri Ülvi İsmayılov olub. 9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. “Sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra kompensasiyanız ödənəcək”, – dedilər. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. Eyni zamanda, təhlükəsizliyə nəzarət edən İsməli Bayramov barəsində də istintaq başladıldı. İ.Bayramov əslində bazarda mağazalara nəzarət edib, icarə haqlarını yığırdı. İstintaq dövründə isə onu arxa tarixlə 5 saylı əmrlə yanğın və təhlükəsizlik şöbəsinə qoydular. Avtomatik olaraq hadisədən məsul şəxs də Bayramov oldu. İstintaq dövründə başda ticarət mərkəzinin o zamankı direktoru Ağamirzə Əhədov və hazırda ticarət mərkəzinə rəhbərlik edən Kamil Əhədov olmaqla, bütün rəhbər şəxslərin səlahiyyətlərinə xitam verildi”.

Ali Məhkəmə öz qərarını ləğv edib

Şiralı Əsgərov deyir ki, bu işdə orta təhsili belə olmayan İ.Bayramovu təqsirli bilib həbs etdilər:

“İsməli Bayramovun sonradan dediyinə görə, bu əmrlərdən heç xəbəri də olmayıb. İndiyədək 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub. 20 may 2016-cı ildə Sumqayıt Apelyasiya Məhkəməsi İsməli Bayramova 5 il 6 ay həbs cəzası verdikdən sonra biz yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdik ki, cəzası ağırlaşdırılsın. İddiamız təmin olunmadı. İsməli Bayramov 8 ay həbsdə qaldıqdan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti verdilər. Bizə dəyən zərər ödənilmədiyi dönəmdə hakim İnqilab Nəsirov onun cəzasının qanunsuz olaraq 4 il 7 ayını məntəqə tipli cəza ilə əvəzlədi. 6 məhkəmə bizim xeyrimizə qərar çıxarıb, üstəgəl də Ali Məhkəmənin özü yenə də bu adama 5 il 6 ay həbs cəzası verib. Axırda isə özü, öz qərarını ləğv edib. Bu, necə olur?”

Ali Məhkəmə gülməli və məntiqsiz qərar çıxarıb

Sahibkarlar Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan da şikayətçidirlər. Deyirlər ki, İ.Bayramov 2016-cı il noyabrın 10-da həbsxanadan Ali Məhkəməyə müraciət edərək xahiş edib ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı (bu qərarla o 5 il 6 ay azadlıqdan məhrum edilib) yenidən məhkəmə baxışına qaytarılsın:

“Hakim İnqilab Nəsirovun sədrliyi ilə 16 fevral 2017-ci ildə məhkəmə olub. İ.Bayramovun kassasya şikayəti “qismən” təmin edilib. Yeni məhkəmə baxışına qaytarılması haqda yox, gülməli və məntiqsiz olaraq, ümumiyyətlə, məhkumun cəzasının yumşaldılması haqda qərar verib. Onu demək olar ki, azadlığa buraxıb. Halbuki məhkum heç bunu xahiş etməyib”.

Nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edildi

Zərərçəkmişlər bildiriblər ki, bazarda mağazaları yanan digər şəxslərə yardım edilib. Onların bir qisminə bazarda yer verilib, yenidən işlərinə davam edirlər:

“Bizə isə dəyən zərərin heç 1 manatı da ödənilməyib. Biz 3 nəfər 2013-cü ildən bəri bütün instansiyaları keçmişik. Ancaq heç bir xeyrini görməmişik. Bazarla olan müqaviləmizdə göstərilir ki, hansısa fors-major hal baş verərsə, rəhbərlik yardım etməlidir. Ancaq bizim vəziyyətimizdə nə zərər ödəndi, nə də hadisəni törətməkdə məsul olan şəxs həbs edildi. Bazarın rəhbərliyi də cəzalandırılmadı. İndi də çox çətin vəziyyətdəyik. Borc içində boğuluruq. Bizə dəyən zərərin ödənilməsini istəyirik”.

Arxası-dayağı olan pulunu alıb, oturacaq

Füzuli Quliyev deyir ki, “Karvan”dakı sahibkarlar heç indi də hər hansı bir qəzadan sığortalanmayıblar. Ancaq səslərini çıxarmırlar. Çoxu “çörəkpulu” dərdindən qazanc yerini itirmək istəmir:

“Biz məhkəməyə müraciət etməzdən əvvəl Ağamirzə Əhədovla görüşdük və o, söz verdi ki, dəymiş ziyanı hissə-hissə ödəyəcək. Sonradan isə bundan boyun qaçırdı. İndi də yeni bir hadisə baş versə, yenə ödəməyəcəklər, yenə süründürəcəklər, yenə insanların şikayətinə baxan olmayacaq. Arxası-dayağı olan pulunu alıb, oturacaq, qalanları isə bizim günümüzə düşəcəklər”.

Bu gün, sabah küçədə qalacağam

Şikayətçilərdən II qrup əlilliyi olan Dilavər Abdullayeva bildirir ki, o, xəstə halda, bu yaşında çoxsaylı məhkəmələrə gedərək öz haqqını tələb etməyə məcburdur, çünki “Karvan”dakı yanğın onu müflis edib, maddi durumu ağırlaşıb:

“Yanan malların pulunu vermək üçün evimi girov qoyub, bankdan pul götürmüşəm. Son 2 aydır bankın pulunu da ödəyə bilmirəm. Bu gün, sabah küçədə qalacağam. İnsan haqsızlıqla üzləşəndə nə etməlidir? Məhkəməyə müraciət etmişik, udmuşuq, ancaq yenə də haqqımızı ala bilmirik. Daha nə edək, necə edək, kimə müraciət edək, bilmirik. Son çarə prezident İlham Əliyevə müraciətdir. Onu da edirik, xahiş edirik tapşırıq versin, bizə dəyən zərəri ödəsinlər”.

Malını sığortalamaq hər bir sahibkarın borcudur

Meydan TV məsələyə münasibət öyrənmək üçün “Karvan” Ticarət Mərkəzinin direktoru Kamil Əhədov ilə əlaqə saxlayıb. O, şikayətçilərin haqsız olduğunu, vaxtında mallarını sığortalamadıqları üçün bu gün kompensasiya ala bilmədiklərini deyib:

“Bunun ticarət mərkəzi rəhbərliyi ilə nə əlaqəsi var, anlamıram. Malları sığortalı olmayıb. Ümumiyyətlə, həmişə bütün sahibkarlara, mağaza işlədənlərə, ticarətlə məşğul olanlara deyirik ki, vaxtlı-vaxtında mallarınızı sığortaladın. Böyük ticarət mərkəzidir, yüzlərlə mağazası var. Həmin mağazaların içində milyardlarla qiyməti olan mallar var. Aylıq aldığımız qəpik-quruş icarə haqqı ilə o qədər kompensasiyanı necə ödəyə bilərik?”

Kamil Əhədov deyir ki, malını sığortalamaq hər bir sahibkarın borcudur:

“Üstəlik, sığortası olanlar vaxtında pullarını alıb, özlərinə yeni iş qurublar. Ziyana da düşməyiblər”.

Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində 2013-cı il oktyabrın 19-da yanğın olmuşdu. Nəticədə 1000-ə yaxın ticarət obyekti yanmışdı. Hadisə zamanı bir nəfər ölüb, beş nəfər isə yaralanmışdı.

Yanğın zamanı sahibkarlara ümumilikdə 14894141 manat ziyan dəydiyi bildirilirdi.

Yanğının törədilməsində günahkar bilinən Sumqayıt şəhər sakini İ.Bayramovun barəsində cinayət işi başlanıb, o, Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma – eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Ana səhifəXəbərlərYanğından zərərçəkmiş sahibkarlar prezidentdən kömək istəyir