Yanan bina işi: Sifarişçi Bakı Şəhər İcra Hakimiyyəti idi

Şahid: ”Yanğından sonra üzlənən bütün binaların söküntü işlərini də biz həyata keçirdik”

Source:
Xətaidəki yanğından foto, meydan.tv
Xətaidəki yanğından foto, meydan.tv


Şahid: ”Yanğından sonra üzlənən bütün binaların söküntü işlərini də biz həyata keçirdik”

Oktyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bakının Xətai rayonu ərazisindəki 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun (iyulun 13-də həbsxanada ürək tutmasından dünyasını dəyişib) cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda şahid qismində həmin binada kirayədə yaşayan Xuraman Hüseynova ifadə verib. O, hadisə nəticəsində evdə olan bütün əşyalarının yandığını deyib: “ Evdə olan əşyalar bizə məxsus idi. Yanğın zamanı bütün əşyalarımız külə döndü. Bizə 7800 manat zərər dəyib. Ancaq bu məbləği ala bilmədim. Buna səbəb isə ev sahibi oldu. Aylıq 300 manat kirayə pulu verirdik. Uzun müddət o evdə yaşadıq. Evə 15 min manat kompensasiya verdilər. Ancaq ev sahibinin övladları da həmin puldan pay istədilər. Beləliklə də, problem yarandı. Razı olduq ki, ev sahibi bizə 5 min manat versin. Notariusda sənəd imzaladıq ki, 5 min alacam. Amma 4 min aldım. 1000 manatı da bankda ev sahibinə verdim. Biz onlarla bacara bilməzdik. Razılaşıb çıxdıq”.

Şahid Akif Musayev isə ifadəsində deyib ki, yanğın baş verən binada üzləmə işlərini həyata keçirən TNH şirkətinin əməkdaşı olub:

“Mən həmin şirkətdə sahə rəisi işləyirdim. Yanğın olan binaya nəzarəti isə mən həyata keçirməmişəm. Kimin nəzarət etdiyindən xəbərim yoxdur. FHN-dən, Bakı Şəhər İcra hakimiyyətindən gəlib bizim işlərə baxırdılar. Mən layihənin rəhbəri olaraq Rəşad Quliyevi tanıyırdım. Yanğından sonra indi təqsirləndirilən Fərid Sadıqovu tanıdım və onun şirkət rəhbəri olduğunu bildim. Sifarişçi Bakı Şəhər İcra Hakimiyyəti idi. İcra hakimiyyətindən də bu işlərə nəzarət edilirdi. Yanğından sonra üzlənən bütün binaların söküntü işlərini də biz həyata keçirdik. Üzlənən binaları da özümüzə sökdürdülər. Həmin vaxt da nəzarət Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdi. Biz də bütün binaları yenidən üzləyib təhvil verdik”.

Şahid Könül Abbasova isə həmin şirkətdə mühasib işlədiyini, 2014-cü ildə işdən çıxdığını, orada az müddət çalışdığını deyib.

Məhkəmə prosesi oktyabrın 25-də davam etdiriləcək.

Hadisə ötən il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə və s. istintaq hərəkətləri ilə TNH şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.

Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq, Xətai rayonu ərazisində yerləşən və qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək, barələrində Nəsimi Rayon Məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti artırılıb.

Bildirək ki, əvvəlki məhkəmə proseslərində çıxış edən təqsirləndirilən şəxslər özlərini təqsirli bilmədiklərini deyiblər.

F.Sadıqov TNH şirkətinin rəhbəri olmadığını, özünün “Astoriya” MMC adlı tikinti şirkətinin olduğunu və Bakıda bina tikintisi ilə məşğul olduğunu deyib. O, şirkətin rəhbəri olan Məmməd Vəliyevin Azərbaycanı tərk etdiyini söyləyib.

Ana səhifəXəbərlərYanan bina işi: Sifarişçi Bakı Şəhər İcra Hakimiyyəti idi