
Mənbə: Facebook
Yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti artıb
Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) maye qazın (LPG) qiyməti artıb. “Azpetrol” şirkətlərinə məxsus YDM-də maye qazın qiyməti 0,45 manatdan 0,65 manata qalxıb. Bir neçə gün idi ki, YDM-də maye qaz qıtlığının yaşandığı deyilirdi. Yayılan məlumatlara görə əsasən “Azpetrol”un Bakının Nobel prospektində və Qusar şəhərində yerləşən YDM-lərində satış bərpa olunub.
“Azpetrol”-dan APA-ya bildirilib ki, qiymət təchizatçı tərəf olan “Məişət Maye Qaz” zavodunun onlara satdığı qiymət əsasında formalaşıb.
SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov isə deyib ki, qiymət dövlət, o cümlədən SOCAR tərəfindən tənzimlənmir:
“Hazırda maye qazın qiymətini təchizatçı şirkətlər özü tənzimləyir. Biz qazı aşağı qiymətə satırdıq, belə ki, dövlət qarşımıza bu tələbi qoymuşdu. Əvvəllər təchizatçılar maye qazı ancaq bizdən alırdı. İndi isə, ola bilsin, idxal edirlər. Belə olduğu təqdirdə istisna deyil ki, qiymət dəyişə bilər".
İ.Əhmədov əlavə edib ki, hazırda ölkədə maye qaza tələbat artmaqdadır: "Belə ki, bu məhsul həm də kimya sənayesində xammal kimi istifadə olunur".
“Məişət Maye Qaz” QSC-dən deyilib ki, qiymət artımı zavodun təmirə dayanması və bu müddət ərzində maye qazın ölkəyə idxal edilməsi ilə əlaqədardır: “Zavodda təmir işləri artıq başa çatdırılıb. Yaxın zamanlarda LPG-nin köhnə qiymətlə satışı bərpa olunacaq”.
“SOCAR Petroleum” şirkətinin məlumatına görə, sözügedən zavodda təmir gedən müddətdə SOCAR YDM-lərində maye qaz satılmayıb: “Hazırda “Məişət Maye Qaz”dan maye qazın tədarükünü gözləyirik”.
ReAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə maye qazın qiymətinin artmasının gözlənilən olduğunu və son 2 ayda bununla bağlı hazırlığın getdiyini bildirib.
İqtisadçı qiymət artımının səbəbini bərbad idarəetmənin və korrupsiyanın nəticəsi hesab edib:
“SOCAR öz əməliyyat xərclərini şişirdir və bu, maya dəyərinə təsir edir, min kub qazın maya dəyərini 156 manat göstərir, amma nə üçün baha olmanın əsaslandırması yoxdur. Bütün bunlar əhalinin çiyninə yüklənir. Azərbaycanda qaza olan illik tələbat 11 milyard kubmetrdir, bunun 30 faizi pulsuzdur. Söhbət ABƏŞ-in Azəri-Günəşli yataqlarından aldığı səmt qazından gedir. Yerdə qalır SOCAR-ın çıxartdığı qaz və “Şahdəniz” yatağından çıxarılan qaz. Səmt qazının pulsuz verilməsi hökumətə imkan verirdi ki, əhali üçün qaz qiymətlərini normal saxlasın, həm də maye qaz qiymətlərini də ətraf ölkələrə nisbətən daha ucuz satsın. Çünki heç kim maye qazı başqa ölkələrə daşıya bilməz”.

İqtisadçı Natiq Cəfərli
Mənbə: Meydan.TV
Natiq Cəfərli ilin sonunda dizel yanacağının qiymətinin artacağının gözlədiyini dedi:
“Çox güman ki, yaxın gələcəkdə dizel yanacağı ilə bağlı informasiyalar yayılmasına və əhalinin qiymət artımının hazırlanmasına tədbirlər görülməsini görəcəyik. Hökumət 60 qəpiyi ucuz sayır və qonşu ölkələri misal kimi göstərir”.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
BIZƏ DƏSTƏK OLUNƏn çox baxılan
-
Martın 3-də Azərbaycan Xalq Hərəkatının (AXH) rəhbər üzvlərini Masallı rayonunun girişində saxlayıblar
3 Mart 2019 -
Şahid səsyazısında başına gələnləri etiraf edib
27 Fevral 2019 -
Xalidə Bayramova uşağı danışdıraraq dediklərini görüntüləməyə çalışıb
11 Aprel 2019 -
"Bunun adı repressiyadır"
28 Fevral 2019