Zərdüşt Əlizadə

Mənbə: Meydan TV

Başlıq: Zərdüşt Əlizadə

Xoşbəxtlikdən...

Ermənilər heç ağıllarına gəlməyən bu qələbədən o qədər məst oldular ki, xoşbəxtliyin əbədi olaraq onların inhisarına keçdiyinə inandılar

Münaqişə, ədavət və müharibə xalqlara bədbəxtlik gətirir: ölüm-itim, dağıntı, qaçqınlıq, dövlət vəsaitinin səmərəsiz xərclənməsi, ictimai əxlaqa amansızlığın və kobudluğun hakim kəsilməsi. Son otuz ildə xalqımız bütün bu bədbəxtlikləri öz gözü ilə müşahidə edib, öz acı taleyində yaşayıb.

Lakin müdrik xalq məsəli var: şər deməsən xeyir gəlməz. Azərbaycan xalqının başına gəlmiş bu danılmaz bədbəxtliklə yanaşı bizim danılmaz bir xoşbəxtliyimiz də olub və var. Nədir bu xoşbəxtlik? Bu xoşbəxtliyin adı - erməni siyasi rəhbərliyinin və ictimai şüurunun hədsiz səviyyəsizliyi, ədəbdən xali görünsə də, müstəsna qanmazlığıdır.

Müharibənin ikinci və ümid edirəm ki, sonuncu mərhələsi dövlətimizin zəfəri ilə sona yetdikdən sonra münaqişəmizin tarixindən hali olan əcnəbi mütəxəssislər hesab etdilər ki, bundan sonra hansısa diplomatik sirləri qoruyub saxlamağın mənası yoxdur və “açdılar sandığı, tökdülər pambığı”. Onda mən dəhşətə gəldim, çünki gördüm ki, zavallı xalqımız Dağlıq Qarabağın tam itirilməsinin yarım addımlığında, uçurumun düz kənarında dayanıbmış, lakin xoşbəxtlikdən, erməni siyasi rəhbərliyinin və erməni ictimai şüurunun səviyyəsizliyi və qanmazlığı dünyadan bixəbər xalqımızın dadına çatıb və tale bizə Qarabağı çox görməyib.

Bəlli olub ki, Rusiya kəşfiyyatının, Xarici İşlər İdarəsinin və Nazirlər Kabinetinin rəhbəri olmuş akademik Yevgeniy Maksimoviç Primakov 1990-ların ortalarında erməni hakimiyyətinə təklif edibmiş ki, onlar 5 rayonu Azərbaycana dinc yolla qaytarsınlar, əvəzində o, yəni Rusiyanın Baş naziri Primakov, ABŞ-ın və Avropanın dövlət başçıları ilə razılığa gəlibmiş ki, bundan dərhal sonra demokratik Qərb və Rusiya, tərkibində Laçın və Kəlbəcər olmaqla, Dağlıq Qarabağın müstəqilliyini tanımağa və onu BMT-yə qəbul etməyə boyun olur.

Bu, həmin Primakovdur ki, 20 Yanvar cəza əməliyyatina rəhbərlik etmişdi və Milli Məclis bu cinayətin baiskarlarının siyahısını tutanda Ulu öndər öz dəyərli həmkarının adını bu siyahıdan sildirmişdi.

Primakovun bu təklifi, əgər baş tutardısa, dünyanın, ilk növbədə demokratik Qərbin və Rusiyanın ikili standartlara söykənən siyasəti üçün əsla nadir istisna olmayacaqdı. Yadınıza NATO-nun Yuqoslaviyaya təcavüzünü və kriminal ünsürlərin rəhbərlik etdiyi alban separatçılarının xeyrinə Kosovo əyalətinin bu dövlətdən qoparılmasını, başda ABŞ olmaqla dünyanın 68 demokratik dövlətinin bu qanunsuz qurumun müstəqilliyini tanımasını salın.

Yəni özümüz də bilmədən Azərbaycanı Serbiyanın taleyi, Qarabağı isə Kosovonun “uğuru” gözləyirdi.

Xoşbəxtlikdən, Ermənistan Rusiyanın Baş naziri Primakovun bu təklifini rədd etmişdi. Cavab vermişdi ki, təklif yaxşı təklifdir, fəqət onu erməni xalqı heç vaxt qəbul etməz, zira işğal edilmiş 5 rayonu da dədəsinin halal malı sayır. Kim bu 5 rayonu Azərbaycana qaytarmağa razı olsa, “erməni küçəsi onu süpürüb tarixin zibilliyinə atar”.

Allaha min şükür olsun ki, erməni siyasətçiləri arasında bircə nəfər başı işləyən adam tapılmadı, hami özünün mübarək vücudunu “tarixin zibilliyinə atılmaqdan” qorudu. Əks halda Azərbaycan dünyanın bu zalım qərarı qarşısında tam aciz qalacaqdı, necə ki, serb xalqı qalıb, necə ki, Fələstin xalqı qalıb, necə ki, gürcü xalqı qalıb.

Xalqımızın xoşbəxtlik payı bununla qurtarmadı.

Müstəqil dövlətimizin əcaib-qəraib həyatını müşahidə etdikcə, mən Allahdan bircə şeyi diləyirdim: Azərbaycan Rusiyanın fitvasına uyub yeni Qarabağ müharibəsini başlamasın. Bilirdim ki, yeni müharibə ehtimalı güclənir. Onu da bilirdim ki, ordumuzun ən yuxarı səflərini Rusiya öz adamları ilə doldurub və birinci müharibədə olduğu kimi, əsgər və zabitlərimizi xeyli qırdırandan sonra sonda tərəflərə Rusiyaya xeyirli bir nəticə sırıyacaq.

Sentyabrın 27-də müharibə başlayandan bəri içərimi yeyirdim, çox nigaran idim. Lakin üç gün sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan deyəndə ki, Azərbaycanın ali hərbi rəhbərliyi əməliyyatların idarəsindən kənarlaşdırılıb, ürəyim sakitləşdi. Anladım ki, 30 il ordumuzu leş sayıb yırtan-dağıdan bisavad sərkərdələrimiz oyundan kənar vəziyyətə salınıb. Anladım ki, xobəxtlikdən ordumuzun qəhrəman əsgər və zabitlərini Rusiyanın dəfələrlə sınaqdan çıxmış kadrları deyil, qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələrinin Quru Qoşunlarının ali zabitləri idarə edir . Məhz onların müstəsna bilik və bacarıqları üstəgəl əsgər və zabitlərimzin şücaəti imkan verdi ki, xalqımızın üzərindən məğlub və qorxaq ləkələri silinsin. Əvəzində indi xarici hərbi ali təhsil ocaqlarında yeni yetişən zabitlərə ordumuzun rəşadətli döyüş qabiliyyətindən dərs keçməyə başlayıblar.

Rusiya yenə də öz oyununu oynadı və Azərbaycanı məcbur etdi ki, sülhməramlı adı altında bir rus briqadasının dübarə Qarabağa girməsinə razı olsun. Kimsə bunu xalis bədbəxtlik sayır. Bəli, bu, bədbəxtlik olardı, lakin... xoşbəxtlikdən, qardaş Türkiyə artıq öz silahlı dəstələri ilə Azərbaycandadır. Məhz bu qoşun, təbii ki, Azərbaycan ordusuna söykənərək, gözlənilən təhlükələri zərərsizlədirməyə zəmanət verir.

Zənn etməyin ki, xoşbəxtlik daima Azərbaycanın üzünə gülür. Vaxtilə bu xoşbəxtlik erməni xalqının da üzünə gülmüşdü. 1990-ların əvvəlində Ermənistan ondan qat-qat güclü Azərbaycanın üstünə ayaq açanda xoşbəxtlikdən Azərbaycan dövlətini dağıdan hədsiz amansız və ağılsız siyasi qüvvələr at oynadıb hakimiyyət davası apardılar və dövləti iflic edib onu müdafiə qabiliyyətindən məhrum etdilər. Nəticədə Azərbaycan Ermənistana məğlub oldu və Qarabağı itirdi.

Ermənilər heç ağıllarına gəlməyən bu qələbədən o qədər məst oldular ki, xoşbəxtliyin əbədi olaraq onların inhisarına keçdiyinə inandılar.

Xoşbəxtliyin nədən ibarət olması barədə dərindən düşünəndə anlayırsan ki, xoşbəxtlik heç də hərbi qələbədə deyil. 1945-ci ilin may ayının 8-də Potsdamda təslim aktına imza atan Almaniya indi dünyanın ən zəngin və azad ölkəsidir, müzəffər Rusiya isə dağılıb, xalqı it kökündə yaşayır, işi-peşəsi ətrafdakı xalqlara qarşı nəhayətsiz təxribatlar təşkil etməkdir.

Rusiyanın beş iri şəhərini çıxsaq, bu ölkənin nəhəng ərazisində yaşayan əksər əhalinin işi, suyu, qazı, kanalizasiyası, yolu yoxdur. Xalqın yarıdan çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır.

Rus xalqının əksəriyyətinin bu miskin həyatına rəğmən Putinin əmri ilə təyyarələr və yük maşınları elə-hey Qarabağ erməniləri üçün havayı yük - ərzaq, inşaat materialları, avadanlıq -daşıyırlar.

Xoşbəxtlikdən rus xalqının bu işləklərdən heç xəbəri yoxdur. Bixəbərdir və öz cəhalətində şad-xürrəm yaşayır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/29nkeh

Ən çox baxılan