Xortdanın cəhənnəm məktubu

İllah ki, bir dəfə ölüb xortlamış, lakin ikinci dəfə ölmüş imperiya barədə yazıya hansı adı qoymaq münasibdir?

Foto: Meydan TV


Aşığın sözü qurtaranda “dalay-dalay” oxuyar

Rus siyasilərinin sözü qurtaranda “SSRİ” nağılını danışırlar. Bu dəfə də Vladimir Putin vəba böhranı şəraitində 20 il onun şəksiz rəhbərliyi altında aramsız tənəzzülə uğrayan Rusiya dövlətinin gözgörəsi iflasından avam rus xalqının diqqətini yayındırmaq məqsədilə hələ keçən ilin oktyabrında çəkilmiş, lakin “münasib vaxta qədər” sandıqda gizlədilmiş müsahibəsini yayımlamaq göstərişi vermişdir.

Nəinki öz rus xalqının, həm də qalan sovet xalqlarının siyasi səviyyəsini yaxşı bilən Putinin zənni düzgün çıxmışdır. Həm rus, həm də digər postsovet məkanının kütləvi informasiya vasitələri hamının artıq zəhləsini tokmüş koronavirus mövzusunu kənara qoyaraq “SSRİ-nin bərpası” saqqızını çeynəyib-sümürməyə başladı.

Hansısa azəri jurnalistlərinin yadına düşdü ki, sovet dövrünü az-cox yaxşı bilən bir həmkarımız var, gəlsənə onun da rəyini soruşaq. Soruşdular, mən də düşündüyümü dedim. Onlar da öz peşə bacarıqlarına uyğun şəkildə dediklərimi öz yazılarına köçürdülər.

Dediklərim kiminsə xoşuna gəldi, kimisə qəzəbləndirdi, lakin mən artıq elə yaşdayam ki, kiminsə xoşuna gəlmək mənim heç yadıma düşmür. Necə deyərlər, “mən yüz dollarlıq əskinas deyiləm ki, hamının xoşuna gələm”. Məni tamam başqa qayğılar məşğul edir.

Lakin məcburi-könüllü ev dustaqlığı insana xeyli asudə vaxt bəxş etdiyindən fikirləşdim ki, “SSRİ” mövzusunu bilmərrə qapatmaq pis olmazdı.

Bəs yazının adını nə qoyum? Yazının başlığı ilə məzmunu axı səsləşməlidir!

Madam ki, “SSRİ” mövzusunda yazıram, ölülərlə bağlı başlıqdan yaxşı nə ola bilər? İllah ki, bir dəfə ölüb xortlamış, lakin ikinci dəfə ölmüş imperiya barədə yazıya hansı adı qoymaq münasibdir?

Tapdım! “Xortdanın cəhənnəm məktubu”!

Elə xortdanın, yəni SSRİ-nin adından yazsam, janr tələblərinə daha düzgün cavab verər.

Kimə yazıram? SSRİ-nin bərpasından qorxan cahillərə də, onun bərpasını arzulayan avamlara da eyni dərəcədə üz tuturam. Hərə bu məktubdan öz payını götürsün.

“Ey mənim müasirim sayılan, fəqət zəmanədən bixəbər həmvətənlərim! Siz mənim bu şanlı məktubumu oxuyan zaman bilin ki, mən cəhənnəmdəyəm. Lakin nə sevinin, nə də kədərlənin, zira cəhənnəm, lap SSRİ kimi, sizə ərz edilən qədər pis yer deyil. Bəli, qır qazanları var, şallaq-qamçı öz yerində, tonqalda qızardılanlar da coxdur, lakin bütün bunların imperiyalara dəxli yoxdur. Zira biz insan deyilik, biz insan şüur və əməllərinin qeyri cismani məhsuluyuq. Odur ki, Allah-taala öz tükənməz ədalətinə söykənərək bəşər tarixi boyu olmuş və ölmüş bütün imperiyalar üçün ayrıca bir məkan ayırıb, bu məkanda xüsusi rejim tətbiq etmişdir. Ona şöbə statusu verilib və Əzrayılın sayılıb-seçilən köməkçilərindən biri buraya şöbə müdiri təyin edilib.

Soruşa bilərsiniz ki, bu nə təhər rejimdir? Mən cəhənnəm sirrinin yayılmaması barədə iltizama imza atdığımdan onun barəsində yalnız onu deyə bilərəm ki, bizim indi olduğumuz yer nə Las-Veqasdır, nə də Kalaxarı səhrası. Vəssalam, bundan artıq heç nə deməyəcəyəm. Arifə işarə də bəsdir.

Burada bəşər övladının öz bədnam tarixi boyu yaratdığı bütün imperiyalar bir yerə cəm olub vaxtlarını təcrübə mübadiləsində keçirirlər. Şumer-Akkad, İran, Yunan, Misir, Roma, Çin, Ərəb, Tatar-Monqol, İspan, Portəgiz, İngilis, Holland, Belçika, Alman, Rus, Osmanlı, Avstriya -hamımız buradayıq. Hamımız olmuşuq, lakin ölüb gəlib bura düşmüşük.

Nədənsə erməni imperiyası yoxdur, ya omayıb, ya da tanışlıqla başqa yerə girə bilib. Hamı bilir ki, bu azsaylı xalq yaxşı girə bilir, hara desən, girə bilər.

Diqqətinizə arz edim ki, Azərbaycan imperiyası da burada deyil. Səbəbini özünüz düşünün.

Elə bilməyin ki, biz burada tam karantin şəraitindəyik, dünyadan bixəbərik. Xeyr, fani dünya ilə gündəlik sıx və aramsız əlaqəmiz var. Əvvəllər hər gün qucaq-qucaq jurnal-qəzet gələrdi, indi vəziyyət dəyişib, cəhənnəmin bizə aid şöbə müdiri hər imperiyaya bir dənə laptop verib, öz keçmiş məkanımızda baş verən hadisələri onlayn izləyirik.

Mənə xoşdur ki, yaddan çıxmıram, vaxtaşırı mənim xortlayacağım barədə xəbərlər dolaşır. Bir tərəfdən xoşdur, o biri tərəfdən kədərlənirəm, zira məni buraya, cəhənnəmə vasil etmiş adamlar və səbəblər sap-sağlamdırlar və mıx kimi yerlərindədirlər. Onlar heç vaxt razı olmazlar ki, mən xortlayıb üçüncü dəfə həyata qayıdım.

Diqqətinizə ərz edim ki, ilk dəfə mən çar imperiyası kimi doğulmuşdum. Çox güclü və cəsur idim. Ətrafımda kimlər vardısa, hamısıni vurub-yıxıb işğal etmişdim. Ah, necə də gözəl vaxtlar idi! Haradasan, cavanlıq? Həm də bəxtim onda gətirmişdi ki, ətrafımdakı bütün dövlətlərin başında cahil və axmaq, geridə qalmış bivec şahlar, sultanlar, əmirlər və xanlar əyləşmişdi. Onların elmdən, sənayedən, top və topxanadan heç xəbərləri yox idi. Qafqaz boyda ərazini tutmaq üçün Rusiyaya cəmi bir polk kifayət etdi. Yerli igidlər əllərində sıyirmə qılınc ora-bura çapıb nizami qoşunun qabağından elə ora-bura qaçırdılar.

Bəli, biz Qafqazı tutandan sonra yerli əhalinin içərisindən bizə sadiq olanları asanlıqla tapıb yerli avam camaatın başına qoyduq, özümüz isə girişdik yerli sərvətlərin mənimsənilməsinə.

İmperiya yaxşı qazanırdı, yerli nökərlərini də unutmurdu. Onlar imperiyaya sədaqətlə qulluq edib özlərini də unutmurdular. Hər şey əla gedirdi, lakin heyhat!

İmperiya başdan çürüməyə başladı. Əsas səbəb o idi ki, əks-əlaqə yox idi!

Zəmanə dəyişirdi, cəmiyyət dəyişirdi, gerçəklik tələb edirdi ki, imperiyanın idarə edilməsində hansısa islahat aparılsın, dövlət şəraitə uyğunlaşsın. Bu barədə Əlahəzrət Çara yazılı və şifahi xəbərlər və ərzi-hallar sel kimi gəlirdi. Lakin Çar bütün bunları qəbul etmirdi, nəticədə onu da, sülaləsini də məhv etdilər. Mən birinci dəfə cəhənnəmə belə vasil oldum.

Elə bilirdim bu, həmişəlikdir.

Xoşbəxtlikdən, mən xortladım!

Mən xortlayanda digər cəhənnəmə əbədi vasil olmuş imperiyalar şoka düşmüşdülər, özlərinə inana bilmirdilər! Bu, necə ola bilər! Axı, niyə?

Cəhənnəmin şöbə müdiri onları başa saldı ki, bu imperiya tan yeni, bəşər tarixində misli-bərabəri olmayan innovativ əsaslarda bərpa olunub və xortlayıb. Dedi ki, bu imperiyanın başında duranlar Yer üzündə cənnət, kommunizm qurmaq vədi ilə bütün acları və üryanları səfərbər edib ayağa qaldırıblar və tam ədalətli, halal əməyə əsaslanan bir cəmiyyət qurmağı vəd ediblər ki, orada cəmi millətlər və insanlar azad və xoşbəxt yaşayacaqlar!

Ah, necə də xoşbəxt günlər idi! Xalqlar sürü ilə gəlib bu imperiyanın tövləsinə girmək üçün növbəyə dururdular.

Təzəlikcə işlər əla gedirdi, mən, Sovet İmperiyası, bütün hələ ayaq üstə duran imperiyaları aşıraraq gündən-günə qüdrətimi artırırdım. Mən qısa bir zamanda bütün savadsızlara savad öyrətdim, güclü sənaye qura bildim, başda faşist Almaniyası olmaqla, Birləşmiş Faşist Avropasını müharibədə məğlub etdim, dağılmış ərazilərimi bərpa etdim, bəşər tarixində fəzaya ilk süni peyki və insanı uçurtdum, elmi və təhsili, səhiyyəni və mədəniyyəti ağlasığmaz yüksək səviyyəyə qaldırdım.

Bəli, hər şey əla gedirdi. Lakin, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır…

İmperiyanın başında duranlar, lap elə Çar kimi, əks-əlaqə işarələrinə məhəl qoymadılar, cəmiyyətin tələb etdiyi labüd islahata getmədilər. Uydular var-dövlətin gözqamaşdırıcı parıltısına, tüpürdülər Ən Yeni İmperiyanın təməl meyarlarına…

Nəticə? Mən indi buradayam. Düzünü deyirəm, nə vaxtsa xortlayacağım barədə söhbətlər məni güldürür. Zira məni gömmüş insanların hamısı hakimiyyətdədir. Onların hansı birisi razı olar ki, möhkəm mindiyi xalqın belindən düşüb əlini xalqın cibindən çıxarsın və imkan versin ki, bu cibə cənab Vladimir Putinin və onun oğru ətrafının əlləri girsin?

Məncə, heç birişi. Qərb də razı olmaz. Qərb isə indi dünyanın, o cümlədən Rusiyanın, ağasıdır.

Sabiq sovet xalqları? Kimdir onların ağzı ilə oturub duran? Heç kim…

Cəhənnəmin bizə aid olan hissəsində virtual müharibələr dəbdədir. Lovğalıq olmasın, Sovet imperiyası sizin üzünüzü ağ edir. Mənə virtual müharibə oyunlarında çatan yoxdur. Hamını quru-quru uduram. İngilis imperiyası mənim hərifimdir, alman imperiyasının anasını ağladıram.

Vaxtımız cox maraqlı keçir. Mənim üçün xiffət çəkənlərə üzümü tutub deyirım ki, məni istəyirdinizsə, bəs satqın rəhbərlər və dılqır “milli-azadlıq hərəkatlarının “ cahil liderləri məni gora soxanda niyə qaçıb siçan deşiyinə girmişdiniz?

Xub, keçənə güzəşt deyərlər. Buradakı bütün imperiyalar sabiq təbəələrinin qorxaqlığından və kütbeyinliyindən şikayət edirlər, mən də onlardan geri qalmıram.

Salamat qalın.


P.S:

Əminəm ki, fani dünyadan baqi dünyaya köçəndən sonra indiki həyat tərzinizi nəzərə alaraq mütləq əksəriyyətiniz gəlib buraya düşəcək. Səd heyf ki, o zaman mən, fani dünyada olduğu kimi, sizə həyan ola bilməyəcəyəm, zira biz tamam başqa-başqa şöbələrdə olacağıq“.

Ana səhifəXəbərlərXortdanın cəhənnəm məktubu