Xələf Xələfov

Mənbə: meydan tv

Başlıq: Xələf Xələfov

Xəələf Xələfov: Güman edirəm ki, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur

''Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar''

“Təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar”.

Bu sözləri “Azərtac”a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

Onun sözlərinə görə, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur:

“Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar”.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub:

“Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır”.

Komissiyalar çərçivəsində hansı tədbirlərin həyata keçirilməsi məsələsinə gəlincə, X.Xələfov təəssüflənib ki, Gürcüstan və Azərbaycan komissiyalarının işində uzun fasilələr olub:

“Bu fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi komissiyaların iclaslarının davamlı və ardıcıl olması üçün səylər göstərib. Bu il mayın 23-24-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti 12-ci iclasda komissiyaların işçi qrupları səviyyəsində dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və tərəfimizdən bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi təklif edilib. Həmin görüşün nəticələrinə görə, komissiyaların növbəti iclasının Gürcüstanda keçirilməsi nəzərdə tutulur”.

İyulun 14-də Gürcüstan-Azərbaycan sərhədinin David Qareca-Keşikçidağı Məbəd-Kompleksində insident yaşanıb. Milliyyətcə gürcü olan şəxslər Azərbaycan sərhədçiləri ilə qarşıdurmaya gediblər və silahlarını alıblar.

Azərbaycan-Gürcüstan sərhədində yerləşən David Qareca- Keşikçidağı məbəd kompleksi mübahisəli ərazi sayılır və hər iki ölkə müstəqillik qazanandan sonra Azərbaycan və Gürcüstan arasında bir-neçə dəfə qalmaqala səbəb olub. Son qalmaqal 2019-cu ilin mayında Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycan-Gürcüstan sərhədindəki mübahisəli əraziyə getməsindən sonra yaşanmışdı. Bundan sonra Azərbaycanın sərhəd qoşunları məbədin Azərbaycana düşdüyü iddia edilən ərazini gürcülərin girişi üçün bağlamışdı. Gürcülərin David Qareca, azərbaycanlıların Keşikçidağ adlandırdığı məbəd kompleksi gürcülər üçün müqəddəs sayılır. Məbədin bir hissəsinə girişin Pasxa bayramı ərəfəsində bağlanılması Gürcüstan tərəfinin etirazına səbəb olmuşdu.

May ayında gərginlik ikitərəfli komissiyanın işinin başlaması ilə sakitləşmişdi.

Prezident İlham Əliyev 2007-ci ilin 19 dekabrında Azərbaycanın Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruğu elan edilməsi barədə sərəncam imzalayıb. Qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəklik “İlham Əliyev zirvəsi” adlandırılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2vpwhe

Ən çox baxılan