Xədicə İsmayıl: Prezident illüziya yaratmaq istəyir

Niyə məmurlar haqda məlumatlar qeyri-şəffaf olmalıdır ki, kimsə bundan kompromat davasında istifadə etsin?

Source: Specify Source


İlham İsmayıl: “Dövlət başçısının çıxışında fərqlilik gördüm”

Prezident

İlham Əliyev

oktyabrın 16-da keçirdiyi müşavirədə hakimiyyət daxilində bəzi məmurların islahatlara mane olduğunu deyib.

Prezident bildirib ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Dövlət başçısı mətbuatın daxili mübarizə növünə çevrildiyini deyib. Onun sözlərinə görə, islahatlar onların şəxsi maraqlarına toxunur:

“Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə apardıqları islahatların üzərinə kölgə salınır. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur”, – İlham Əliyev deyib.


“Yaxın vaxtlarda müşavirənin nəticəsini görəcəyik”

Deputat Elman Məmmədov Meydan TV-yə prezidentin hansı məmurları nəzərdə tutduğunu deyə bilməyəcəyini söyləyib:

“Çünki prezidentin özü də ad çəkmədi. Ancaq məlum oldu ki, belə qüvvələr hakimiyyət daxilində var. İndi onlar nəticə çıxarıb özlərini yığışdırmalı və prezidentin siyasətinə uyğun fəaliyyət göstərməlidirlər. Əgər belə olmasa, onlar haqqında ciddi tədbir görüləcək. O zaman biz həmin məmurların kim olduğunu biləcəyik. Yəqin ki, yaxın vaxtlarda müşavirənin nəticəsini görəcəyik”, – deputat deyib.

Untitled design (1).png
Deputat Elman Məmmədov

Bununla yanaşı Elman Məmmədov hesab edir ki, kadr islahatları da lazımdır:

“Mən demək istəmirəm ki, yaşına görə təcrübəli kadrları kənarlaşdırmaq lazımdır. Təcrübəli məmurlara həmişə ehtiyac var. Bununla bərabər yenilikçilərə, gənclərə yer verilir. Amma hər gənc də dəyərli kadr ola bilmir”.


“Təktərəfli televiziya, mətbuat anlayışı ilə islahatlara dəstək qazanmaq mümkün deyil”

Onun həmkarı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, prezidentdə bu məsələləri hansı qüvvələrin koordinasiya etməsi barədə ciddi informasiya var:

“Təbii ki, yeni təyin olunan kadrların hamısının özünü doğrultduğunu söyləmək haqsızlıq olar. Ona görə də prezidentin etimad göstərdiyi, amma bunu doğrultmayan kadrlar bu barədə düşünməlidirlər”.

Fazil Mustafa bildirib ki, prezidentin çıxışında əsas ideya islahatların alternativinin olmaması idi. Deputatın sözlərinə görə, bir qrup insan var ki, məhkəmə və hüquq sahəsində islahatları əngəlləyir.

“Amma bunlar cəmiyyətə islahatları həyata keçirən insanlar kimi təqdim olunanda, problemlər yerində olduğu kimi qalacaq. Ona görə də prezidentin mesajı hərtərəfli anlaşılmalıdır. Çıxışda məmurların kompromat savaşından, kimisə qaralama kampaniyasından daha çox diqqətlərini islahatlara konsentrasiya etməsi tələb olunurdu. Prezidentin bu qədər açıq şəkildə problemlər və islahatlar barədə danışması faydalıdır”, – Fazil Mustafa deyib.

fazil mustafa 2504.jpg
Deputat Fazil Mustafa

Deputat islahatların ilk növbədə Milli Məclis sferasında həyata keçirilməsini vacib sayır:

“Ardınca isə mediada islahatlara getmək, inhisarçılığı aradan qaldıran addımlar lazımdır. Bu gün təktərəfli televiziya, mətbuat anlayışı ilə islahatlara dəstək qazanmaq mümkün deyil. Daha çox tənqidi fikir mühitini yaratmaq lazımdır. Bu olarsa, prezident cəmiyyətdən daha çox informasiya ala bilər”.

“Prezidentin çıxışından belə məlum olmur ki, hakim komanda monolit, vahid deyil” sualına Fazil Mustafa belə cavab verib:

“Təbii ki, harda insan varsa, monolitlik ola bilməz. Bütövlükdə əsas məsələ hədəfin doğru anlaşılmasıdır. Biz gerçək islahat etmək istəyiriksə, onun həyata keçirilməsinin yolları bir qədər fərqlidir. Prezident əslində onu çatdırdı ki, onun gerçək islahatların keçirilməsi missiyası var və məmurlar da bu funksiyasını yerinə yetirməlidirlər”.


“Prezident zəhmət çəkib, mane olanların adlarını açıqlasın”

Araşdırmaçı jurnalist Xədicə İsmayıl mətbuatın daxili mübarizə növünə çevrilməsinin səbəbləri barədə sualımıza sualla cavab verdi:

“Niyə məmurlar haqda məlumatlar qeyri-şəffaf olmalıdır ki, kimsə bundan kompromat davasında istifadə etsin? Prezident zəhmət çəkib əmlak deklarasiyasını versin, məmurlardan da bunu tələb etsin və mətbuat da öz işini açıq informasiya ilə görsün. Prezident illüziya yaratmaq istəyir ki, guya komandasında onun siyasətinə yad olan ünsürlər var və guya prezident yaxşı, ətrafı pisdir. Bu, yalandır. Prezident bu təbliğatı ona görə edir ki, guya o, islahatlar aparmaq istəyir, amma ətrafındakılar qoymur. Halbuki, həmin nazirləri prezident özü təyin edir. Ona görə də zəhmət çəkib, mane olanların adlarını açıqlasın, işdən çıxartsın”.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Jurnalist hesab edir ki, prezidentin danışdığı mifik islahatlara birinci müqaviməti özü göstərir:

“Ölkədə şəffaflıq və vətəndaş nəzarəti olmadıqca, qaranlıq işlər də olacaq və bundan bir-birinin əleyhinə istifadə etmək istəyənlər də. Əslində isə ölkədə prezident başda olmaqla bütün sistemin halqaları çirkaba bulaşıblar, korrussiyanın içindədirlər. Buna son qoyacaq mətbuat və vətəndaş deyil, prezidentin özüdür”, – Xədicə İsmayıl deyib.


“Nəhayət, dövlət hiss edir ki, belə idarəetmə hansısa formada inqilabla nəticələnər”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, İlham Əliyev konkret ad çəkməsə də, istiqamətləri nişan verib:

“Prezident daha çox islahatlardan danışdı və bunlara mane olan qüvvələrin olduğunu gizlətmədi. İslahatlar dedikdə xüsusən maliyyə sistemini xatırlatdı. Bundan başqa əhalini daha çox hüquq-mühafizə orqanları və mətbuat narazı salır. Fikir verin, prezident mətbuatın daxili mübarizə növünə çevrildiyini qeyd etdi. İndi sual yaranır, mətbuat kim tərəfindən idarə olunur, ictimai-siyasi vəziyyətlə bağlı hansı məmur açıqlamalar, müsahibələr verir? Deməli, həmin şəxs günahkardır və islahatlar tərəfdarı olan şəxslərə əngəl yaradanlardandır. O cümlədən, hüquq-mühafizə orqanlarının işini tənzimləyənlər. Konkret ad çəkməsəm də, hər kəs onları tanıyır. Prezidentin mətbuatı xüsusi qabartması diqqətdən yayınmır. Mətbuatın hansı vəziyyətə salınmasını hamı bilir. Bütün bunlar mətbuatı yanlış istiqamətə yönləndirmənin nəticəsidir”.

Ekspert xatırladıb ki, prezident əvvəllər də islahatlardan danışırdı, amma həmin deyilənlərin imitasiyası olub:

İlham İsmayıl
İlham İsmayıl

“Mən bu dəfə dövlət başçısının çıxışında fərqlilik gördüm. Əvvəllər bu cür kəskinliklə danışmırdı. Nəhayət, sonda islahata mane olan qüvvələr barədə danışdı. O qüvvələr ki, onların mövcudluğu barədə deyirik. Nəhayət, indi bu dövlət hiss edir ki, belə idarəetmə hansısa formada inqilabla nəticələnər. Onun da qarşısını almaq çətin olar. Mən Rusiya mətbuatında oxumuşam ki, Azərbaycanda indiki idarəetmə və siyasi-iqtisadi münasibətlər davam edərsə, ya islam inqilabına, ya Ukrayna Maydanına bənzər hadisələrlə yekunlaşar. Bu isə Rusiyanın Cənubi Qafqaz siyasətinin tamamilə çökməsi deməkdir. Hər tərəfdən ölkə rəhbərliyinə həm təzyiqlərin, həm də məsləhətlərin olduğu görünür. Əgər bundan sonra da imitasiya olacaqsa, yaxşı heç nə gözlənilmir. Amma dövlət başçısının 3 dəfə dözülməz ifadəsini işlətməsi onu göstərir ki, vəziyyət dözülməz həddə çatıb. Prezident də onlara dayan demək istəyir. Hesab edirəm ki, əyalət təfəkkürlü məmurlar Azərbaycanı məhv edib və normal islahatlara imkan verməyib. Ona görə ölkədə kifayət qədər gərginlik var”.

001.JPG
müşavirə
Ana səhifəSiyasətXədicə İsmayıl: Prezident illüziya yaratmaq istəyir