Xankəndinə bayraq sancmazdan əvvəl

Əlbəttə, zorakı üsulla bütün etirazları boğmaq, hüquq və azadlıqların üzərindən xətt də çəkmək olar.

Source: Meydan TV


Birgəyaşayış uzun illərin möhkəm sülh quruculuğu əsasında mümkün ola biləcək vəziyyətdir

Azərbaycan ordusunun Xankəndi ətrafında mütləq hərbi üstünlük qazandığı, şəhərin və bütövlükdə Dağlıq Qarabağ ərazisinin tezliklə işğaldan azad edilə biləcəyi bir anda hərbi əməliyyatlar tamamilə dayandırıldı, bölgəyə rus sülhməramlıları yerləşdirildi və hər nə qədər inkar edilsə də, faktiki erməni idarəçiliyi, status saxlanıldı. Status anlayışı müxtəlif formalarda manipulyasiya edilsə də, bölgənin qeyri-müəyyən müddətə əvvəlki həyatını yaşayacağı açıqdır. Bunun siyasi arxa fonu barədə aydın şərhlər az olsa da, konturlar dəqiqdir: Bölgədə Rusiyanın varlığının inkarı intihara bərabərdir. Məhz buna görə, Azərbaycan həmin ekzistensial həqiqəti qəbul etdi və hazırki vəziyyət ortaya çıxdı. Amma Xankəndinə bayraq sancmaq təkcə hərbi-siyasi yox, həm də "humanitar bəkqraund"dan ibarətdir. Zənnimcə, həmin bölgəyə bayraq sancmazdan əvvəl bilməli olduğumuz bəzi məqamlar var.

Xankəndinin, ümumilikdə köhnə DQMV-nin işğaldan azad edilməsi Azərbaycanın faktiki yüz minə yaxın erməni əsilli vətəndaşa sahib olması deməkdir. Kimsə cavab olaraq bu gün 30.000 erməninin Azərbaycanda yaşadığını əsas kimi gətirmək istəyə bilər, amma bunun doğru əks-arqument olmadığı açıqdır. O insanların əksəriyyəti özünü erməni kimi identifikasiya etmir, aramızda hansısa nifrət və ya münaqişə yoxdur. Amma keçmiş DQMV erməniləri üçün eynisini demək olmaz. Şübhəsiz ki, onlar qonşuları olacaq azərbaycanlılarla qarşılıqlı nifrəti, kini, düşmənçilik hisslərini paylaşacaqlar. Bunu isə gələcək üçün qoyulmuş mina adlandırmaq olar. Məhz bu çərçivədən məsələyə yanaşanda aydın olur ki, Azərbaycan hərbi cəhətdən həmin ərazilərin tam qaytarılmasına hazır olsa da, digər bütün sahələrdə hazırlıqsız “yaxalanıb”.

Birgəyaşayış uzun illərin möhkəm sülh quruculuğu əsasında mümkün ola biləcək vəziyyətdir. İndiki halda, təəssüf ki, Azərbaycan cəmiyyəti və dövləti buna reallaşdıracaq iradəyə sahib deyil. Bunu müxtəlif sahələrə aid misallarda aydın görmək elə də çətin olmamalıdır. Azərbaycan məhkəməsi hətta milli zəmində olmayan bir problemi belə dərin münaqişəyə çevirəcək qədər etibarsızdır. Fərz edək ki, hansısa azərbaycanlı və erməni taksi sürücüsü arasında sərnişinə görə başlayan kiçik söz atışması böyüyüb məhkəməlik oldu. Kim zəmanət verə bilər ki, Azərbaycan məhkəməsi hər iki tərəfi də razı salan ədalətli qərar verib, məsələnin siyasiləşməsinə imkan verməyəcək? Hər iki tərəfdə də qanların hələ soyumadığı bir anda taksi dayanacağında başlayan kiçik dava yeni çaxnaşmalar yarada bilər. Məsələn, taksi münaqişəsi…

Amma məsələ təkcə bununla yekunlaşmır. Hər iki xalqın bir-birinə zidd xeyli qələbə və faciə günləri var. Daha doğrusu, biri üçün qələbə tarixi digəri üçün faciə gününə təsadüf edir. Bəs, bu günlərin kütləvi qeyd olunması necə tənzimlənəcək? Xocalı faciəsi günündə yürüş təşkil edən azərbaycanlıların, qəzəbli kütlənin ermənilərə hücum etməyəcəyinə əmin ola bilərikmi? Və ya Sumqayıt hadisələrinin anım günü hansısa Azərbaycan məhəlləsindən keçən erməni kütlənin davranışına kim, necə nəzarət edəcək? Azərbaycan polisinin aksiyalara münasibətini təxmin ediriksə, o zaman bu problemin həlli yolları barədə də düşünmədən Xankəndinə bayraq sancmağa tələsməməliyik. Xankəndinin işğal və ya işğaldan azad edilmə günü şəhərin mərkəzində toqquşan iki qrupu da təsəvvür etmək çox dərin xəyal gücü tələb etmir.

“Qarabağ”ın xəyali “Artsax” komandası ilə oyununu düşünməklə davam edək. Müxtəlif ölkələrdə normal həyatda aralarında xüsusi fərqliliklər, nifrət olmadan stadionda düşmənə çevrilən azarkeş qruplarının təcrübəsinə baxmaq kifayətdir. Emosiyaları zirvəyə daşıyan fubol matçında nələr baş verə bilər? Kütləvi qarşıdurmalar, tökülən qanlar və faciə…

Bölgədəki erməni mediası necə fəaliyyət göstərəcək? İfadə azadlığı hansı səviyyədə təmin olunacaq? “Etnik nifrət yaratmaq” ittihamı siyasi həbslər üçün yeni alət olacaqmı? Erməni aktivistlərin fəaliyyəti, ermənilərə aid QHT-lərin layihələri – onlar necə olacaq? Suallar o qədər də çətin deyil, hətta onları ritorik adlandırmaq da mümkündür.

Bəs təhsil? Orta və ali məktəblərdə ermənilərə tədris ediləcək kitablar? Bəs tarix? Tarix anlayışımızın birgəyaşayışa hazır olmadığı, nifrəti qızışdırdığını iddia etmək üçün çoxlu nümunələr çəkməyə ehtiyac yoxdur. Ümid edirəm ki, “Səhl ibn Sunbat erməni olduğu üçün Babəki ərəblərə satdı” – kimi səfsətələri ermənilərə tədris etmək iddiasında deyilik. Üstəlik, tariximizin doğru araşdırılması üçün “albanlaşdırma” adlı bəladan xilas olmalıyıq. Erməni-alban müəmmasını açmaq üçün şəffaf tarixi araşdırmalar aparılmasına imkan yaradacağıqmı?

Bəs mədəniyyət sahəsi? Kilsələrə kütləvi şəkildə “alban kilsəsi” deyiləcəkmi? Ermənilərin mədəni muxtariyyəti necə təşkil ediləcək? Teatrlarda, kino bazarında nifrət yayacaq tamaşa və filmlərin çəkilməsinin qarşısı necə alınacaq? Bunun üçün təşkil ediləcək senzura daha aqressiv məhsulların ortaya çıxarılması ilə nəticələnəcəkmi?

Dehumanizasiya təbliğatı davam edəcəkmi? Hər iki tərəfin mədəni və ictimai platformalarında digərinin bədheybət portreti qurulacaqmı?

Bölgədə necə bir idarəetmə forması tətbiq ediləcək? Bələdiyyə sisteminə keçə biləcəyikmi? İcra hakimiyyəti formatı ilə davam ediləcəksə, şəhər meri əhali ilə necə ünsiyyət quracaq? Şəhər və kəndlərdə kimlərin heykəlləri olacaq? Bunlar çox sadə görünsə də, münaqişə tam bitmədən cavab verilməli suallardır. Bölgənin gələcəyi, münaqişənin birdəfəlik bitməsi, hər iki xalqın yenidən eyni faciələri yaşamaması üçün bizə möhkəm zəmin lazımdır, minalarla dolu ərazilər yox…

Əlbəttə, zorakı üsulla bütün etirazları boğmaq, hüquq və azadlıqların üzərindən xətt də çəkmək olar. Amma zorakılığın zorakılıq yaratması məntiqi ilə, bu, heç kimə fayda verməz. Nəsə daha fərqli, əslində, çox açıq bir yolla həll variantları axtarmaq lazımdır.

Və elə bu anda arxa fondan bircə əlahəzrət yol boylanır – demokratiya. “Qarabağ, yoxsa demokratiya” dilemması uzun müddət ictimai rəydə çaşqınlıq yaradıb. Hətta müharibə anında demokratiyanı Qarabağa qurban verməyə hazır olanlar da ortaya çıxdı. Amma onların unutduğu həqiqət ondan ibarətdir ki, Qarabağ münaqişəsinin tam həlli demokratiyasız mümkün deyil. Torpaqları işğaldan azad etmək təkcə hərbi zəfərdən ibarət deyil. Bir ərazinin torpaq, vətən olması üçün orada dinclik, sabitlik və ədalət ən vacib şərtlərdən biridir. Azərbaycan isə özünün erməni vətəndaşlarını bütün bunlarla təmin etməyə məsuldur. İndiki halda bunun mümkün olması barədə bədgüman danışmağa bəs qədər əsas var. Hazırda ilk missiya ölkədə demokratik keçidlə bütün hüquq və azadlıqların təmin edilməsidir. İctimai müzakirələr açıq və şəffaf olmalı, cəmiyyətin bütün problemləri sivil yollarla həll edilməlidir. Erməni-azərbaycanlı icması bir-birini eşitməli, qarşılıqlı əlaqələr qurulmalı, nifrət yaradan hekayələr keçmişin zibilliyinə atılmalıdır. İndiki halda insanlardan bunu tələb etmək asan deyil. Minlərlə qurban və onların yaxınları üçün müharibə hələ bitməyib və uzun müddət də bitməyəcək. Belə olan halda münaqişəyə kiçik fasilənin verilməsi, sülhməramlılar humanitar baxış bucağı ilə doğru yol kimi görünə bilər. Bir şərtlə ki, tərəflər qarşılıqlı şəkildə nifrəti azaltmağa, birgəyaşayışa təşviq etməyə meyilli olsunlar. Azərbaycan bunun üçün işğaldan azad edilən ərazilərdə ermənilərə yaşamaq üçün şərait qurmaqla gələcək üçün müəyyən nümunələr yarada bilər.

Ancaq hər iki icmanın uzlaşması halında Xankəndinə sancılacaq bayraq insanlara dinclik, sabitlik və ədalət gətirəcək. Qısası, bir qədər poetik səslənsə də, anklav hissəyə üçrəngli dövlət bayrağından əvvəl ədalət bayrağı sancılmalıdır. Ona qədər isə həmin bayrağı ölkənin digər ərazilərində dalğalandırmağa çalışmalıyıq. Başqa bütün yollar yeni müharibə, yeni faciə, dövri problemlər deməkdir.

Ana səhifəXəbərlərXankəndinə bayraq sancmazdan əvvəl