Mənbə: Meydan TV

Xalası: Yunis Elmar Vəliyevin Gəncə camaatına qarşı haqsızlıqlarına, qəddarlığına dözmədi

Mehriban Məmmədova məhkəmənin ədalətli aparılacağına inanmır

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərovun xalası Mehriban Məmmədova iddia edir ki, onun xaricdəki dini qruplaşmalarla əlaqəsi yoxdur. Onun sözlərinə görə, bacısı oğlu icra başçısının təhqirinə görə bu hadisəni törədib.

Gəncədə yaşayan və uzun illərdir bu şəhərdə müəllimlik edən M.Məmmədova deyir ki, Yunisi də elə özü böyüdüb: “Mən onu əlimdə böyütmüşəm. O, qarışqanı belə tapdalamaq istəməyən, kimsəyə ziyan vurmayan adam idi. Yunis Elmar Vəliyevin Gəncə camaatına qarşı haqsızlıqlarına, qəddarlığına dözmədi. Adamlara zülm eləyirdi. Bunlar bir yana, Şah Abbas məscidində, İmamzadə ziyarətgahında Aşura mərasimini keçirməyə də imkan vermirdi. Bununla da kifayətlənmədi. İmamzadə ziyarətgahının yanındakı İmam Hüseyn meydanında bütün gəncəliləri təhqir etdi. Dedi ki, “Gəncədə kişi yoxdur”. Elmar Vəliyevin bu təhqirini Gəncədə hamı bilir. Yunis bu təhqirlərə dözmədi”.

Xalasının dediyinə görə, Y.Səfərovun icra başçısından başqa kiməsə xəsarət yetirmək niyyəti olmayıb. Bu günə qədər yaxınlarının Yunislə görüşə, hətta telefonla da danışa bilmədiyini vurğulayan M.Məmmədova bildirir ki, bir neçə dəfə müraciət etsələr də, imkan verilməyib: “O, mənim balamdır. Ona qarşı olunanlar həm bir ana, həm də bir vətəndaş kimi mənə çox pis təsir edir. O hərəkəti eləyib, ona uyğun da cəzasını kəsin. Amma ona elə işgəncələr verdilər... Daim təzyiq altında saxlayırlar. Heç kimlə görüşməyə, telefonla danışmağa qoymurlar. Anası neçə vaxtdır onunla əlaqə saxlaya bilmir. Qardaşım (dayısı) da onunla görüşmək üçün müraciət edib. Amma görüş verməyiblər”.

Y.Səfərovun məhkəməsi yeni başlayıb. Amma xalası məhkəmənin gedişindən narazıdır. Deyir ki, prosesin gedişi bu işə düzgün baxılacağına şübhə yaradır: “Danışmağa imkan vermirlər. Vəsatətlər təmin olunmur”

M.Məmmədova E.Vəliyevin vurulmasının terror, dövlət çevrilişinə cəhd kimi təqdim olunmasına da etiraz edir. O bildirir ki, Y.Səfərovun xarici dini qruplarla əlaqəsi olması, terror törətmək məqsədilə təlimlər keçməsi haqda yayılan məlumatlar həqiqətəuyğun deyil: “Yalandır. O “Youtube”dakı video da quramadır”.

M.Məmmədova bu işin obyektiv araşdırılması, ədalətli hökm çıxarılması üçün prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya da müraciət edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wg72ap

Ən çox baxılan